Elariz Məmmədoğlu: “Özümə uyğun bir iş tapıb məşğul olacağam”

Elariz Məmmədoğlu: “Özümə uyğun bir iş tapıb məşğul olacağam”
İki nəvəsi olan gənc müğənninin evində yenidən toy düzənləndi

Musiqi ecazkar qüvvəyə malik olan təkrarolunmaz bir varlıqdır. Təsadüfi deyil ki, kainatda hər bir varlığın öz ahəngi, öz ritmi olur. Canlıların dünyaya gəlişi körpə qığıltısı ilə müşayiət olunduğu kimi, istənilən təbiət hadisəsi özünəməxsus musiqi ilə ahəng tapır. Məhz buna görə də musiqini ruhun qidası adlandırırlar.

Əziz oxucularım, bu gün sizlərlə bir daha yaxından tanış edəcəyim qonağımız respublikamızın sevilən müğənnisi Elariz Məmmədoğludur. Söhbətimizin ritminə nəzər saldıqda, müsahibənin fərqli melodiyasını duymuş olacaqsınız.

- Salam. Çox sağ olun ki, işlərinizin bu qızğın vaxtında bizimçün də zaman ayırdınız. Suallara cavab verməyə hazırsınızmı?

- Böyük məmnuniyyətlə, Mehriban xanım. Sizin bütün suallarınıza səmimiyyətlə cavab verməyə hazıram.

- Elariz bəy, deyəsən, jurnalistlər sizi bezdirib, elədir, yoxsa...

- İlk öncə deyim ki, sizi bir çox verilişlərdə görmüşəm və şəxsiyyətinizə xüsusi hörmətim var. Ümumiyyətlə professional, işini bilən hər bir müxbirə hörmətim var. Mediada da çalışıram ki, səmimi olum.

- Gəlin yaxından tanış olaq...

- Ailədə 3 uşaq idik, 2 qardaş, bir bacı. Qardaşım Qarabağ döyüşlərində şəhid olub.

- Allah rəhmət eləsin. İndi bir bacı, bir qardaşınız. Bacınız da incəsənət sahəsindədir?

- Xeyr. Valideynlərim belə qərara gəldilər ki, 16 nömrəli musiqi məktəbinə imtahan verim və fortepiano üzrə oxuyum. Doğrudan da böyük bir müvəffəqiyyətlə imtahan verdim. Tay-tuşlarım arasında 9 yaşında ikən tək mənim ritmikamı, eşitmə qabiliyyətimi, səsimi yoxladılar, çox asanlıqla da musiqi məktəbinə daxil oldum. Beş il tar və fortepiano üzrə oxudum, həm tarın, həm də fortepianonun notlarını mükəmməl öyrəndim, sonra vokal dərsinə getdim və 16 nömrəli musiqi məktəbinin xorunda əvvəl sıravi üzv kimi oxudum, 3-4 ay sonra həmin xorda solist kimi oxumağa başladım.

- Necə oldu ki, tarı yox, fortepianonu yox, müğənniliyi seçdiniz?

- Onuncu sinfi bitirəndən sonra Mirzağa Əliyev Adına İncəsənət Universitetinin kütləvi tamaşalar rejissoru bölməsinə daxil oldum.

- Demək, rejissor da ola bilərdiniz...

- Bəli, Rus-Dram Teatrının baş rejissoru bizə dərs deyirdi və mən rejissorluq, aktyorluq, səhnə danışığı, plastika, psixologiya, dərslərindən yüksək qiymətlər alırdım. Eldar Əliyev kimi rejissordan yalnız əla qiymət alan yeganə tələbə mən idim.

- Belə çıxır ki, istedadınızı istifadə etmədiniz. Niyə?

- Bu suala artıq konkret cavab verməyin vaxtıdır. Əsl incəsənət adamının istedadı varsa, o istedad çoxşaxəli olur. Yəni istedadlı insan həm aktyor ola bilər, həm rejissor, həm şair, həm də musiqiçi. İstedad varsa, insan bütün bunların hamısını bacarır, amma bu sənətlərdən, bu ixtisaslardan biri daha önə çıxır. Bizim dövrümüzdə elə dövr idi ki, Sovet İttifaqı dağıldı, tamaşalar qoyulmadı, filmlər çəkilmədi, rejissorluğa maraq qalmadı. Amma müğənni sənəti belədir ki, hər zaman istifadə edə bilirsən. Etiraf edim ki, bir neçə filmə çəkilmişəm. Rejissor Şərif Qurbanəliyevin "Kişiləri qoruyun" tamaşasında iki rol birdən oynamışam, həm müğənni rolunu, həm də müğənninin tələbəsi rolunu. Orda Yaşar Nuri, Çingiz Əhmədov və çox görkəmli aktyorlarla çiyin-çiyinə mən də var idim.

- Daha nəyi bacarırsınız, belə getsə, incəsənətin bütün sahələrini vərəqləməli olacağıq?

- Bəli, bir çox mahnılar bəstələmişəm, yəni bəstəkarlığı da bacarıram.

- Elariz bəy, sizcə səhnəyə, efirə toy mahnılarıyla, yoxsa bəstəkar mahnılarıyla gəlmək önəmlidir?

- Mən sənətə bəstəkar mahnılarıyla gəlmişəm. Ruhəngiz Qasımova o vaxt özəl radioların birində mənim səsimi eşitmişdi və ora zəng eləyib məni evinə dəvət elədi. Dedi ki, sənin səsindən çox xoşum gəldi, səni axtarıb tapdım, indi bax gör hansı mahnıları istəyirsən, seç oxu. Mən də onda olan mahnılardan birini götürdüm, oxudum. Yəni ilk mahnılarım Vaqif Gərayzadədən, Ruhəngiz Qasımovadan, Eldar Mansurovdan olub.

İlk dəfə bizim dövlət telekanalına iki mahnı ilə çıxdım. Oqtay Rəcəbovdan "Necə unudum səni" və Ramiz Mirişlidən bir mahnı oxudum. Demək istəyirəm ki, Ruhəngiz Qasımovanın dəstəyi ilə çıxdım efirə.

- "Necə unudum səni" mahnısını korifey sənətkarımız Flora Kərimovadan sonra oxumağa necə risk elədiniz?

- Konkret olaraq Flora xanım mənə bəraət qazandırdı və dedi ki, sən bu mahnını öz üslubunda oxumusan.

- Axır vaxtlar toylar üstündə müğənnilərin bir-biri ilə böyük konfliktləri olur. Siz də bu münaqişələrin episentrində olursunuz?

- Azərbaycan incəsənətində pul qazanmaq üçün yeganə biznes toydur. Mən də bunun içindəyəm. Bəzi müğənnilər var, düzdür, toylara gedirlər. Təsadüf nəticəsində elə anlar olub ki, onların toy aparmasını bərbad vəziyyətdə görüb çox əsəbiləşmişəm. Belə toy aparmaq olmaz, biabırçılıqdır, Çünki toyun metodikası var. Məsələn, Səməd Səmədov həm yaxşı toy aparır, həm də oxuduğu mahnıları bəyənirəm.

- Belə çıxır ki, Səməd Səmədovu özünüzə rəqib görürsünüz?

- Məndən böyükdür, həm yaşda, həm də təcrübədə. Onu çox bəyənmişəm, amma rəqib deyil, çünki ondan öyrənmək lazımdır.

- Sirr deyilsə, neçənci ildə ailə qurmusunuz və neçə övladınız var?

- 23 yaşında öz sevdiyimlə ailə qurmuşam, tələbə yoldaşım idi. Hal-hazırda xoşbəxtik, 3 övladımız var. Bir qızım ailə qurub, iki nəvəm var - Əli və Davud. Kürəkənimlə münasibətim çox yaxşıdır. Bu günlərdə də ikinci qızımın toyu oldu.

- Bu qızınızı da öz sevdiyi oğlana verdiniz, yoxsa...

- Uşaqlıq dostumun oğludur, özləri bir-birini seçib bəyənib, biz də onların istəyinin əksinə getməmişik.

- Toylarda hansı məqamlarda əsəbiləşirsiniz?

- Məni qıcıqlandıran hərəkətlər çox olur, amma onlara fikir verməməyə çalışıram. Mən yalnız öz işimlə məşğul olub toyumu və yaxud konsertimi aparıram. Hamını bildiyim kimi yola verirəm.

- Yeni albom üzərində çalışırsınızmı?

- 2013-cü ilin axırı 2014-ün əvvəlində 7 mahnıdan ibarət "7 mahnı" deyilən albomum işıq üzü görüb. Bu mahnıların sözləri də, musiqisi də özümündür. Bu mahnıların sözləri və oxunma tərzi dinləyicilər tərəfindən bəyənilir.

- Musiqidən başqa biznesiniz var?

- Əsl sənətkarın biznesi öz sahəsidir. Elariz Məmmədoğlu da öz sənətinə güvənərək başqa sahələrdən qazanmaq haqda fikirləşmir. Bizdən əvvəl oxuyan korifey sənətkarların məgər başqa biznes sahəsi olub? Onlar öz sənətləri ilə dünyada tanınıblar və Azərbaycanı tanıdıblar. Neçə ki səsim var, oxuyacağam. Allah eləməsin, sabah səsim batsa, yenə incəsənət sahəsində özümə uyğun bir iş tapıb məşğul olacağam.

- Əminəm ki, söhbətimiz çox maraqlı alındı. Sonda arzularınızı eşitmək bizim üçün xoş olardı.

- "Oxu Məni" qəzetini mən səhnəyə gəlməmişdən illər öncə oxuyurdum. Efirlərdə görünəndən sonra məni sizin redaksiyaya dəvət etdilər. Qəzetinizdə bir neçə dəfə müsahibələrim gedib. Bu yolda sizə uğurlar arzulayıram, qəzetiniz uzunömürlü olsun. "Oxu Məni" həmişə sevilə-sevilə oxunub. İnanıram ki, bundan sonra da öz aktuallığını qoruyub saxlayacaq. Sizin redaksiya heyətinə və oxucularınıza sevinc və sevgi dolu həyat arzulayıram.

Əziz oxucular, elə bu major notda müsahibəni yekunlaşdırıram. Həyatınızın melodiyası ritmik və şən olsun. Yenidən görüşənədək.

Mehriban Bəylərqızı

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az