RƏQQAS İLHAM KƏRIMLI: “İncəsənət qurban tələb etmir. Ailə və sənət balansını saxlaya bilməyən hansınısa qurban verir və bu sözü deyir”

RƏQQAS İLHAM KƏRIMLI: “İncəsənət qurban tələb etmir. Ailə və sənət balansını saxlaya bilməyən hansınısa qurban verir və bu sözü deyir”

- Özünüz haqqında məlumat verərdiniz?

- Kərimli İlham Rəhim oğlu 1976-cı ildə Azərbaycanın xəritəsində ən ucqar, belə deyək ki, qartalın dimdiyində yerləşən və əsasən dənizdə çalışan neftçilərin yaşadığı Pirallahı rayonunda anadan olmuşam. Ailədə 5 uşaq olmuşuq. Sonbeşik mənəm. Ailəm sıravi neftçi ailəsi olub. Atam ömrü boyu dəniz estakadasında çalışıb. Qardaşlarım da atamın yolu ilə gedib. Ailədə yalnız mən yolumu incəsənətdən salmışam.

- Niyə məhz sənət adamı olmaq istədin?
- Bu sənəti xüsusilə sevmişəm. Yəni başqaları kimi dərin-dərin fikirləşib qərara gəlmişəm. Elə məktəb yaşından harada oynaq musiqi eşidirdimsə ora gedib rəqs edənlərə qoşulurdum. Yəni doğulanda Allah mənim içimdə rəqsə həvəslə dünyaya yollayıb. Deyim ki, rəqsə mən asanlıqla gəlmədim. Atam neftçıxarma sahəsində çalışırdı. Təvazökar mental dəyərlərlə bağlı olmazları çox olan bir atanın oğlu idim. Onun zəhmi evdə qardaşlarımın və mənim artıq səs belə çıxarmağımıza imkan vermirdi. Hələ qala ki, rəqs. Çətinliklə də olsa gizlincə yaradıcılıq mərkəzinin rəqs dərnəyinə yazılıb orada rəqsi öyrəndim. Hətta atam bilməsin deyə dərslərimdən bir saat tez qaçıb dərnəkdə rəqs dərsinə gedirdim ki, vaxtından gec evdə olsam atam rəqsdə olduğumu bilər. Beləcə, gizlin-gizlin öyrəndim rəqsi.

- Hind rəqslərində özünüzü mahir rəqqas hesab edirsinizmi?

- Bilirsiniz, mən əvvəllər özüm barədə çox təvazökar davranırdım. Bu gün isə təvazökarlıqdan kənar danışaraq deyəcəyəm ki, Azərbaycanda hind rəqsini sevdirən mən olmuşam. Onu təsdiq edən "Kamerton" verilişi və çəkilişlərim var. Əlbəttə, korifey rəqqaslarımızdan da hind rəqsi ifa edənlər olub. Amma son illərdə mən Azərbaycana hind rəqsini sevdirdim. Sevənlər var idi, onların sayı da çoxaldı. Bəli, hind rəqsinin mahir ifaçısıyam. Bunu deməyə haqqım var. Çünki mən hind rəqsinin klassik janrını məhz öz ölkəsində - Hindistanda təhsil alıb öyrənmişəm. Nəinki hind rəqsini, digər dünya xalq rəqslərini də mən elə həmin ölkələrdə öyrənərək professional şəkildə tamaşaçıya təqdim etməyə çalışmışam.

- Hansı müğənnilərin ifasını dinləyirsiniz?

- Azərbaycan müğənnilərindən sevdiyim gözəl xanım Nazpəri Dostəliyevadır. Amma hər bir müğənninin mahnısına qulaq asa bilərəm. Bu mənim əhvali- ruhiyyəmdən asılıdır. Bəzən Röyanı, Niyam Səlami, Xumar Qədimovanı, Tünzalə Ağayevanın mahnılarına qulaq asmaq istəyirəm. Ya da olur ki, hansısa hit olmuş mahnıya gün ərzində bir neçə dəfə qulaq asmaqdan yorulmuram. Bəli, müğənni mənim üçün dostum Rəhim Rəhimlidir.

- Sizi həyatda nə ağladıb?
- Məni həyatda heç nə ağlada bilməz. "Ağlamaq kişiyə yaraşmır" deyiminə görə demirəm bunu. Əsla bunu qəbul etmirəm. Mənim sevincdən də gözlərim yaşara bilər. Sadəcə yaxınlarımdan başqa kiməsə görə ağlamaram. Allah həmişə əziz və doğmalarımı yanımda etsin. Həmişə göz yaşım sevincdən olsun, inşallah.

- Qısqanc insansınız?
- Bəli, həyatda öz sevdiyim, özüm kimi bildiyim əziz və doğmaları kənar insanlara qısqana bilərəm. Qısqanıram da, çünki çox sevib və dəyər verirəm. Sevgimlə, qısqanclığımla qoruyaram hər kəsdən.

- Həyatda kimdən qorxursan?
- Heç kimdən qorxmuram, yalnız Allahdan başqa. Belə deyim ki, qorxduğum insan deyil, insana bənzər məxluqlardır. Onlardan da məni böyük Allahım qoruyur.

- Uşaqlığın necə keçib?
- Uşaqlığım Pirallahı rayonunda keçib. Mənim ən yaxın dostum Mehmandan danışmaq istəyirəm. Onların evi bizim evimizin yanında idi. Bilirsiniz ki, o vaxtlar böyük maqnitofonlar var idi. Onu götürüb Mehmangilə gedirdik. Səsini sona qədər açıb evdə kim var birlikdə rəqs edirdik. Qonşuda nə qədər uşaq var idi toplayırdıq ora. Hər dəfə də bir araya gələndə bu xatirələri danışıb gülürük. Məktəb vaxtları o ağır maqnitofon və bizim evdə düzəltdiyimiz, necə deyərlər diskoteka (Gülür). Çox dəcəl uşaq olmuşam. Hamı məni "İli" çağırırdı.

- Sevgi sənin üçün nə deməkdir?

- Sevgi mənim üçün sədaqət, inam, ehtiram, anlaşma, hava, sudur, bir sözlə, hər şeydir. Mən sevgini yalnız iki insan - qadın və kişi mənasında yox, hər mənada açmasını desəm, sevgi təmiz olmalıdır. Bəzək-düzəksiz, saxta və yalansız, hər yerdə hər kəslə. Ailədə yoldaş, işdə hörmətlə sevgi göstərdiyim həmkarlarımla, əməkdaşlarımla, həqiqi dost deyə biləcəyim kəslə, sevgi və hörmət təmiz olmalıdır.

- İlk məhəbbətin olub?
- İlk məhəbbətim məktəb vaxtında olub. Sarı saçlı gözəl bir qız var idi. Onu sevmişdim. Bu sadəcə məktəb sevgim idi. (Gülür).

- Yaradıcılığında nə kimi yeniliklər var?
- Yaradıcılığımda çox yeniliklər var. Hamı istirahət edəndə mən yeni rəqs qururam. Son zamanlar isə əsasən özüm quruluş verdiyim dünya xalq rəqsləri və milli rəqslər, həmçinin çox hörmət etdiyim baletmeyster Fərhad Vəliyev tərəfindən qurulan rəqsləri ifa edirəm. Bu rəqslər xarakterik rəqslərdir. Düşünürəm ki, öhdəsindən lazımınca gəlirəm ki, tamaşaçılar təkrar bu rəqsləri görmək istəyir.

- Fatimə, yoxsa Oksana - hansını seçərdiniz?
- Hind folklor rəqsində Fatimə xanımı, hind estrada rəqsində isə Oksana xanımı. Amma hal-hazırda hər janrda tərəf-müqabilim olaraq Səbinə xanımı seçərdim.

- Deyirlər Oksananın oynadığı rəqsləri siz bəyənmirsiniz. Sadəcə o vaxtı Elşad Xosedən çəkindiyinizə görə ona cavab vermədiniz?

- Deyilənlər düz deyil. Mən heç kimdən çəkinmirəm. Həmişə sözün düzünü demişəm. Bəzən kiminsə rəqsi xoşuma gəlməyib, sonra başqa bir rəqsdə isə onu bəyənmişəm. Həmişə də olanı üzünə demişəm, vəssalam.

- Tələbəniz varmı?
- Mən artıq 20 ildir ki, müəllim kimi çalışıram. Tələbələrimin sayı-hesabı yoxdur. Bakı kəndlərindən tutmuş, gimnaziya və özəl müəssisələr, hər iş yerində saysız tələbələrim olub. Hal-hazırda da "İlham Kərimli" rəqs studiyamda onlarca qrupum və 200-dən çox tələbəm var. Eyni zamanda da böyük yaş qrupunda "İlham" rəqs qrupu fəaliyyət göstərir.

- Şou-biznesin qanunlarını kim yazır?

- Şou-biznesdə mən olmadığım üçün bu sualın cavabını verə bilməyəcəyəm.

- İncəsənət qurban tələb edir?

- İncəsənət qurban tələb etmir. Bu yanlış sözdür. Belə deyim ki, ailə və sənət balansını saxlaya bilməyən hansınısa qurban verir və bu sözü deyir. Şükür ki, mən ikisini də bir arada idarə edə bilirəm.

- Kapriziniz nədir?
- Çox da kaprizli bir insan deyiləm. Amma düzgünlük və dəqiqlik mənim üçün önəmlidir.

- Qüsurunuz nədir?

- Qüsurum odur ki, sadəlövhəm, insanları özüm kimi görürəm.

- Konsert haqqında düşünürsünüz?
- Əlbəttə, istəyirəm konsert verim, amma çətindir. Çünki kişi rəqsləri üçün sponsor tapmaq çətin məsələdir. Olarsa, gərək bütün maliyyə işlərini özüm şəxsən həll edim. İnşallah, olar.

- Sənət sizi seçdi, siz sənəti?

- Sənətim məni doğulandan çəkmişdi. Mən isə ağlım kəsəndən sonra onu seçdim.

- Prodüserin varmı?
- Yoxdur, bütün işlərimi özüm həll edirəm.

- Rəqsdən başqa gəlir yeriniz varmı?

- Bütün gəlirim bu sənətdəndi. Qazanıb yaşayıram, başqa işim yoxdur.

- Qalmaqal nə deməkdir sənin üçün?

- Qalmaqal etməyi sevmirəm, sözü bir dəfə qısa və konkret deməyi daha çox sevirəm.

- Sizcə insan yaşa dolduqca müdrikləşir?
- Əlbəttə, insan zaman keçdikcə müdrikləşir, həyata tamamilə başqa fikir və nəzərlə baxır.

- Həyatda missiyanız nədir?
- Yaxşı müəllim, yaxşı ata, yaxşı ailə başçısı, ən əsası isə yaxşı adam olaraq qalmaq və dəyişməməkdir. Ən böyük vəzifəm budur.

- Kişilər ağıllıdır, yoxsa qadınlar?
- Qadınlar ağıllıdır, amma kişilər isə həm ağıllı, həm də uzaqgörəndir.

- Zövqünüzcə xanım necə olmalıdır?
- Mənim zövqümcə olan xanım sadə, təmiz, səliqəli, xanım kimi danışan, rəftar edən xanımlardır.

- Deyilənlərə görə formada qalmaq üçün ərəb rəqsi oynamaq yaxşıdır.

- Bəli, ərəb rəqsində edilən hərəkətlər qadınları formaya sala bilər. Ona görə ki, ərəb rəqsində edilən hərəkətlər bədənin hər bir hissəsini hərəkətə gətirir.

- Bilirsiniz, indi yerindən duran özü-özünə titul verir. Bəs sənin titulun nədir?
- Mənim ən gözəl titulum ata adıdır. Oğlum mənə hər ata deyəndə ən gözəl titulu bəxş edir.

- Düzdür ki, arzular gerçəkləşdikdə həyat mənasını itirir?

- İnsan yaşadıqca hər yaşda arzular, istəklər dəyişir. Mənim isə hələ çox arzularım var.

- Bu sənətdə sənə dəstək olan oulbmu?
- Çox təəssüf edirəm ki, mənə heç kim bu sənətdə dəstək olmadı. Amma mən tələbələrimə həmişə dəstəyəm.

- Sənətin sirlərini kimdən öyrəndiniz?
- İlk olaraq sənətin sirrini Pirallahı Mədəniyyət Mərkəzində, sonra isə Kamil Dadaşovdan milli rəqsi öyrəndim. Hind rəqsini dediyim kimi Hindistanda, şərq rəqslərini, slavyan rəqslərini öz ölkələrində öyrənmişəm. Həmçinin rəqsin bəzi sirlərini isə baletmeyster Fərhad Vəliyevdən öyrənmişəm. Bildirim ki, mən öncə Mədəni Maarif Texnikumunun teatr rejissorluğu və İncəsənət Universitetinin kino rejissorluq fakültəsini də bitirmişəm.

- Hazırda rəqsə tələbat varmı?
- Bizdə rəqsə tələbat var. Hal-hazırda inanın, 65 yaşında kişi tələbəm var, 60 yaşında xanım tələbəm var. Yəni rəqsi öyrənmək istəyən üçün heç bir yaş məhdudiyyəti yoxdur.

- Azəri rəqsləri asandı sənin üçün, yoxsa hind rəqsləri?
- Hər xalqın rəqsinin öz çətinliyi var. Milli rəqs asandır mənə, ona görə ki, o rəqsi göz açıb görüb götürmüşəm. Hind rəqsini isə sevdiyim üçün həvəslə öyrənmişəm. Rəqs mənim həyatımın ayrılmaz bir hissəsidir. Mənim yaşamaq vasitəm, stimulum, bir sözlə, ayrılmaz kölgəmdir.

- Oksana müsahibələrinin birində demişdi ki, məndən başqa hind musiqilərini oynayan yoxdur.

- Oksana xanım bu sözü bilmirəm kimin üçün deyir. Hələ özəl kanallar olmayanda AzTV-də məhz hind rəqslərini ifa etmişəm, sonrakı illərdə isə özəl kanallarda daha geniş təbliğ etmişəm. İlham Kərimli adı çəkiləndə hamı bir sözü deyirdi: "o, hind rəqsi oynayan oğlan". Bax, bu söz bütün yalanlara cavabdır.

- Məndə olan məlumata görə elə rəqqasələr var ki, toylarda aşı 20-80 manata aparır. Buna münasibətin necədir?
- Düz deyirsiniz. Çox təəssüf ki, bizim rəqqaslar 50, 70, 100 manat arası toylarda aş aparır. Qiymətlər də dəyişir. Bizim başqa qazanc yerimiz yoxdur.

- Ərəb ölkələrinə niyə getmişdiniz?

- Rəqqas kimi müqavilə bağlayıb, 4 il yaşamışam orada. Bütün ölkələrdən rəqqaslar, instrumental ifaçılar və müğənnilər gəlmişdi. Bu illər ərzində mən ərəb ölkələrinin bir çox bölgə və folklor rəqslərini öyrənmişəm.

- Bilirik ki, çıxışınız "7-17" müsabiqəsinə təsadüf edir. Necə hisslər keçirdiniz?

- Mənim üçün çox dəyərli yarışma oldu . Çünki Əfsər Cavanşirovun seçimi ilə yarışmaya qəbul edildim. Yarım finala qədər yarışmada iştirak etdim. Əlbəttə, həyəcan hissi yaşayırdım. Amma təcrübə qazandım.

- Maraqlı müsahibəyə görə çox sağ olun.

Şəlalə NƏRİMAN.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az