- Özünüz haqda məlumat verərdiniz?
- Mən İlqar Sail Bakı şəhərində anadan olmuşam. 3 övladım var. Ali savadlı musiqiçiyəm. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbini və Musiqi Akademiyasını bitirmişəm. Uşaqlıqdan bu sənətdəyəm. 25 ildir ki, ifa edirəm.
- Bəzi həmkarlarınız sənətdə az müddətdə olsalar da, artıq fəxri adlar alıblar. Bəs siz niyə indiyə kimi heç bir ad almamısınız?
- İnşallah, mənə də ad verərlər. Mənim aləmimdə əsas odur ki, insanlar səni sevsinlər. Amma elə əməkdar müğənni var ki, onun heç bir auditoriyası yoxdur. Oxuyanlar da var k, onların adı olmasa da çoxları onları sevir. Mənim atam hamı bilir ki, Dövlət Teatrında çalışırdı - Məmmədəli Əliyev. Vaxtı ilə "Kor ərəbin mahnısı"nı ilk dəfə o ifa edib. Çox tanınmış musiqiçi olub. Heç onun da adı olmayıb. Ad almamağım məni qətiyyən narahat etmir. İnşallah, məsləhət olarsa ad verərlər. Məsləhət olmasa da Allah canlarını sağ eləsin.
- İlqar müəllimin titulu nədir?
- İlqar Sailin titulu budur ki, sadə insanam. İstəyirəm hamı xoşbəxt, firavan yaşasın. Hamı məni səmimi insan kimi tanıyır.
- Uşaqlıq illərindən danışardınız. Necə uşaq olmusunuz?
- Ailədə 5 uşaq olmuşuq. Uşaqlıqda sərbəst güləşlə məşğul olmuşam. İndi uşaqlar var ki, vaxtlarını kompüter zallarında keçirirlər, bizim vaxtda isə vaxtımızı idman zallarında kinq-boksla məşğul olmaqla keçirirdik. Mən özüm dəcəl uşaq olmuşam. Deyə bilmərəm ki, məktəbdə çox əla oxumuşam, orta oxumuşam. Uşaqlıqda mənə "İluşa2 deyirdilər.
- Ailədə sizdən başqa musiqi ilə məşğul olan olubmu?
- Mən musiqiçi ailəsində dünyaya gəlmişəm. Babam da sevimli xanəndə olub, atam da xanəndə olub. Qardaşım Ceyhun da nəfəs alətləri ilə məşğul olub. Allah ölənlərinizə rəhmət eləsin. Rəhmətlik qardaşım Fuad da oxuyurdu. Çox gözəl səsi var idi. Mənim bibim də tanınmış müğənni olub. Bir sözlə, xəmirimiz musiqi ilə yoğurulub.
- Bəs sənətin sirlərini kimdən öyrənmisiniz?
- Sənətin sirrini, təməlini atamdan öyrənmişəm. Yenə də deyirəm, qanımızda var. Mən uşaq olan vaxtı evimiz bulvarın yanında idi. Rəhmətlik anam söyləyirdi ki, 3-4 yaşımız olardı, qardaşım Ceyhunla məni bulvarda gəzdirməyə aparanda o vaxt sevilən mahnı var idi – "Ay Mustafa" mahnısı, qardaşımla o mahnını oxuya-oxuya gəzirmişik bulvarda. Sən demə, arxadan nə qədər adam yığılıb bizə baxırmış. Bu bizə Allahın verdiyi fitri istedaddır.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Hazırda yaydır, istirahət edirəm. İndi klip çəkdirməyə elə də ehtiyac yoxdur. Çünki bir mahnı ifa edib qoy sosial şəbəkəyə, həmin an seviləcək. Əvvəllər çox çətin idi. Artıq sosial şəbəkələrdə bütün mahnıları dinləmək olur. Yeni mahnılarım da çoxdur, yeni oranjiman edib ifa edəcəyəm.
- Qısqınc insansınız?
- Deməzdim qısqancam. Qısqanclığım azdır.
- Sizcə şou-biznesin açarı kimin əlindədir?
- Şou-biznesin açarını hələ görməmişəm kimin əlindədir. Amma onu deyə bilərəm ki, Azərbaycanda şou-biznes elə də inkişaf etməyib. Başqa ölkələrə baxanda görürsən ki, müğənnilər turnirlərlə konsertlər verir, pullarını alırlar. Onlarda şou-biznes belə olur. Bizdə isə şou-biznesə çox vaxt qalmaqalla gəlirlər. Maraqlı qalmaqallar edirlər ki, gündəmdə qalsınlar. Şou-biznes axı qalmaqallı olmamalıdır. Mən çalışıram ki, öz sənətimlə məşğul olum, mahnılarımı məni sevənlərə sevə-sevə çatdırım. Özümü də şou-biznesdə qalmaqallarla görmürəm.
- Ürəyinizdə hansı qorxu var?
- Tək qalmaq, bir də Allah qorxusu var.
- Nəyi itirməkdən qorxursunuz?
- Hörmətimi itirməkdən qorxuram. Belə baxanda ondan da qorxmuram. Mən iradəli insanam. Gərək həyatda elə edəsən ki, hörmətini itirməyəsən.
- Ürəkdən haçan ağlamısan?
- Valideynlərimi və qardaşımı itirəndə ürəkdən ağlamışam. Hərdən də olur ki, insanın qəlbi dolur, göz yaşlarını saxlaya bilmir.
- Bəs sizi aldatmaq asandı?
- Məni aldatmaq asan deyil. Amma hərdən inanıram insanlara. Olur ki, inandığıma görə aldadırlar.
- Gənc ifaçılardan kimin ifasını dinləyirsiniz?
- Röyanın, Abbasın ifalarını dinləyirəm. Çoxdur, hamısının adını çəkə bilmərəm. Azərbaycan xalqı çox istedadlı xalqdır. Oxuyanların da içərisində istedadlıları yetərincədir.
- Məhəbbət nə deməkdir sizin üçün?
- Məhəbbət mənim üçün həyatın mənasıdır.
- İlk məhəbbətin olubmu?
- Məktəb dövründə olub, 15-16 yaşımda. O da fantaziyalı olub.
- Sevib ailə qurmusunuz?
- Bəli, sevib ailə qurmuşam. Ailəmə bağlı insanam. Həyat yoldaşımı, övladlarımı çox istəyirəm. Bir sözlə, ailəcanlı insanam.
- Qocalığınızı necə təsəvvür edirsiniz?
- Mən belə hesab edirəm ki, qocalmayacağam. Çalışacağam ki, cavan qalım. Mənim cavan qalmağımın səbəbi idmanla müntəzəm məşğul olmağımdır. İnsan gərək çalışa ki, həyatda optimist ola. İnsan var ki 30 yaşı var, heç nəyə həvəsi yoxdur, özünü qoca hesab edir. İnsan da var ki, özünü hər yaşda cavan hiss edir, həyatsevərdir. Bir sözlə, insanın iradəsi olmalıdır, mübarizə aparmalıdır.
- Çoxdandır efirlərdə görsənmirsiniz. Səbəbi nədir?
- Mən heç vaxt istəmirəm ki, efirdə kimlərinsə gözündə "mozol" olum. Və heç kimin də gedib qapısını döymərəm ki, məni efirə çağırın. Kimsə harasa çağırarsa, canla-başla gedərəm. Amma gedib heç vaxt heç kimdən heç nə xahiş etmərəm.
- Özünüzə ən çox nəyi irad tutursunuz?
- Ürəyimin açıqlığı kaş hər zaman olmayaydı.
- Dilinizdən düşməyən mahnı hansıdır?
- Atamın ifa etdiyi "Kor ərəbin mahnısı". Mahnılar çoxdur, əsas da Bakı haqqında olan mahnılar.
- Darıxanda hara gedirsiniz?
- Dəniz kənarında gedib gəzirəm. Rayonlarımıza gedirəm və mən təbiəti çox sevirəm.
- Deyirlər ürəyin 40 qapısı var. 39-cu açarı kimə verərdiniz?
- Düşünmədən övladlarıma.
- Həyatda neçə dəfə sevmək olar?
- Sevgi ola bilər bir-neçə dəfə. Amma əsl sevgi bir dəfə olur.
- Ailə qurandan sonra insan dəyişir?
- Yox, insan heç vaxt dəyişmir. Ola bilsin ki, gördüklərini başqa cür görür.
- Kimlərlə rəqabət aparırsan bu sənətdə?
- Mən heç vaxt heç kimlə rəqabət aparmıram. Hərənin öz yolu var. Mənim də öz oxu üslubum var. Hamıya uğurlar, o cümlədən də mənə.
- Sənət sizə nə verdi?
- Bu sənət mənə həyat verdi, çörək verdi. Ailəmi saxlamışam. Tanındım. Musiqi mənim üçün həyatdır.
- Tələbələriniz varmı?
- Yaxınlaşıb məndən dəstək istəyənlərə həmişə kömək edirəm.
- Toylarda tələbat var sizə?
- Mənim üçün toy gəlir mənbəyidir. Gedib iştirak edib bir parça çörəyimi aparıram evimə.
- Bəs niyə solo-konsert vermirsiniz? Ola bilər qorxursunuz ki, səhnəni doldura bilməzsiniz.
- Qətiyyən qorxmuram konsert verməkdən. Elə olur ki, 700 nəfərlik məclis aparıram. Elə burada da canlı mahnılar ifa edirəm. Belə baxanda toy mənim üçün mini-konsertdir. Bizdə şou-biznes inkişaf etməyib ki, mən konsert verəm. İstəmirəm ki, hansısa toy səviyyəsində konsert verim. İstəyirəm ki, yaxşı bir proqram hazırlayıb çıxış edim. Bizdə konsert proqramı çox zəifdir. Başqa ölkələrdə hansısa bir müğənni turnelər edir, yaxşı da konsert verib pul götürür. Mənə də dəvət gəlir ki, gedək rayonlara, xaricə. İstəyirəm ki, bizim prodüserlər fikirləşib yaxşı konsertlər təşkil etsinlər.
- Allah hansı istədiyinizi verdi sizə?
- Mən hər gün Allaha min şükür edirəm. Yaxşı ki, hər şeyi verdi mənə. Allahdan can ağlığı arzu edirəm özümə. Bir də arzu edirəm ki, heç kimin ailəsində peşmançılıq olmasın.
- Bu qədər səmimi insansınız. Bundan istifadə edən olubmu?
- Olub, çox olub. Xoşbəxt o insan deyil ki, onun çox pulu var, xoşbəxt o insandır ki, ona bəs edir. Allahımdan razıyam, çox da pul istəmirəm, mənə bəs edir.
- Şəlalə nə deməkdir sizin üçün?
- Şəlalə təbiətin gözəl bir parçasıdır, can rahatlığıdır. Rayonlara gedəndə də suyun şırıltısına diqqətlə qulaq asıram.
- Efirlərdə nəyi görəndə bəyənmirsiniz?
- Bir də görürsən ki, bir müğənni çıxır efirə, gah evindən, gah bağından, gah da maşınından danışır. Bu yaxşı deyil. Sənətdən danışmaq lazımdır. Guya bizim korifeylərimiz evlərlə, maşınla gündəmə gəliblər?!. Bir çoxları da yalandan qalmaqal yaradıb gündəmə gəlir. Bu yaxşı hal deyil, bəzi gənclərimiz fikirləşmirlər ki, bizə Zeynəb Xanlarova, İlhamə Quliyeva kimi korifeylərimiz baxırlar. Əsl sənətlə gündəmə gəlmək lazımdır.
- Niyə bir çox tədbirlərdə, müğənnilərin xeyir işlərində sizi görmürük?
- Dəvət edəndə gedirəm, dəvət etməyəndə getmirəm.
- Sizcə ulduz harada olur?
- Ulduz ya göydə olur, ya da yolkanın başında.
- Övladlarınızdan hansısa bu sənəti seçdimi?
- Övladlarımdan musiqi ilə məşğul olanı var. Qızım pianino ilə məşğul olur. Ancaq öz sənəti rəssamlıqdır. Mən istəyirəm ki, onu öz sənətində - rəssam kimi görüm. Oğlum Ruslanın səsi var, inşallah, qismət olsa oxuyacaq.
- Maraqlı müsahibəyə görə çox sağ olun.
Şəlalə NƏRİMAN
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































