Sevgidən, şəxsi həyatdan danışmaq istəməyən Nüşabə Ələsgərli çox şeylərdən danışdı

Sevgidən, şəxsi həyatdan danışmaq istəməyən Nüşabə Ələsgərli çox şeylərdən danışdı
Ürəyimdə deyirəm: «Ucadan demə, təvazökarlıqdan uzaq olar»

İncəsənət insanın ən incə duyğularına xitab edən nadir sənət növüdür. Bu baxımdan müəyyən dərəcədə jurnalistikanı da incəsənət nümunəsi adlandırmaq olar. Çünki gözlərin gördüyünü istər-istəməz qəlbə köçürürsən. Duyğuların, düşüncələrin fırtınasında ürəyinin səsini dinləməli olursan. Bəzən də elə olur ki, dodaqaltı pıçıldayırsan: "Ürəyimlə bacarmıram, neyləyim".

Şəlalə rubrikasının bugünkü qonağı "Ürəyimlə bacarmıram, neyləyim" mahnısı ilə ürəkləri fəth edən əməkdar artist Nüşabə Ələsgərlidir. Gəlin birlikdə onun qəlb dünyasına səyahət edək.

- Özünüz haqda məlumat verərdiniz.

- 21 dekabr 1967-ci ildə Şəki şəhərində anadan olmuşam. Ailədə 5 uşaq olmuşuq: 3 qız, 2 oğlan. Musiqi ilə tək mən məşğul olmuşam. Orta məktəbi oxumaqla bərabər Sumqayıtda 3 nömrəli musiqi məktəbinin fortepiano sinfinə getmişəm. VIII sinfi bitirib, Ü.Hacıbəyov adına Sumqayıt orta ixtisas musiqi məktəbinin xor dirijorluğu fakültəsinə daxil olmuşum. 1982-1986-cı illərdə orada təhsil almışam. Qırmızı Diplomla bitirib, 1986-cı ildə indiki Bakı Musiqi Akademiyasına daxil olmuşam. 1991-ci ildə Konservatoriyanı bitirmişəm. 2 övladım var. Əməkdar artistəm.

- Musiqiyə həvəs sizdə haradan yarandı?
- Uşaq yaşlarımdan musiqiyə həvəsim olub.

- Necə uşaq olmusunuz?

- Çox dəcəl qız olmuşam, lap oğlan uşağı kimi. Bizim Şəkidə küçəmizin adı Abdulla Şaiq idi. Hamı bu küçədə mənə küçənin xalq artisti deyirdi.

- Müğənnilikdən başqa hansı işlərlə məşğulsunuz?
- Əslində, mən peşəkar musiqişünasam. Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm.

- Bu vaxta kimi neçə musiqi albomunuz çıxıb? Heç xeyriniz olubmu albom satışlarından?
- Haradasa 12-15 albomum çıxıb. Amma albomdan hamı kimi mənim də heç bir xeyrim olmayıb. İlk albomum "Sənsən ürəyim" adlanırdı, 1995-ci ildə çıxıb. Orda olan "Ürəyimlə bacarmıram" mahnımdan isə xeyrim oldu. Albom yayıldı. Bu mahnı ilə məni tanıdılar və qonorar da aldım.

- Şou-biznesə münasibətiniz necədir?
- Normaldır.

- Kimlərin ifasını dinləyirsiniz?
- Zeynəb Xanlarovanı, Flora Kərimovanı, İlhamə Quliyevanı, Elmira Rəhimovanı, Brilyant Dadaşovanı, Teymur Əmrahı, Abbas Bağırovu, Səidə Sultanı və ümumiyyətlə əvvəlki nəslin bütün mahnılarını dinləyirəm. Gənclərdən də istedadlılarını dinləyirəm, adlarını çəkdiklərimi.

- Müxtəlif ölkələrdə səyahətdə olmusunuz. Bizim xanımlarla xarici ölkə xanımlarının fərqi nədir?
- Doğrudan da mən bir çox ölkələrdə səyahətlərdə olmuşam, amma inanın səmimiliyimə, elə bir fərq görməmişəm. Biz onlardan fərqli olaraq bir az bahalı və dəbli geyinməyi və ən çox da makiyajdan istifadə etməyi xoşlayırıq. Fərq olsa-olsa, elə budur.

- Tələbələriniz varmı?
- Universitetdə var.

- Qadınların bir çoxu niyə kobud kişiləri xoşlayır?
- Nə bilim, vallah. Yəqin qadınlar zərif məxluq olduqlarına görə özlərindən fərqli olaraq kişinin kobud olmasını istəyirlər. Yoxsa qadın zərif, kişi zərif, olmadı ki?
- Sizcə məhəbbət də ehtiras qədər ötəri hissdir?

- Hərəsinin öz adı olduğu kimi mənası da başqadır. Məhəbbət elə məhəbbətdir, ehtiras isə məhz ötəri hisdir.

- Şou-biznesin açarı kimin əlindədir?

- Heç kimin. Bu dəqiqə hərə özü üçündür.

- Sizcə adi bir çiçək məqama düşən vaxt adamı xoşbəxt edə bilər?

- Ooooy, əlbəttə, məhz gözəl dediniz, məqama düşəndə. O məqamı düzgün tutan olsa, bir çiçək qarşı tərəfi xoşbəxt edə bilər.

- Sizcə kişi qadında nöqsan axtarırsa, bu ayrılığın təməlidir?

- Bəzən iki cür olur. Bəzən dəyişkən kişilər olur. Onlar hər şeyə bir qulp qoyurlar və qətiyyən ayrılmaq fikirləri olmur. Bəziləri isə ayrılmaq üçün bəhanə gəzir.

- İlk məhəbbətiniz kim olub?
- Bu haqda danışmaq istəmirəm.

- Bilirik ki, ailəli olub ayrılmısınız. Ailənizin dağılmağına sənətinizin təsiri olubmu?

- Mənə həmişə şəxsi həyatımdan sual verəndə, mən deyirəm ki, əgər mən bu haqda danışsam, şəxsi olmur, olur ictimai.

- İnsanlar nəyi itiriblər?

- İnsanların hamısı yox, bəziləri kiçik hörmətini itiriblər. Görün atalar böyüyə hörmət etmək barədə necə deyib: "Böyüksüz yerdə oturma". Yəni böyüyə sayğı, hörmət birinci olmadı.

- Gözünüzün günahı çox olur, yoxsa dilinizin?

- Dilimin günahı çox olub. Özümdən çox tez çıxanam. Onda da əsəbi vaxtımda kiminsə xətrinə dəyə bilərəm. Amma sonra da peşman oluram.

- Şou-biznesdə baş verən hansı hadisələrdən utanırsınız?
- O qədərdi, hansını deyim, bilmirəm. Ayrı-ayrı insanların hərəkətindən, verdikləri müsahibədən utanmışam. Kiminlə münasibətim var, zəng edib iradımı bildirmişəm. Kiminlə yaxın deyiləmsə, ürəyimdə demişəm: "Allah köməyi olsun!"

- Doğrudanmı dünya göz yaşlarına dəyməz?
- Dünya o zaman göz yaşlarına dəymir ki, artıq yetəri qədər yaşamısan. Amma insan həyatdan tez köçəndə dünya üçün ağlayır. Daha doğrusu, dünya üçün yox, özü üçün.

- Ümidlərinizin boşa çıxdığı vaxtlar olurmu?
- Olub. Amma çox nadir hallarda.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?
- Gedirəm, qiyməti köməkçim danışır.

- Yaradıcılığınızda nə kimi yenilik var?
- Yeni albomum altı aydır işıq üzü görüb, 1 klip çəkdirdim, yeni il ərəfəsində iki mahnı yazdırdım, martda isə, Allah qoysa, Almaniyaya gedəcəm. Novruz bayramı ərəfəsində konsert proqramı ilə çıxış edəcəm.

- Sevmək çətindir, yoxsa sevilmək?
- Nə bilim, artıq bu mövzu mənim üçün aktual deyil, vallah. Amma yəqin sevmək çətindir.

- Qalmaqal nə deməkdir sizin üçün?

- Əsəb-əhvalının pozulmasıdı. Həmişə qaçmışam, qaçıram da. İstəyirəm ki, uzaq olum qalmaqaldan.

- Ürəkdən haçan ağlamısınız?

- Atam rəhmətə gedəndə. Gənc əmim oğlu, sonra isə əmim rəhmətə gedəndə.

- Haqsızlıqlarla çox mübarizə aparmısınız?
- Həmişə sonunda onsuz da haqq gəlir, öz yerini tapır.

- Qısqanc xanımsınız?
- Qısqanc xasiyyətim var. Amma ifrat dərəcədə deyil.

- Axır vaxtlar sürətlə arıqlamağınızın səbəbi nədir?
- Yeməklə mayeni bir-birindən ayırmışam. Yeyərkən qəti surətdə su, sok və s. maye qəbul etmirəm. Yeyib qurtarandan yalnız 2 saat sonra su və yaxud çay içirəm.

- Stilistiniz varmı?

- Konkret stilistim yoxdur. Anarla, Pərvizlə, Gülya xanımla və s. işləmişəm.

- Şəlalə nə deməkdir sizin üçün?
- Şəlalə mənim üçün təmizlikdir, gözəllik rəmzidir. Allah Təalanın yaratdığı möcüzələrdən biridir. Mən də sizi çox istəyirəm. Facebook-da dostuq. Əsas da şərhlərini sevə-sevə oxuyuram.

- Deyirlər, Gülüstan xanımla aranızda inciklik olub. Hazırda münasibətləriniz necədir?
- Çox gözəldir. Onunla konservatoriyada bir oxumuşuq. Bu il yanvarın 1-də bir yerdə idik.

- Övladlarınızdan bu sənəti seçən oldumu?
- Yox, övladlarım XI sinifdə oxuyurlar, hal-hazırda ali məktəbə hazırlaşırlar. Bu sənəti seçmədilər.

- Bu gün keçmişə baxanda nə kimi hisslər keçirirsiniz?
- Ötən illərə nəzər salanda özüm-özümə deyirəm ki, necə qoçaq qız olmusan, sən necə zəhmətkeş olmusan. Ürəyimdə deyirəm: "Ucadan demə, təvazökarlıqdan uzaq olar".

Bu gün o, hər şeyi ucadan dedi. Qələmə aldığım hər misrada sanki öz səsi ilə siz dəyərli oxuculara müraciət etdi. Bu səsin məlahətini sizlərə ötürə bilməsəm də, qəlbinin incə duyğularını qəlblərinizə köçürməyə çalışdım.

Şəlalə kənarında görüşənədək...

Şəlalə Nəriman

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az