«Mən səviyyəsiz, yerini bilməyən insanlara cavab verib onların səviyyəsinə düşən deyiləm»

«Mən səviyyəsiz, yerini bilməyən insanlara cavab verib onların səviyyəsinə düşən deyiləm»

- Özünüzü təqdim edərdiniz?

- Mən Bilqeys Mehdiqızı Bakı şəhərində anadan olmuşam. Ailədə iki uşaq olmuşuq. Özümün də bir qızım bir oğlum var. Hamıdan yalnız səsimə görə seçildim, tanındım. 27 ildir bu sənətdəyəm.

- Necə oldu ki, müğənni oldunuz?
- Beş yaşımdan məni musiqi duyumuma görə Əbilov adına Mədəniyyət Mərkəzinin piano kursuna qəbul ediblər. İndiki kimi yadımdadır, not bilmirdim. Aliyə müəlliməm qəbul üçün məni yoxlayanda hansı notu vururdusa həmin notu mən də vururdum. Dedi ki, bu uşağın yaşı kursa çatmasa da bundakı istedad Allah vergisidir, mən qəbul edirəm. 12 yaşımda "Qırmızı qərənfil" məktəblilər ansamblının solisti idim. O vaxtlar AzTV-nin çox ciddi vaxtları idi. Canlı çıxıb oxuyurduq. Evə gələndə bütün hamı bizə baxırdı, tanıyırdı deyə özümüzü bir növ ulduz sayırdıq.

- Ailənizdə musiqiçi olubmu?
- 17 yaşında ailə qurdum. Həyat yoldaşım musiqiçi olub. 6 il sonra həyat yollarımız ayrıldı. Ailəmdə musiqi ilə məşğul olan olmayıb. Anam ev xanımı olub, amma gözəl səsi var idi. Atam uzun illər dövlət işində çalışıb. Mənim uşaq ikən bu musiqiyə həvəsimə əvvəl ötəri baxırdılar. Həyat gətirdi çıxartdı hardan-hara.

- Yoldaşınızla ayrılmağınıza səbəb nə oldu?

- Ayrılmağımıza sənətim səbəb olmadı. İkimiz də musiqi dəlisi idik, maraq dairəmiz eyni idi. Ailəm xəyanətin qurbanı oldu. Yoldaşım dinc oturmurdu. Hətta çox yaraşıqlı kişi idi.

- Ayrılandan sonra hər ikiniz də ailə qurdunuz?

- Yoldaşım ayrılandın sonra ailə qurdu. Amma burda yox. Bir oğlu oldu. 13 ildir rəhmətə gedib. Mənim başım evə, sənətimə qarışdı. İstədim ailəm olsun, amma baxdım ki, olmayacaq. Alınmadı.

- Səmimi olun, həyat yoldaşınızın qəbrini ziyarət edirsiniz?
- Uşaqlarım gedəndə mən də gedirəm. Şəklinə baxıb gileylənirəm. Oğlum da deyir ki, mama, cavab verməyəcək, qoy rahat yatsın. Həyat belədir də, nağıl kimi.

- İlk məhəbbətiniz olubmu?
- İlk məhəbbətim elə həyat yoldaşım olub. 15 yaşımda sevib, 17 yaşımda ailə qurmuşuq. İlk məhəbbətimdən xatirələrim iki övladımdır. Hər zaman gözümün önündədir.

- Sevgi nə deməkdir sizin üçün?

- Sevgi dəvətsiz qonaq, bağlanmaq, özünü unutmaq deməkdir. Sevinci az, acısı kəskindir. Bu dünyada əbədi deyil, sonu ya xəyanətdir, ya da ayrılıq.

- Qısqanc xanımsınız?
- Qısqanc olmaq durumla bağlı bir işdir. Normal münasibətdə dostlarıma qarşı qısqanc deyiləm. Qaldı sevgi üzərində olan qısqanclıq, zamanında bəlkə də çox qısqanc olmuşam. Sevgi olan yerdə qısqanclıq olmalıdır. Məni sevən mənim olmalıdır. Əgər başqası ilə paylaşıramsa, sevgi deyil o.

- Niyə çoxdandır efirlərdə görsənmirsiniz?
- Mütləq deyil ki, efirə çıxıb görsənəsən. Maşallah, bu gün də mənim səsimə, sənətimə yetərincə qiymət verərək axtarıb tapanlar var. Efirə çıxmamağımın səbəbi böyükdür. Vaxt gələcək açıqlama verəcəyəm.

- Sizi ən çox ən narahat edir?

- Məni ən çox narahat edən haqlı olduğun halda haqsız duruma düşməyimdir.

- Şou-biznesdə özünüzü görürsünüz?
- Xeyr, Şəlalə xanım, mən ucuz biznesdə yoxam. Ümumiyyətlə, gülməli gəlir bu şou-biznes sözü mənə. Azərbaycanda hələ belə biznes yoxdur. Boş-boş özlərini aldadırlar, rahatlıq tapırlar. Onları da qınamıram, neyləsinlər axı, görüləcək başqa iş yoxdur.

- Sizi özünüzdən nə çıxarda bilər.

- Mən çox səbirli insanam. Məni özümdən çıxarda bilənlər, yəni daş atanlara mən gül atmışam. Çünki mən qarşımdakı insanı zəif gördüyüm üçün susmuşam. Həyatda məni ilk dəfə görən insanlar həmişə sakit təbiətli olduğumu deyiblər. Mən hər bir insanla öz xarakterinə görə münasibət qururam. Yaxşıya yaxşıyam, pisdən isə uzaq düşürəm ki, əli çıraqlı olsa da məni yenə tapa bilməsin. Allah elə pislərin günahından bizi uzaq tutsun. Amin!

- Kimlərin ifasını dinləyirsiniz?

- Ürəyimə yatımlı bir musiqi olanda dinləyirəm, kimliyindən asılı olmayaraq. Yeni çıxan gənc müğənnilərimiz var, baxıb heyfsilənirəm ki, istedadını üzə çıxarmağa imkanı yoxdur, dəstək də yoxdur.

- Uşaqlıqda necə uşaq olmusunuz?
- Çox nadinc, yaramaz bir uşaq olmuşam. Bütün günü futbol oynamışam. Ən çox sevdiyim yer bağçamızdakı hasarın üstü olurdu. Evdə nadinclik edəndə qaçıb bağımızın damına çıxardım. Ora məndən başqa heç kim çıxmırdı.

- Dalınızca atılan daşlardan topuğunuza dəyən olubmu?
- Dalımca o qədər daş atılıb ki, amma faydasız olub. Sınıq şüşəni yenidən birləşdirsən də tam olmur, yeri qalır.

- Məhəbbət nə deməkdir sizin üçün?
- Məhəbbət Allah tərəfindən hər bir insana verilən müqəddəs duyğudur. Körpə uşaq gözünü dünyaya açmazdan öncə anasının qoxusundan o hissləri özündə formalaşdırır. İnsan ütün dünyanı, insanları sevəcək bir gücə malikdir.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Yeniliklər çoxdur. Qabaqcadan demək düşmür, işim alınmır. İnşallah, işlərimi tamamlayan kimi sizə məlumat verəcəyəm. Təki sağlıq olun!
- Sevmək çətindir, yoxsa sevilmək?
- İkisi də çətindir. Allah hər kəsə qarşılıqlı sevgi qismət eləsin.

- Gözünüzün günahı çox olub, yoxsa dilinizin?
- Allah bilir kimin nə qədər günah sahibi olduğunu. Bilərəkdən günah işləməmişəm, amma bilməyərəkdən işlədiyimiz günahları Allah bağışlasın.

- Kumiriniz kimdir?

- Kumirim yoxdur. Mənim həyata baxışım həmişə fərqli olub. Ağlı başında olan sözünün, söhbətinin yerini bilən, Allahına, dininə bağlı, insanlara qarşı mərhəmətli, doğru-düzgün insanlar mənim üçün həmişə hörmətə layiq olub. Və çalışmışam ki, həyatda bilmədiyim nə varsa, bu insanların təcrübəsindən, həyat mövqeyindən bəhrələnirəm.

- Şou-biznesdə sponsorsuz irəliləmək olur?
- Bu sənətdə bu gün elə bir sistem yaradılıb ki, sənətin var, ya yoxdur, fərq etmir, pulunu ver, işini gör, ol ulduz. Nə qədər ki, bu sənətdə saxtakarlıq baş alıb gedir, bu belə də davam edəcək. Güclü sponsorun olsa da bir gün o da bu "qaydasız döyüş"dən bezib kənara çəkiləcək.

- Qalmaqala münasibətiniz necədir?
- Qalmaqal dedikdə bunu formalaşdırıb şou-biznesin qanununa çeviriblər. Mütləq qalmaqal olmalıdır, mütləq antireklam böyük reklamdır deyib bu həyasızlığı həyata keçirən mənəviyyatı, şəxsiyyəti üçqəpiklik olan insanlardır. Müğənni, ya bir başqa sahənin adamı olsun, onun şəxsiyyətinə xələl gətirən insanları gərək qanun çərçivəsində cəzalandırsınlar ki, arxadan gələnlərə dərs olsun. Necə ki, əvvəllər bizim korifey sənətkarlarımızın arasında söz-söhbət olub, amma efirdə belə söz-söhbətlərə yer verilməyib. Efir mədəniyyəti olub. Yəni, indi aşkarlıqdır, 30-40 ilin sənətkarının əziyyətini, zəhmətini yerə vurun, nə var ki, reytinqiniz qalxsın. Mən inanmıram ki, o dövrün sənətkarları belə ucuz qalmaqala cavab versin. Hər bir sənət adamının xalq arasında öz dinləyəni olub, bu gün də var. Qalmaqal yaradan insanların axırı xeyirlə bitməyəcək. Buna heç Allah da izn verməz ki, kiminsə haqqına girəsən.

- Olubmu kimsə sizinlə qalmaqal etmək istəsin?

- Qalmaqala həvəslilər çox olub. Bar verən ağaca daş atan çox olur, mən baş qoşmuram. Allaha həvalə edirəm. Mən elə səviyyəsiz, yerini bilməyən insanlara cavab verib onların səviyyəsinə düşən deyiləm. Mənim öz həyat tərzim var. Mənə kiminsə haqqı çatmaz nə isə desin. Bu sənətdə mənim kiməsə borcum yoxdur ki, kimdənsə çəkinim, susum. Mənə daş atanın dərdini anlamağa çalışıram ki, səni nə vadar etdi ki, özünü bu qədər alçaldırsan. Əgər bu işdən mənfəət güdürsənsə çox ziyanın var. Ağıllı ol, səni də, məni də Yaradan Allah var.

- Övladlarınızdan bu sənətin davamçısı varmı?
- Bir oğlum bir qızım var. Qızım ailəlidir, oğlum subaydır hələ. Heç biri bu sənəti seçməyiblər.

- Nədən utanırsınız?
- Hansısa bir müğənni haqda cavab verməyə utanıram, söz tapa bilmirəm. Daha doğrusu, müğənni adını daşımağa utanıram. Çünki get-gedə bu sənəti hörmətdən saldılar. Axı nə qədər efirə çıxmasam da adım bu ailənin içindədir.

- Unudulmaqdan qorxmursunuz ku?
- Unudulmaq mənim üçün elə bir dəhşətli hal deyil. Mən əgər gündəmdə qalmaq üçün can atsaydım, bəlkə də məndə olan yaradıcılığın, bacarığın bu gün gündəmdə olan insanların bir çoxunda yoxdur. Amma mən heç vaxt rəqabət aparmaq istəməmişəm. Çəkilib kənara ailəmlə vaxtımı keçirməyi daha üstün tutmuşam. Və buna görə də peşman deyiləm. Hər gün efirə çıxıb özünü zorla sevdirməyin yeri yoxdur. gərək səni həqiqətən sevsinlər. Uzun müddətdir gündəmdə olmasam da mənə qarşı sevgiləri axtarıb tapmaları böyük sevinc bəxş edir. Kimlər üçün bəlkə də unuda bilərəm, bəlkə yeni gənc nəsil məni tanımaya bilər. Bu onların günahı deyil, normal haldır.

- Bu gün keçmişə baxanda nə kimi hisslər keçirirsiniz?
- Keçən günlərimə baxanda yalnız yaxşı yadda qalan xatirələri xatırlayıram. Acı xatirələri belə düşünmək belə acı verir insana.

- Toylara gedirsinizmi?
- Toylara çox getmirəm, nadir hallarda olur. O da yaxın tanıdığım insanların məclisinə. Tam olaraq ayrılmaq da olmur bu sənətdən. Elə bir an olur toyda oxumaq istəyirəm, onda da gedirəm.

- Professional sənətə hansı ildə gəldiniz?
- 1993-cü ildə "Söylə-söylə" mahnımla tanındım. 11 il 1989-cu ildə Əbilov adına Mədəniyyət Evində musiqi müəlliməsi işləmişəm.

- Qadına xoşbəxt olmaq üçün nə lazımdır?
- Qadın xoşbəxt olmağa layiqdir. Bu gün gənc bir qız sabahın anasıdır, evinin xanımıdır. O, müqəddəs sözə dəyər verib qiymətləndirmək isə kişilərin öhdəsinə düşür. Bir qadının xoşbəxt olmağı üçün tək sevgi bəs etmir, gərək qadına qarşı diqqətli yanaşasan, sonra qadından diqqət, sevgi gözləyəsən. Bizim qadınlar kimi dözümlü, səbirli qadınlar dünyanın heç bir yerində yoxdur, xoşbəxt olmağa layiqdirlər. Zərif məxluqdurlar, nə qədər güclü, cəsur olsalar da yenə də bir sözlə belə kövrəlirlər. Qadınlarımıza xoşbəxtlik arzu edirəm.

Şəlalə NƏRİMAN


Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az