Aydın Vəliyev: “Vaxtında əlimdə olan imkanları yetərin qədər dəyərləndirmədiyimə heyfsilənirəm”

Aydın Vəliyev: “Vaxtında əlimdə olan  imkanları yetərin qədər dəyərləndirmədiyimə heyfsilənirəm”


Bugünkü müsahibim Aydın Vəliyevdir. Respublikamızda hamı onu Aydınçik kimi tanıyır

- Özünüz haqqında məlumat verərdiniz?

– Əslimiz Novxanıdan olsa da, özüm İçərişəhərdə anadan olmuşam. 26 №-li məktəbdə oxumuşam, indi o məktəb Bülbül adına orta məktəb adlanır. Alidə üç qardaş bir bacıyıq. Özüm isə ailəliyəm, 3 oğlum var.

- Neçə oldu ki, musiqi ilə məşğul oldunuz

– Gənc yaşlarımda məhəlləmizdə gitara ilə çalıb oxuyanlar çox idi və görüb öyrənmişəm. Maraq da ondan olub

- Uşaqlıq illərindən danışardınız, necə uşaq olmusunuz?

– Uşaqlıqda deməzdim ki, çox dəcəl idim və 12 yaşımadək məni Aydın deyib çağırdılar sonra isə "Aydınçik" dedilər.

- Dolya Vorovskaya mahnısı həyatınızda bir dönüş yaratdı, necə oldu ki, bu mahnını yazdınız?

- Dolya mahnısını ilk dəfə gənc ikən Krasnovodsk şəhərində rus dilində eşitdim. Sonra Bakıya gəlib azəri dilində əlavələr edib oxuyaraq məşhurlaşdım.

- İlk məhəbbət nə deməkdir sizin üçün?

- İlk məhəbbət mənim üçün bir xatirədir.

- Yaradıcılığımızda nə kimi yeniliklər var?

- Yeniliklər çoxdur, o qədər çoxdur ki, bəzən özüm eşidəndə çaşıram ki, bu səslənən mahnı mənimdir ya yox.

- Toylara necə, dəvət alırsınız?

– Çox minnətdaram xalqıma ki, məni unutmurlar və öz xeyir işlərinə çağırıb maddi mənada dəstək olurlar.

- Qısqanc insansınız?

– Əvvəllər qısqanclığımın həddi yox idi, indi uşaqlarım böyüyüb və qısqanclığımdan da əsər-əlamət qalmayıb.

- Sizin üçün sevgi nə deməkdir?

– Mən sevginin nə olmasını indi dəqiq bilirəm. Gənc üçün bu yardır. Amma mənim üçün hal-hazırda övlad və ailə sevgisidir. Bu mənim tam dürüst fikrimdir.

- Sizcə həyatda necə dəfə sevmək olar?

– Həyatda bir-necə dəfə sevmək mümkündür. Amma mənim gənclərimizə məsləhətim bu olar ki, öz könüllərini 1 ismətli insanla bölsünlər.

- Kişi ağlaya bilər?

– Uşaqlıqda ağlamaq nə olan şeydir bilmirdim. Amma indi kinoya baxanda da məni ağlamaq tutur.

- Sizcə populyarlıq, yoxsa pul üstündür?

– Əgər mənim cavanlıq vaxtım olsaydı mən populyarlığı seçərdim, indi isə populyar olmaqla tox olmazsan.

- Əvvəlki pərəstişkarlarınız yenə var?

– Mən hədsiz şadam ki mən nə vaxtsa özümü tanıtdıra bilmişəm və indi də onun bəhrəsini görürəm.

- Övladlarınızdan necə, sizin sənətinizi davam etdirəcəklər?

– Əfsus ki, mənim övladlarımdan heç biri mənim davamçım olmadı. Amma şadam ki, hərəsi özlərinə bir səmərəli yol tapdı.

- Aydın müəllimin niyə prodüseri yoxdur?

- İnanmıram ki, mənim prodüserim olsaydı onunla dolana bilərdim.

- Haçansa konsert vermək istəyirsinizmi və əminsinizmi konsert salonunu doldura bilərsiniz?

- Ehhh!!! Mən istəmirəm ki, mənim konsertim olsun. Çünki doğrudan da bilmirəm zalı doldura bilərəm, ya yox. Axı bu zamanda hər şeyi reklam həll edir.

- Bu sənətdə sizə kim dəstək oldu?

– Bu sənətdə mənə heç kim dəstək verməyib. Mən bir günün içində məşhur olan müğənnilərdənəm. Maraqlısı odur ki, 40 illik fəaliyyətimdə unudulmadım. Hələ yaddaşlardayam.

- Vicdanınız haçansa sızıldayıb?

– Bu suala cavab üçün mən yəqin Məşədi İbadı xatırlatsam yerinə düşər. Sözsüz ki, mən insanam və özümə görə uğurlarım və səhvlərim olub və öz səhvlərimin vicdan əzablarını çəkmişəm.

- Efirlərdə niyə görsənmirsiniz?

– Ona görə görsənmirəm ki, işim çox olur, Axı mən Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Əliağa Vahid adına Satirik Teatrda musiqi tərtibatçısı işləyirəm və çəkilişlərə vaxt tapa bilmirəm.

- Mahnılarınızı müğənnilərə satırsınızmı?

– Bəli, yazıb satıram və tapşırıram ki, mənim mahnıda müəllifliyimi bildirməsinlər.

- Nəyə heyfsilənirsiniz?

– Vaxtında əlimdə olan imkanları yetərin qədər dəyərləndirmədiyimə heyfsilənirəm.

- Nədən qorxursunuz?

– Övladlarımın xeyir işini görmədən ölməyimdən.

- Özünüzü şou-biznesdə görürsünüz?

– Əfsuslar olsun ki, hələ də bu sözün mənasını dərk edə bilməmişəm. Onun üçün də bu haqda heç bir söz deyə bilmərəm.

- Həqiqətən Elnarə sizin uşaqlıq sevginiz olub və o, mahnı haradan yaranıb?

– Elnarə ilə tanışlığım 1 Mayda olub, parada hazırlaşan vaxtı. Biləndə ki 150№-li orta məktəbdə oxuyur. Çox şad oldum ki, mənim məktəbimə yaxın olan məktəbdədir. Deməli, tez-tez görüşməyə imkan olacaq. Bu "Elnarə" mahnısı da elə oradan yarandı. Biz doğrudan da tez-tez görüşürdük. Sonra isə onların ailəsi xaricə köçməli oldu və bizim görüşlərimizə son qoyuldu.

- Gənclərdən kimin ifasını dinləyirsiniz?

– Gənc ifaçılardan xoşuma gələnlər çoxdur, amma xoşuma gəlməyənlər də var, necə deyərlər meşə çaqqalsız olmaz. Meşə anlamında şou-biznes dediyiniz sözü nəzərdə tuturam.

- İlk dəfə necə yaşından tanındınız?

– Hazırda 55 yaşım 14 yaşımdan mən artıq Aydinçik kimi xalq içində tanınırdım. 55-14=41, bax 41 ildir sənətdəyəm.

- Qalmaqala düşmüsünüzmü?

– Qalmaqalım olmayıb, olsa yəqin ki, mahnılarıma görə ola bilər.

- Darıxanda hansı mahnısı zümzümə edirsiniz?

– Mən musiqi ilə öz işim kimi rəftar etməyə öyrəşmişəm, onun üçün də hər zaman təzə yaranan musiqi və ya sözlər mənim zümzüməmdə ola bilər.

- Şəlalə nə deməkdir sizin üçün?

– Böyük qayalardan toplu axar suyun yüksəkdən yerə düşdüyü və ətrafa yayılan gücünü səsi ilə çatdırma bacarığı, bəzən həzin şırıltısı, bəzən öz gücü ilə canlını vahiməyə salmağı Şəlaləyə məxsus olan əlamətdir.

Şələlə Nəriman

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az