Əziz və dəyərli oxucularım, hər dəfə görüşünüzə fərqli insanlarla gəlirəm. Bu insanların hər birinin öz duyğuları, öz dünyaları var. Bu dəfə sizlərlə tanış edəcəyim qonağım isə tam fərqli bir dünyanın sakinidir. O, şeirləri ilə, nəğmələri ilə qəlbləri oxşayan, nəcib və xeyirxah əməlləri ilə hörmət qazanan gənc şair və bəstəkardır.
Hər zaman gözəlliyin axtarışında olan bu gənci gözəllik özü gəlib tapıb. Onu şair etdiyi kimi bəstəkar olmağa da çağırıb. Gəlin onunla yaxından tanış olaq. Təki sizlərin də hər səhəri, hər vaxtı şeirlə, nəğməylə açılsın, əziz oxucularım.
- İstərdim oxuculara özünüzü təqdim edəsiniz?
- Bayraməliyev Tural Aslan oğlu, 1984-cü il martın 27-də Naxçıvan şəhərində ziyalı ailədə doğulmuşam. Subayam.
- Tural bəy, yaradıcılıq fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?
- Mən 2002-ci ildə yaradıcılığıma poeziya ilə başlamışam. Zaman-zaman bir çox yazdığım şeirlərimə özüm mahnılar bəstələmişəm. Bu da mənim musiqiyə olan bir növ sevgimdən irəli gəlib.
- Bu istedad yəqin lap uşaq vaxtlarından sizdə yaranıb?
- Düzünü deyim ki, poeziyanı lap uşaq vaxtlarımdan sevmişəm. Bir şeyi də etiraf edim ki, gənc yaşlarımda "Oxu Məni" qəzetinə böyük marağım var idi. Hər dəfə bu qəzet işıq üzü görəndə orda olan bütün şeirləri əzbərləyirdim. Bir sözlə, şeiriyyata çox bağlanmışdım. Artıq məndə olan bu həvəs getdikcə iç dünyamı üzə çıxartdı və mən də öz şeirlərimi yazmağa başladım və sonra isə musiqiyə böyük maraq göstərdim.
- Baxmayaraq ki, çox gənc olmusunuz. Bu işlərinizdə sizə kimsə dəstək olubmu?
- Əlbəttə, 2002-ci ildə Vahid Poeziya Evinin direktoru Şahin Verdiyev mənə dəstək oldu. Onunla bərabər mənim dərs aldığım müəllimim Əliağa Vahiddən sonra olan qəzəlxanımız Həşim Qəni oldu (Allah ona rəhmət eləsin). Sonra Vahid Əziz də mənə bir çox yollar və göstərişlər verdi. Belə-belə artıq öz yaradıcılığımı üzə çıxartdım və hal-hazırda da Yazıçılar Birliyinin üzvüyəm.
- İlk kitabınız nə zaman işıq üzü görüb?
- İlk dəfə Tbilisi şəhərində "Nəğmələr" adlı kitabım işıq üzü görüb. Səfirliyin dəstəyi ilə keçirilən bu tədbir çox bəyənildi. "Nəğmələr" adlı kitabım sırf şeiriyyət olsa da mən onu Ulu öndərimizin xatirəsinə həsr etmişəm. Bu yaxınlarda isə inşallah, yeni bir kitabım işıq üzü görəcək. Hal-hazırda onun üzərində işləyirəm.
- Siz həm də bir bəstəkar kimi fəaliyyət göstərirsiniz. Bəyəm başqa bəstəkarlara etibar etmirsiniz?
- Niyə ki, hörmətli, istedadlı bəstəkarlarımız çoxdur. Lakin mənim şeirlərim elə özü başdan-ayağa musiqidir. Onların hər birini açıb oxuyanda elə musiqi özü yerindəcə yaranır. Buna görə də heç bir bəstəkara ehtiyac duyulmur. Bu da mənim daxilimdən gələn Tanrının mənə verdiyi fitri bir istedaddır.
- Musiqi təhsili necə, almısınız?
- Xeyr, musiqi təhsilim yoxdur. Lakin pianoda yaxşı ifa edə bilirəm. Musiqi istedadım isə mənə irsən keçib. Genimizdə talantlı musiqiçilərimiz də var.
- İlk dəfə bəstələdiyiniz mahnı nə zaman olub və kimlərin ifasında səslənib?
- İlk mahnımın adı "Tənhayam" olub və İzzət Bağırovun ifasında səslənib. 2003-cü ildə Almaz Ələsgərova "Sənsiz" mahnımı oxuyub. 2004-2005-ci illərdə "Durna qatarı", "Sevəcəyəm" və s mahnılarımı isə sevimli sənətkarımız Nisə Qasımova ifa edib. 2007-ci ildə Gülyaz və Gülyanaq bacılarının ifasında dahi şəxsiyyət ulu öndərimizə həsr etdiyim "Ölməz Prezident" mahnısı işıq üzü görüb. 2008-ci ildə yenə Nisə Qasımovanın ifasında "Xalqımızın qəlbindəsən" mahnısı ifa olunub. Bu mahnını da Ulu öndərimizin 85 illik yubileyinə həsr etmişəm. 2009-cu ildə Nazpəri Dostəliyevanın ifasında bir çox mahnım işıq üzü görüb. 2010-2011-ci illərdə isə şəxsi işimlə bağlı fasilə vermişəm. 2012-2013-cü illərdə Aygün Kazımovanın ifasında "Azərbaycan bayrağı", Abbas Bağırovun ifasında isə "Dalğalansın bayrağımız dünyada" və Yaşar Yusifin ifasında isə "Sən deyilsən" mahnılarım işıq üzü görüb.
- Son zamanlar hansı mahnının üzərində çalışırsınız?
- Son vaxtlarda Yaşar Yusifin ifasında "Tənha yaşa" mahnısı artıq səsləndirilib. Ancaq ən son işlərimdən biri də Brilyant Dadaşovanın ifasında "Səndən ayrı" adlı mahnımı məni sevənlərə ərməğan edəcəyəm.
- Tural bəy, bu qədər yazıb bəstələdiyiniz bütün mahnılarınız hamı tərəfindən sevilərək oxunulur. Lakin bir çox müğənnilərin ifasında elə musiqilər eşidirik ki, nə sözlərindən, nə də musiqidən baş açmaq olmur. Bu haqda nə deyə bilərsiniz?
- Mən onu deyə bilərəm ki, hər halda 10 ildən artıqdır ki, bu sənətdə təcrübəm var. Mən çox böyük sənətkarlarla işləyib və onlardan dərs almışam. Nəinki dərs almışam, həm də çox şey öyrənmişəm. Əgər bir səndə yaxşı alınmırsa - istər musiqi, istər söz və yaxud da başqa sahələr olsun - gördüyün işlərdə uğur görmürsənsə məsləhət görərdim ki, məşğul olmasınlar. Məsələn, mən əgər yazıb və bəstələdiyim mahnılarımda uğursuzluq görsəm, bu sənətdən əl çəkərəm. Düzdür, bu gün ağzına gələni yazan söz yazarları da var, oxuya bilməyənlər də var. Bunlar nəyə lazımdır axı. Pul xatirinə, reklam xatirinə deyil, sənətə qiymət vermək lazımdır.
- Bəs sizə təklif etsələr mahnılarınızı pulla satarsınız?
- Əsla yox, mən bütün mahnılarımı müğənnilərə hədiyyə edirəm. Bunu özləri də etiraf edə bilərlər. Mən sənətimi pula satan insanlardan deyiləm. Nə də hər kəsə etibar edə bilmərəm.
- Nəyə görə etibar edə bilməzsiniz, səbəbini açıqlaya bilərsiniz?
- Bilirsiniz, mən əgər mahnımı pulla satsam nə bilim ki, sonradan o mahnımın başına nə oyun açacaqlar. Onların hər bir sətri mənim içimdən gələn duyğularımdır, mənim var-dövlətimdir. Əsl valideyn öz övladını sizcə pula satar, bu mahnıların da hər biri mənim övladlarımdır və onları qoruyub saxlamaq mənim borcumdur. Düzdür, ehtiyacı olanlar var ki, onlar öz mahnılarını sata bilər, bu onların zəhmətidir, yəni hər kəs də öz zəhmətindən bəhrələnmək istəyir. Şükürlər olsun ki, mənim maddiyyata ehtiyacım yoxdur.
- Sizcə hər şeyi maddiyyata bağlayıb, pula satmaq olar. Belə olan halda sənətimiz uçuruma doğru getməzmi?
- Düz sözə nə deyə bilərəm. Mən kitabımı Yazıçılar Birliyinə təqdim edəndə görkəmli xadimimiz Anar müəllim şəxsən mənim kitabımla tanış olandan sonra mənə heç nə demədən və söyləmədən vəsiqəmi təqdim elədi və qiymətimi verdi. Mənim maddi durumum pis olsa belə çətin vaxtlarımda da sənətimi pula satmaram.
- Bildiyimizə görə siz həmdə xeyirxah bir insansınız?
- Allah bizə verən gücü və ruzini əlimizdən almasın. Nə qədər ki imkanımız var, xeyirxah işlərdən boyun qaçırmaram. Mənə təklif olunan ağıldankəm körpələr üçün köməyimi necə əsirgəyə bilərəm... Mən böyük bir sevinclə belə bir tədbirə qoşuldum və hər zaman da bu cür tədbirlərdə öz köməyimi əsirgəmədim. Onları sevindirmək mənim üçün böyük bir fərəh və xoşbəxtlikdir.
- Təəssüflər olsun ki, bir çox iş adamları belə tədbirlərə qoşulmaqdan boyun qaçırırlar. Sizi necə, dostlarınız qınamır ki?
- Bilirsiniz, mən inanmaram ki, belə tədbirdən iş adamları boyun qaçırsın. Belə hallar ola bilər ki, bu tədbirlərin adından istifadə edib öz mənafelərini güdənlər olur. Bunları bildikdə yəqin ki, inamsızlıq yaranır və inanmır. Belə hallarda ola bilər. Əks halda hər kəs xeyirxah əməldən zövq ala bilər.
- Özünüzü şanslı insan hesab edirsiniz?
- Şans insanın üzünə gülə də bilər, gülməyə də bilər. Naşükür insan deyiləm. Bu gün beş insandan geriyəmsə, beşindən də irəliyəm. İnsanlar gərək naşükür olmasın.
- Bu cür şanslı gənc bir oğlana kimlər dəstək olub?
- Heç kəs nə qazanmışamsa, öz gücümə ayağa qalxmışam. Mən mübarizə aparan bir insanam. Hər əziyyəti çəksəm də öz zəhmətim sayəsində dirçəlirəm.
- Dəbdəbəli həyatı sevirsiniz, yoxsa sadə?
- Əlbəttə dəbdəbəli. Günü-gündən gözəlləşən bu Azərbaycan torpağında dəbdəbəli həyat xalqımın hər bir vətəndaşına qismət olsun. Bizim xalqa sadə həyat yaraşmır. Gördüyümüz kimi bütün əcnəbilər Azərbaycan torpağına necə axın edirlər. Hansı ölkədə belə dəbdəbəli, xoş firavan yaşayış var. Mən öz vətənimlə fəxr edirəm.
- Sizi Bakıya nə çəkdi?
- Xəzərim. Mən dənizi çox sevirəm. Dəniz mənim üçün şeir və sənət əsəridir. Dalğaların səsi, ləpələrin pıçıltısına qulaq asdıqca özümü başdan-ayağa şeiriyyatda görürəm. Bir peşəkar kimi taleyimi Dənizə bağlayıram - səddi, sərhədi olmayan dənizə.
- Sevgiyə dəyər verirsinizmi?
- Sevgisiz həyat boşdur. Müdriklərdən biri deyib ki, "Dünyanı gözəllik xilas edəcək". Nə qədər dünyamız gözəldir, sevgimiz də tükənməzdir. Elə ona görə də məni həmişə gözəlliyin, sevginin ilhamı dindirir. Elə həmin anda da mənim sevgi dolu, məhəbbət dolu şeirlərim yaranır.
- Qarşıda hansı planlarınız var?
- Qarşıdan Mətbuat günü gəlir. Media işçilərinə çox böyük hörmətim var. Çox əziyyətli peşədir sizin peşəniz. Mətbuat günü münasibətilə yüksək səviyyədə tədbir hazırlayıram. Bu tədbirdə dəyərli mətbuat nümayəndələrinə də verəcəyimiz hədiyyələrimiz var. Ardınca isə ən gözəl, sevgi dolu bayramımız olan Ramazan bayramı gəlir. Bu münasibətlə də tədbirim olacaq inşallah.
- Jurnalistlərlə necə, dostluğunuz varmı?
- Jurnalistlərlə, belə də (duruxaraq), pis deyil münasibətim. Dostlarım var.
- Bəs niyə duruxdunuz, jurnalist qarşısında olduğunuz üçünmü?
- (gülərək) Yox, mənim bir mətbuat katibim var, Kazım Sübhan. Yalnız onunla
çalışıram və hər kəsə müsahibə vermirəm. Amma xətirlərini çox istəyirəm.
- Deyəsən, yenə cavabdan boyun qaçırdınız. Bəs niyə mənə müsahibə verdiniz?
- Hər biriniz mənim dostumsunuz və hər kəslə də səmimiyəm. "Oxu Məni" saqqızımı elə gənc yaşlarımdan oğurlayıb. Yəqin ki, ona görə də məni bu qəzet çəkdi.
- Çox təmkinli və ciddi görsənirsiniz. Uşaqlığınız da belə olub, yoxsa dəcəl?
- Uşaqlığımdan danışsam bir neçə kitab yazmaq olar. Nə qədər dəcəl olsam da, artıq 180 dərəcə dəyişmişəm. Uşaqlıqdan indi bir əsər-əlamət də qalmayıb. O düşüncələr artıq keçmişdə qaldı. Artıq eşq dəftərini bağlayıb həyata başqa gözlə baxaraq irəliyə doğru gedirəm.
- Subaylığın daşını nə zaman atacaqsınız?
- İnşallah, çox keçməz ki, sevindirərəm sizləri.
- Sizə işıqlı gələcək arzulayıram, səmimi söhbətiniz üçün çox sağ olun. Sizə ailə xoşbəxtliyi və işlərinizdə uğurlar. Bəs siz "Oxu Məni"yə nə arzulardınız?
- Uzunömürlü olsun. İnsanların daxilinə girib ovsunlayaraq hər sözü alan bir qəzetdir. Buna da fərasət lazımdır. Doğrudan da sevilən bir qəzetdir. Rəhbərliyə öz minnətdarlığımı bildirirəm ki, çox məsuliyyətlidirlər. Artıq 17 ildir ki, bu səviyyəni və reytinqi qoruyub saxlayıblar. Bu da ondan irəli gəlir ki çox ciddi bir iş rejimi var. Başda siz olmaqla hər birinizə uğurlar arzulayıram.
Mehriban Bəylərqızı
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































