Hərdən insanlar ümidlərinə sığınıb yaşayırlar. Ən çətin və dözülməz anlarında heç kəsdən kömək görməyəndə, ümidlərinin ətəyindən yapışırlar, nə qədər köməksiz, arxasız olsan da dözürsən və çətin olsa da yaşayırsan. Ancaq həyat hansısa məqamlarda sürprizlərlə dolu anlar bəxş edir və büdrəməyib ayağa qalxırsan - tək-tənha, öz gücünə. Belə insanlardan biri də haqqında söz açacağımız Hamlet Cahangirlidir.
- Özünüz haqda nə deyə bilərsiniz?
- Mən Hamlet Cahangirli 1987-ci ildə iyulun 3-də Bakıda dünyaya göz açmışam. Nərimanov rayonunda yerləşən 66 saylı orta məktəbi bitirmişəm. İncəsənət Universitetinin aktyorluq fakültəsini qırmızı diplomla başa vurmuşam. Aktyorluq fakültəsini bitirsəm də, incəsənətin tam başqa bir sahəsi ilə məşğul oluram. Kiçik bir şirkətim var. "HC" adlı kiçik bir prodakşın açmışam və onun rəhbəriyəm. "HC"-nin mənası da Hamlet Cahangirli deməkdir.
- Prodakşınınız nə zamandan fəaliyyət göstərir?
- Prodakşın 2012-ci ildən fəaliyyət göstərir. İlk dəfə olaraq 7 saylı ağıldankəm qüsurlu körpələr evində fəxri gecə keçirdilər. Bizim dəyərli, görkəmli sənətkarımız Respublikanın xalq artisti Brilyant Dadaşova gecəmizin fəxri qonaqlarından biri idi. Brilyant xanım bizim prodakşın adından həmin körpələr evinə avtomobil bağışladı. 2013-cü ildə isə "Narşərab" ailə və əyləncə mərkəzində keçirilən tədbirdə isə səhnəmizin primadonnası İlhamə xanım Quliyeva da 7 saylı körpələr evinə başqa bir avtomobil bağışladı.
- Belə bir xeyirxah tədbir bu il üçündə planınızda varmı?
- Əlbəttə, iyunun 26-da Milli Silahlı Qüvvələr Günü ilə bağlı talassemiya xəstəliyi olan uşaqlara həsr olunmuş xeyriyyə gecəmiz var. Bu tədbir Gənc Tamaşaçılar Teatrında keçiriləcək və siz də məmnuniyyətlə həmin gecənin fəxri qonaqlarından biri olacaqsınız. Tədbir Azərbaycan Respublikasının görkəmli incəsənət xadimi Arif Qazıyevin rəhbərliyi altında keçirilir. Tədbirin aparıcısı isə Kamran Həsənlidir.
- Bu qədər işin öhdəsindən necə gəlirsiniz?
- Mən əkizlər bürcüyəm. Əkizlər bürcü elə bir bürcdür ki, 4-5 nəfərin potensialı bir insanda cəmləşə bilir. Düzdür, hərdəmxəyal olsaq da, işlərimizin öhdəsindən layiqincə gəlməyi bacarırıq.
- Siz bürclərə inanırsınız və başqa xarakterli bürclərlə necə yola gedə bilirsiniz?
- Əlbəttə inanıram. Əkizlər bürcü digər bürclərə baxanda sakit bürcdür. Lakin kimsə bizi hirsləndirərsə, onda başqa cür oluruq. Axı biz tək deyilik. Sevimli müğənnimiz Röya xanım, gözəl bəstəkarımız Nailə Mirməmmədli, tanınmış prodüserimiz Tarix Əliyev də əkizlər bürcündəndir.
- Tarix bəylə aranız necədir, yola gedirsiniz?
- Bilirsiniz, Tarix Əliyev məndən 10-12 yaş böyükdür, onun təcrübəsi də çoxdur, uğurları da. Mən isə hələ üç ildir ki, bu proyektdə işləyirəm, sadəcə olaraq arada fasilələr vermişəm.
- Fasilələrə səbəb nə olub?
- Müəyyən səbəblərdən böyük problem yaşadım. Hər 3 ildə ayrı-ayrı vaxtlarda avtomobil qəzasına düşdüm. Bu da səhhətimdə problem yaratdı. Ona görə də işlərimi ara-sıra görməli oldum.
- Qəzaya düşməyinizin səbəbi nə idi?
- Mən açıq danışmağı sevirəm. Qəzaya düşməyimin səbəbi spirtli içkiləri çox qəbul etməyim idi. Buna da səbəb çevrəmdə olan insanların mənə olan mənfi təsiri idi. Şükürlər olsun ki, indi onlardan uzağam.
- Hamlet, həyatda xoşbəxtsən?
- Kövrələrək gözləri dolur. Köks ötürərək xeyir, mən xoşbəxt deyiləm və heç zaman da xoşbəxt olmağımı görmürəm.
- Xoşbəxtliyin qapılarını üzünüzə kimlər bağladı?
- Açıqlaya bilərəm (göz yaşlarını saxlaya bilmədi). Mən ilk dəfə olaraq sizin "Oxu Məni"yə bildirirəm ki, heç nəyi gizlədən insan deyiləm. Yəni müəyyən şəxsi həyatımda olan problemlər bu üzdən məni bədbəxt etdi. Hər bir valideyn istəyər ki, övladı xoşbəxt olsun. Atam qırx günlüyümdə anamdan ayrılıb, məni də ataraq gedib. Bir ata ki öz övladını hələ dil aça bilmədən, ata kəlməsini eşitmədən, qırx günlüyündə anası ilə tənha qoyub, bu günə qədər də maraqlanmayan ataya nə ad vermək olar sizcə?.. Bəlkə də atamın yanında böyüsəydim məndə hansısa bir iş adamı olardım (hönkürüb ağlayır).
- Özünüzü ələ alın, Hamlet bəy. Atanız indi qayıtsaydı, siz onu bağışlayardınız?
- Yox, əsla. Hansı üzlə qayıda bilər... Anam yataq xəstəsidir, ona mən baxıram. Onun ölənəcən qulluğundayam. Mən bacardığım qədər hər kəsə yaxşılıq etmişəm. Dərdlərimi təklikdə özüm-özümlə bölüşürəm.
- Bu qədər gülüb danışan Hamletin demək olmaz ki bu qədər dərdi var?
- Çox gülənin çox dərdi olar. Hər bir ana istəyər ki, onun evindən toy səsi, nəvə səsi gəlsin. Mən isə bütün bunlardan məhrumam.
- Həyatınızı bax beləcə tənhamı başa vurmaq istəyirsiniz?
- Bir istəyim var. İnşallah, 2015-ci ildə istəyirəm qüsurlu körpələr evindən 2 uşaq himayəmə götürüb saxlayım. Artıq 28 yaşım var. Həyatda çox zərbələr görmüşəm. Dəfələrlə müsahibə vermişəm, heç bir jurnalistin qarşısında belə ağlamamışam. Göz yaşlarımı saxlaya da bilmirəm, sizə cavab da verə bilmirəm. Məni bütünlüklə hipnoz elədiniz. Mənim bir nənəm, bir də anam var. Mənimçün anaların anasıdır anam. Nənəm məni böyütsə də, dərd dostum anamdır. Belə ki, anam nənəmdir, qardaşım anam.
- Maddi çətinlikləriniz varmı?
- Şükür Allaha, özümə görə işim, evim, maşınım var.
- Hamlet, niyə məhz qüsurlu körpələri götürmək istəyirsən?
- Çünki mən özüm də qüsurluyam. 2012-ci ildə keçirtdiyim avtomobil qəzasında çox ağır vəziyyətdə oldum. Əhatəmdə nə qədər dostlar və imkanlı insanlar var idi. Heç kəs bir dəfə də olsun o ağır vəziyyətimdə qapımı döyüb demədi ki, Allah şəfa versin. Gözüm hey qapıda qalırdı ki, bəlkə hansısa bir dostum yanıma gələcək. Mənə mənəvi dəstək lazım idi, başqa heç nə istəmirdim. Axı mən hamı üçün yaxşı olmuşam. Mənə Allahım Kömək oldu. Allah qaldıran bəndəni heç kəs yıxa bilməz, Allah yıxdığı bəndəsini də heç kəs qaldıra bilməz.
Biz bəndələr bu dünyadan yalnız rəhmət və ya lənət aparacağıq. Mənim heç kimdən umacağım yoxdur, mənim alın yazım belədir. Tanrı buyurur ki, sən hər zaman öz yaxşılığını elə.
- Hamlet, bu qədər qabiliyyətin, fərasətin varkən nə əcəb nənə və ananı götürüb Avropaya getmirsən?
- Siz nə danışırsınız, Mehriban xanım, mən öz Vətənimin bir damla torpağını belə heç bir ölkəyə dəyişmərəm. Hətta orda mənə qızıldan ev tikib versələr belə.
Mən fəxr edirəm ki, YAP-ın üzvüyəm, ölkəmin vətəndaşıyam. Azərbaycan kimi heç bir dövlət yoxdur. Azərbaycanda istədiyin hər bir işi həyata keçirə bilirsən. Yetər ki, qanunlarımıza zidd getməyək.
- Məktəb illərindən yaddaşında qalan hadisə olub?
- Ömrümün axırına qədər yadımda bir hadisə qalıb məktəb illərindən. Bu mənim üçün sanki bir yuxu idi. 4-cü sinifdə oxuyurdum. O zamanlar bilirdik ki, ulu öndərimiz (Allah ona rəhmət eləsin) həmişə bayramlarda maşın karvanı ilə gəlib keçirdi. Bayram günü idi, biz yolun qırağında düzülüb gül dəstələri ilə maşın karvanını gözləyirdik. Maşın karvanı keçən zaman özümü saxlaya bilməyib qaçdım yola və var-gücümlə "Heydər baba!" – deyə qışqırdım. Bir də gördüm maşın dayandı, ulu öndərimiz maşından düşüb məni qucağına alaraq üzümdən öpdü və göyə qaldırdı. Bizim şəkillərimizi də çəkdilər, təəssüflər olsun ki, o şəkil məndə yoxdur, yəqin arxivdə var. Mənim bu xatirə ömrüm boyu yadımdan çıxmaz.
- Şou-biznesə necə baxırsınız?
- Bizdə şou-biznesi yoxdur, toy biznesi var. Bugünkü gündə toy biznesini dayandırsaq, heç bir müğənni nə konsertdən, nə də efirdən qonorar ələdə edə bilməz. Ancaq Azərbaycanda sayılıb-seçiləsi şou-biznesdən böyük məbləğ götürən adını qızıl hərflərlə tarixə yazmış bir Röyamız var. Şou-biznesdə yalnız o imza atıb. Ancaq ona da paxıllıq edirlər.
- Jurnalistlərlə dostluğunuz varmı?
- Heç jurnalistdən də dost olar... Hörmət etdiyim jurnalistlər var - Alim Nəbioğlu, Şahin Cavadsoy, Tahirə Məmmədqızı.
- Sizin üçün dost nə deməkdir?
- Mənim cibim. Pulum çox olarsa, dostum da çox olar.
- Hal-hazırda hansı toy-biznes nümayəndəsi ilə işləyirsiniz?
- Canım qədər çox sevdiyim Vaqif Gərayzadə məktəbini keçmiş Səidə Sultanla işləyirəm. Onun böyük ürəyi var, çox təvazökar bir xanımdır. İnşallah, qarşıda yeni uğurlu işlərimiz var. O, toy biznesində özünü yetərincə tanıdıb.
- Hamlet, maraqlı söhbətimiz üçün sizə təşəkkür edirəm, sizi bu qədər kövrəltdiyim üçün də üzr istəyirəm, ananıza cansağlığı, işlərinizdə uğurlar və həyatda sizə gözləmədiyiniz xoşbəxt həyat arzulayıram. Bəs siz "Oxu Məni"yə nə arzulayardınız?
- Bilirsiniz, "Oxu Məni" neçə illərdir mənim sevdiyim qəzet olub. "Oxu Məni" məktəbini keçən efirlərdə kifayət qədər savadlı jurnalistlərimiz var. "Oxu Məni" ona görə sevilir ki, sağlam rəqabət aparır. Rəhbərliyiniz başda olmaqla hər birinizə uğurlar arzulayıram. Sizə də xüsusi minnətdarlığımı bildirirəm.
Mehriban Bəylərqızı
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































