YAQUT NƏRİMAN: “Xasiyyətim tünd olduğundan çalışıram ki, məni sevənlər səsimə görə qiymət versinlər”.

YAQUT  NƏRİMAN: “Xasiyyətim tünd olduğundan çalışıram ki, məni sevənlər səsimə görə qiymət versinlər”.

- Yaqut, 2013-cü il hansı xatirələrlə yaddaşında qaldı?

- Həyatımda çox yeniliklər oldu. Min şükür edirəm hər şeyə. Bilirsiniz, ailə həyatı qurdum, öz xalam oğlu ilə. Yeni mahnılarım oldu. Bir çox xalq mahnılarını oranjiman etdirib xalqımıza çatdırdım. Gördüyüm işlərə görə bir çox mükafatlara layiq görüldüm.

- Hazırda hansı bəstəkarlarla işləyirsən?
- Faiq Sücəddinovdan bir mahnı götürmüşəm. Sədaqət Arifqızından çox gözəl bir mahnı ifa edəcəyəm. Xanım İsmayılqızından, Kamaldan çox gözəl mahnılar ifa etmişəm.

- Yaqut, imicində necə, dəyişiklik edəcəksən?
- Mənim xasiyyətim demək olar ki, tünd olduğuna görə hər şeyi geyinmirəm, çalışıram ki, qapalı olum və məni sevənlər səsimə görə qiymət versinlər. Elə xalq artistlərimiz var ki, illərlə o imicdədirlər, elə də bəyəniblər. Hər adamın da əl işini bəyənmirəm. Hazırda öz ustam var. Elnurə adında gözəl bir xanımdır. O, mənim bütün xarakterimi bilir və onun əl işi ürəyimcədir. Qaldı bir də stilist Samiraldo ilə çalışıram. Hətta hansısa efirə gedəndə geyimlərimi onunla məsləhətləşirəm və bəyənir. Mən açıq-saçıq geyinə bilmirəm. Çünki nə qədər geyinsəm, mimikamdan yenə o geyim qapalı kimi görsənəcək. Qaldı harasa gedirəmsə alış-verişə mütləq bacım Şəlalə ilə məsləhətləşirəm və onun zövqü ilə geyinirəm, başqa kimlərsə müdaxilə etsə də xeyri yoxdur. Çünki mənim bütün geyimlərim və saç düzümüm barədə qərarlarımı Şəlalə verəcək. O mız qoydusa, həmin günü artıq əhval-ruhiyyəm pis olacaq. Bütün stilistlərimizə hörmətim var, amma mən öz zövqümə güvənib hərəkət edirəm. Efirlərdən sonra da sosial şəbəkələrdə səhifəmə məni bəyəndiklərini yazırlar. Hətta geyimlərim haqqında müzakirələrdə həmişə xoş sözlər eşidirəm. Bu da təbii ki, məni sevindirir.

- Səmimi ol, sənə əsas dəstək kim tərəfindəndir?
- Birinci ailəm tərəfindəndir. Şükür ki, həyat yoldaşım sənətimi sevir, mənə ən çox bu sənətdə o, stimul verir. Bir çox verilişlərdə bir yerdə çəkilmişik. Həmişə də deyir ki, məni uzaq tut bu sənətdən. Bir də həmişə ən böyük dəstəyi "Oxu məni" olaraq sizdən görmüşəm. Ona görə də minnətdaram sizə. Bütün xeyir işlərinizdə canla-başla iştirak etməyə hazıram. Bir də xoşbəxtəm ki, bütün jurnalistlər mənə hörmət edir və çox istəyir, mən də onları. Hamısı da ən başlıcası da bacım jurnalist olduğuna görədir. Var olsunlar, qələmləri də iti olsun!

- Hazırda hansı yeniliklərin var?
- Yeni mahnım – "Nazı-nazıdı"dı. Bilirsiniz ki, o, mahnını sevimli sənətkarımız mərhum Şəfa xanım oxuyub. Onunla yaxşı münasibətimiz var idi. Allah o dünyasını versin! Və mən də onun mahnısını yenidən oranjiman etdirib öz üslubumda oxudum ki, ruhu şad olsun. Bu yaxınlarda maqazin verilişlərində təqdimatı olacaq. Belə də qonaq olduğum efirlərdən oxumuşam. İnşallah, səfərlərim olacaq, hələ ad çəkmirəm. Çünki düşər-düşməzi olar. Uzunmüddətli konsertlərim danışılır, ya qismət. İnşallah, konsert olanda bütün süjetlər kanallarda göstəriləcək. Bu barədə demək istəmirəm. Qismət olarsa, bu haqda məlumat birinci "Oxu məni"də gedəcək.

- Toylara necə, gedirsənmi?
- Artıq dəvətlər var, başlayıb. Demək olar ki, reklamlarım getdiyinə görə bir çox toylara dəvət etsələr də mən getmirəm. Çünki toy qiymətlərim bahalaşıb. Kimliyindən asılı olmayaraq xalq artistləri, əməkdar artistlər mənə müraciət edəndə, qiyməti deyirəm razılaşsa gedirəm? Razılaşmayanda mən getmirəm.

- Bu yaxınlarda xəstəxanada yatan həmkarımız Elşadı ziyarət etmisən. Ziyarət vaxtı çəkilmiş şəkillərin də yayıldı.
- Doğrudur, "Reytinq" qəzetinin əməkdaşı Elşadın xəstəxanada yatdığını bilən kimi bacımla ziyarətində olduq. İmkan daxilində köməklik etdik. Mən qəzet vasitəsilə bütün sənət dostlarımdan xahiş edirəm ki, Elşadı gedib ziyarət etsinlər. Çox gözəl insandır, hamı əl tutsa yaxşıdır. Deyir acından başı gicəllənib, yıxılıb. Mən inanıram ki, dövlətimiz bütün jurnalistlərə həmişə dəstək olub, bundan sonra da dəstək olacaq. Şəkilləri paylaşmağımın səbəbi o idi ki, hamı getsin, görsün. Allah ona şəfa versin!

- Yaqut, Yeni ili harada qarşıladın?
- İlk dəfə evdə qeyd eləmədim. 2014-cü ili həyat yoldaşımla birgə Qubada bir restoranda qeyd elədim. Bir ay qalmış Qubadakı prodüser Şakir mənim çıxışımla konsert təşkil eləmişdi. Çox maraqlı oldu, inanın. Mənim mahnılarımla bağlı maraqlı rəqslər oldu. Hətta sosial şəbəkədə olan adminim Tural da maraqlı çıxışlar təşkil etmişdi. Bir sözlə, həyat idi. Hər saniyə anamla-atamla əlaqə saxlayırdım. Onlarsız qeyd etdim, amma ürəyim onlarla idi. Biz sənət adamları beləyik də.

- Həyatda prinsipial insansan?
- Əslində indiki zamanda prinsipial olmaq lazımdır. Qarşıma məqsəd qoyuram və ona nail olmağa çalışıram.

- Hansısa bir işiniz düz gətirməyəndə nə edirsiniz?
- Sakitcə durub məsələnin çözümün səbirlə həll etməyə çalışıram. Düşünürəm ki, bu Tanrının göndərdiyi bir sınaqdır. Əgər səni başa düşən yoxdursa, demək həm də qüsuru özündə axtarmalısan. Ola bilər ki, bəziləri fərdi olaraq səni başa düşməsin. Onda sadəcə susuram.

- Səncə qadınlar ağıllıdır, yoxsa kişilər?
- Əlbəttə, qadınlar. Qadınlar kişilərdən 5 çömçə yuxarıdır.

- Boş vaxtlarında kimin ifasını dinləyirsən?
- Bütün sənətkarları dinləyirəm, fərq ondadır ki, İlhamə Quliyevanın, Aygün Kazımovanın mahnılarını çox dinləyirəm. Hətta bu yaxınlarda ATV kanalında "Gün keçir" verilişində Aygün Kazımovanın "Nigaranam" mahnısını ifa etdim və çoxları bəyəndi. Aygün Kazımova böyük sənətkardır. İlhamə xanım isə dahilərin dahisidir. Onun hər bir mahnısında bir əsər var.

- Həyatda sizi nə qıcıqlandırır?
- Çox insanlardan haqsızlıq görəndə qıcıqlanıram. Sənət aləmində də paxıllıqlar görəndə məyus oluram. Bunlar fikirləşmir ki, bu Tanrının yazdığı qismətdir. Sən nə qədər atdan-düş xeyri olmayacaq. Çünki Tanrı yazıbsa, qismətin də o olacaq. Bir də kimdənsə istifadə etmək olmaz.

- Şou-biznesin qanunların kim yazır?

- Birinci, şou-biznes yoxdur. İkinci də kimin səsi varsa, çıxıb oxuyur. Toya gedib evinə çörəkpulu gətirirsə, elə o da yazır. Çünki bu sahədə heç kim heç kimə qulaq asmır. Hərənin öz dünyası var, öz addımları var. Durub birinə bir söz desən on deyəcək. Hansı biri görəsən adama cavab qaytarmayacaq. Sadəcə sənətdə əsas mahnın tutarlı olsun! Bir də mənə dövlətimin qanunları maraqlıdır. Şou-biznesin qanun-qaydaları yoxdur. Mən özümü incəsənətdə görürəm, şou-biznesdə yox.

- Ürəyində hər hansı bir sual qaldımı?
- Sonda sizə təşəkkürümü bildirirəm. Hamı bilir ki, mənim informasiya dəstəyim sizsiniz. Tanrı bütün sizlərin ailəsini xoşbəxt etsin! Bir də məni bu sənət yollarında kim dəstəkdirsə, heç vaxt unutmuram. Kanallarımızda çalışan rəhbərlərimizə də çox sağ olsunlar deyirəm. Həmişə mənə dəstəkdirlər. Efirlərə dəvət edirlər, var olsunlar. Allah onları qorusun! Bir də daimi oxucularınız var, onları mən də salamlayıram və inşallah, xeyir işlərində iştirak edəcəyəm. Məndə olan məlumata görə bir çoxları özləri gəlib toyumda iştirak etmişdilər. Allah hamısını xoşbəxt eləsin!

Könül AYPARA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az