Cığatel İsaqızı: “Bəlkə mənim dözdüyüm hadisələrə yüz kişi dözə bilməzdi ki, mən o mübarizəni aparırdım”

Cığatel İsaqızı: “Bəlkə mənim dözdüyüm hadisələrə yüz kişi dözə bilməzdi ki, mən o mübarizəni aparırdım”
Dərd ağrılarımın təsirindən bütün şeirlərim bədahətən yazılıb, heç kimdən də oxuyub bəhrələnməmişəm

- Özünüz haqqında məlumat verərdiniz?

- Mən Qasımova Cığatel İsa qızı 1965-ci il iyun ayının 15-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olmuşam. Ailədə 8 uşaq olmuşuq. Sonbeşikləri mənəm. 3 övladım, 4 nəvəm var. Ali təhsilliyəm. 1998-ci ildən şeir yazmağa başlamışam. Şeirlərimin sayını bilmirəm. 4 kitab müəllifiyəm, 5-ci kitabımı çapa hazırlayıram.

- Necə oldu ki, şeir yazmağa başladınız?

- Bunu dəfələrlə demişəm. Deməli, mənim şeir yazmağım çox qəribə olub. Uşaq vaxtı məktəbdə müəllim inşa yazdıranda bir də görürdüm ki, şeirlər yazmışam. Sonra bir müddət şeir yazmağa fasilə verdim. 1993-cü ildə Ağstafada evim qısaqapanmadan yandı. Çox əzab-əziyyət çəkdim, iztirablar keçirdim. Amma bunların müqabilində Allah-Tala var-dövlətimi alıb, mənə yenidən şeir yazmağı qismət etdi. Mənə dəhşətli dərəcədə təb gəldi. Bədahətən hər sözə şeir qoşub deyirdim. Şeirlərim o qədər çoxdur ki, sayını da bilmirəm.

- İlk şeriniz yadınızdadır?

- Dediyim kimi, ilk şerimi evim yananda yazdım:

Qaranlıq gecəyə sabah açılsa,

Xoş gündən kiməsə bir pay çıxınca.

Bulunmaz dərdlərə çarə tapılsa,

Məni də bir yada salasan, Allah!

- İnanırdınız ki, tezliklə populyar olub seviləcəksiniz?

- Vallah, heç düşünmürdüm ki, populyar olub məşhurlaşacağam. İstəyirdim ki, məni dinləsinlər. Qeyri-adi insanam, qeyri-adi də həyat tərzi yaşamışam. Bədahətən şeirləri çox deyirəm. Şeir yazanda var-dövlət barədə fikirləşmirdim. Bir vaxtlar gördüm ki, artıq məşhurlaşmışam, efirlər çağırır, qəzetlər, saytlar haqqımda yazır.

- Qısqanc xanımsınız?

- Bax, indi sizinlə danışanda da gözləri məndədir. Mən həyat yoldaşımı dəlicəsinə sevmişəm, çox qısqanc olmuşam.

- Həyat yoldaşınızla necə tanış oldunuz? O xatirələri bir daha yada salaq.

- Biz iki bacı iki qardaşa getmişik. Həyat yoldaşım bacımın qaynı olub. Düz 5 il idi onlarla quda idik. 5 ildən sonra da məni oğlanlarına alıblar. Mən qəribə xasiyyətli, qarayanız qız olmuşam. Amma şirin idim, istəyənim də çox idi. Axırda rəhmətlik anam mənə dedi ki, ay sənin günün qara olsun, birinə get də... Mən artıq bezmişəm sənin bu elçilərinin əlindən. Get ki, mən də rahat olum (Gülür). O, da gəldi bu bəxtəvərin başına düşdü. Həmişə də anama deyirdim ki, kimdən utansam, kimin zəhmi məni boğsa, ona da gedəcəyəm. Elə də oldu. Yoldaşım da Almaniyada, Özbəkistanda olurdu. Elə oldu ki, oradan gəldi. Qismət oldu, mən də ona "hə" dedim. Ona kimi yoldaşımgil bizə bir dəfə elçi gəlmişdilər, "yox" demişdim. Elə oldu ki, ailələr bizə tələ qurdular, bizi görüşdürdülər. Onu görən kimi zəhmi basdı məni, qıpqırmızı qızardım. Anam dedi ki, utanmısan, buna da verəcəyəm səni. Qız vaxtı bir-birimizi sevməmişdik, ailə qurandan sonra dəli kimi sevdim onu.

- İndi qısqanırsınız həyat yoldaşınızı?

- Bir-iki ildir qısqanmıram, nəvələr olandan sonra. Mən çox əzab-əziyyət çəkmişəm. Pis günlərimizdə etibarımı göstərmişəm, mənə inanır.

- İlk məhəbbətiniz olmayıb?

- Biz evdə 8 uşaq olmuşuq. 5 bacı, 3 qardaş. Atamın çox tünd xasiyyəti var idi. Heç birimizə üz verməzdi. Evimizi tikdirəndə pəncərəsini elə qoydurmuşdu ki, evin içi görünməsin. Bizi qapalı saxlayırdı. Özü də çox gözəl usta - sənətkar olub. Biz də 5 bacı sevmək-sevilmək, belə şeylər görmədik.

- Şeirlərinizə mahnı bəstələnərək ifa edilib?

- Bəli, çox bəstələnib, oxuyublar da. İlhamə Quliyeva, Elza Seyidcahan "Ağ çiçəyim" mahnısını oxuyublar. Gülüstan Əliyeva, Gülyaz, Gülyanaq bacıları, Eldar Ələkbərov, Aşıq Zülfiyyə də ifa ediblər. Telli də çox vaxtı mənim şeirlərimi televiziyada deyib. Sağ olsunlar! Minnətdaram. Telli ilə həm də qonşuyuq. Bizi "Aşıq Pəri" məclisi birləşdirib, münasibətimiz də normaldır. Ailə qayğılarım çox olduğundan tez-tez görüşə bilmirik. Amma olur ki, məclislərdə, efirlərdə görüşürük.

- Rəqibiniz kimdir və kimdən daha çox bəhrələnmisiniz?

- Sizə bildirim ki, mən çox böyük təzadla gəldim bu sənətə. 10 il mənim ixtiyarım olmayıb ki, evdən bayıra çıxım. Böyük dastandır mənim həyatım. Heç atamın evinə getməyə mənim ixtiyarım olmayıb. Əslində mən orta məktəbi Qızıl medalla bitirdim. Atam qoymadı məni oxumağa. Sonra da apardılar Qazax Kənd Təsərrüfatı Texnikumuna. Oranı da Qızıl medalla bitirdim. Oradan da Moskvaya göndərdilər ki, gedib Akademiyada oxuyum. Artıq atam qoymadı. Bütün nə arzularım vardı, ürəyimdə qaldı. Ailəyə bağlandım. Əsl kənd xanımı necə olur, mən də elə. Kənd həyatını yaşamışam. Bildiyim də yadımdan çıxdı. Sonra evim-eşiyim yandı. Dərd ağrılarımın təsirindən bütün şeirlərim bədahətən yazılıb. Heç kimdən də oxuyub bəhrələnməmişəm. Mən çox sadə, sakit adamam. Heç kimlə də işim yoxdur. Qaldı, xalq bilir ki, kim güclüdür. Mən sadəcə şeirlərimi yazıram. Özümə rəqib görmürəm. Allaha qurban olum, son zamanlar xalqın sevgisini görürəm, duyuram.

- Doğrudanmı dünya göz yaslarına dəyməz?

- Gülayə Şınıxlının bir şeiri var:

Bu dünya bir damla göz yaşına dəyməz,

Ağlama, qurbanın olum, ağlama.

Mənim öz gözəl günlərimdə belə gözümdən yaş gəlir. Elə gün olmaz ki, mən ağlamayım. Çox kövrək insanam. Dünya göz yaşlarına dəysə də, dəyməsə də onu Allah bilir.

- Ümidlərinizin bosa çıxdığı vaxtlar olubmu?

- O qədər olub... Ümumiyyətlə, mən elə həyat yaşamışam ki, bəzən öz ətimi belə tutub dartıram ki, görəsən mən insanam bir belə əziyyətə qatlaşmışam. Ümidlərim boşa çıxsa da o qədər Allahıma bağlı insanam, o qədər Allahımı sevirəm ki, yıxılanda belə deyirəm ki, görəsən mən haradasa səhv eləmişəm?.. Qurban olum Allahıma! Allahdan başqa yalandır! Hər gün dua edirəm ki, sən bilən məsləhətdir. Mən yaşadığımı, ruhumu, eşqimi, yazımı - hər şeyi Allahımla bağlayıram.

- Güclü xanımsınız?

- Çox güclü. Bəlkə mənim dözdüyüm hadisələrə yüz dənə kişi dözə bilməzdi ki, mən o mübarizəni aparırdım.

- Özünüzə şeir yazmısınız?

- Çoxları bəxtəvər söyləyir sənə,

Kim bilir, çəkirsən nələr, Cığatel.

Ormanında min ovçu əli silahlı,

Köksündə ahular mələr, Cığatel.

Həmişə qələmimlə mübarizə aparmışam. Gözümün yaşıyla istəməmişəm ki, kimsə haqsızlıq etsin. Amma olub ki, elə bir yalan danışsaydım, mənim üçün böyük bir şans olardı. Mən onu etməmişəm. Vicdanım yol vermədi. Həyatda böyük şanslar itirmişəm, yumşaq insanam, səhvim də olub. Çalışıram hamıya yaxşılıq edim, düşmənimə də nifrət edə bilmirəm. Amma məni çox əzmək istəyiblər. Ailəmə görə hər şeyi udmuşam.

- Nədən narahatsınız?

- Sözün düzü, insanların paxıllığından. Məndə paxıllıq hissi yoxdur. Həsəd aparıram yaxşılığa doğru. Amma bu yaxınlarda başıma bir iş gəlib. "Feesbuk"a təzəlikcə daxil oluram. Övladlarım açır mənim üçün, şeirlərimi oxucular paylaşsınlar, oxusunlar deyə. Sonra görmüşəm ki, adını bilmədiyim insanlar - it, pişik, heyvan şəkilləri ilə girib səhifəmə. Baxmışam ki, Allahsız sözlər yazıblar, nə gəlir ağızlarına yazırlar. Bir az sarsıldım ki, heç kimə pislik etmirəm, yaxşılıq edirəm. Bir müddət çıxdım, yenidən qayıtdım. Buradan da deyirəm, hər yerdən də deyəcəyəm, qoy oxusunlar. Bircə Allah xətrinə Allahınızı unutmayın. Sizin kimi insanlara yazığım gəlir ki, gör bəşəriyyətin gözləri nə qədər bağlıdır, nə qədər ürəyin, qəlbin bağlayıb ki, Allahdan utanmadan böhtan, şər atırlar. Heç nə demirəm, qoy günah edib, mənə böhtan atanın dərdi saflığıma bərabər olsun. Başı öz canına elə qarışsın ki, gecəsi-gündüzü sərasər olmasın.

- Kimlərin ifalarını dinləyirsiniz?

- Yalnız Habil Əliyevin musiqilərini dinləyirəm. Şeir də yazanda bəndi bitirənə kimi Habil Əliyevin musiqilərini dinləyirəm. Muğamlarımızı da dinləyirəm.

- Şəlalə nə deməkdir sizin ucun?

- Şəlalə mənim ürəyimdir. Çox sevirəm şəlaləni. Coşan, çağlayan sudur, mənim ruhumdu-qidamdı.

- İndi yerindən duran bəzi aparıcılar əllərinə mikrofon alıb palatka toylarında şeir deyir. Sizin buna münasibətiniz necədir?

- Aparıcıların şeir deməyinə heç nə deyə bilmərəm. Qoy desinlər, yəqin dolanmaq istəyirlər. Qaldı, dolanmaq istəyir də, nə deyim (gülür). Qoy desinlər, ruzini verən Allahdır!

Səlalə NƏRİMAN.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az