Yasin Qarayev: “Yaşamaq çətindir!”

Yasin Qarayev: “Yaşamaq çətindir!”
“Təəssüf ki, o xəstəliyin məndə də virusları var”

- Özünüz haqda məlumat verərdiniz...

- Rəhmətlik anamın dediyinə görə, 1946-cı ilin 22 iyununda atam Mikayıl müəllimin ölümündən iki ay sonra dünyaya gəlmişəm. Mən də doğum günümü həmişə 22 mayda qeyd edirəm. Məndən əvvəl bir qardaşım varmış, adı da Vaqif imiş. Yazıq "su çiçəyi"ndən dünyasını dəyişib. O, öləndən sonra anam məni də Vaqif deyə çağırıb. Lakin "yaş kağızı"nda adımı Yasin qoyduğuna görə adımı bu günə kimi qoruyub saxlayıram.

- Necə oldu ki, aktyor oldunuz?

- 1964-cü ildə anamın istəyi ilə M.F.Axundov adına Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil oldum. III kursa kimi oxudum. Fikrim-zikrim Xalq Teatrının yanında idi. "Damğa" Satirik Xalq Teatrına üzv olmuşdum. Xarici dilləri atıb, Teatr İnstitutuna daxil oldum.

- Sizə bu sənətdə mənəvi dəstək kim olub?

- Xarici Dillər İnstitutunun professoru, ingilis dilində neçə-neçə dərslilərin müəllifi, anamın yaxın qohumu Oruc Musayev mənə dəstək olub.

- Bəs səhnəyə ilk addımınızı necə atdınız?

- III kursa kimi anamın mənim atdığım riskli addımdan xəbəri olmadı. Bir gün ad günümü təbrik etmək üçün Bakıya gəlmişdi. Tələbə yoldaşlarım Baba Mirzəyevin Filarmoniyadakı konsertlərinə bilet gətirmişdilər. Getdik baxdıq. Səhəri gün də mənim Xalq Teatrındakı ifama baxdılar. Hiss etdim ki, anam mənimlə və dostlarımla qürur duyur. Və ilk addımlarımı belə atdım.

- Uşaqlıq illəriniz necə keçib?

- Uşaqlıq illərim o qədər də ürəkaçan olmayıb. Bütün atasız, yetim uşaqlar necə, mən də elə böyümüşəm.

- Gənc aktrisaların, aktyorların tez bir zamanda özləri üçün lüks şərait qurmalarına necə baxırsınız?

- Bacarıqlı, qabiliyyətli, istedadlı gənclərin lüks həyatına yalnız sevinə bilərəm, heyfsilənə bilmərəm.

- Tamada kimi toylara gedirsiniz?

- Mən hesab edirəm ki, tamadalıq çox çətin, ciddi, məsuliyyətli sənətdir. Mən əsil tamadanı Şəmkirdə Osman Şıxlinskinin simasında görmüşəm. Qalanları, içi mən qarışıq zorəntəbib tamadadır.

- İlk məhəbbətiniz neçə yaşında olub?

- V sinifdə oxuyurdum. Yaşca məndən böyük bir qıza vurulmuşdum. Dostum məsləhət gördü ki, o qızı öpsən, səni sevəcək. Tənəffüsdə keçdim qızın qabağına ki, əyil, qulağına söz deyəcəm. Əyilən kimi üzündən öpdüm. O da yıxıb məni o ki var çırpdı. İlk məhəbbətimi belə xatırlayıram. Bilmirəm, nədənsə ilk məhəbbət deyiləndə yadıma kal meyvələr düşür. Uşaq vaxtı bağçalardan o qədər meyvə oğurlayıb yemişəm ki…

- Qısqanc insansınız?

- Qısqanclığı mən bir xəstəlik kimi qiymətləndirirəm. Təəssüf ki, o xəstəliyin məndə də virusları var.

- Hər sahədə olduğu kimi incəsənət aləmində bir-birinə maneçilik törədənlər çoxdur. Sizcə bu nədəndir?

- Harda olursan ol, qəsdən kiməsə mane olmaq qeyri-sağlam düşüncəyə məxsusdur.

- Sizcə aktyora savad lazımdır?

- Şüurlu insanların hamısına savad lazımdır. Xüsusilə də aktyorlara. Lakin birinci növbədə aktyora Allah vergisi lazımdır. Tanrı da o istedadı seçdiyi bəndələrinə verir.

- Səhnədə başınıza maraqlı hadisələr gəlibmi?

- 80-ci illərdə İsi Məlikzadənin "Gəl, qohum olaq" tamaşasını oynayırdım. İfa etdiyim Qarakişi rolunu çox çılğın oynadığımdan hərdən özündən getmək dərəcəsinə çatırdım. Rüsvay olmamaq üçün ürəyimdə Allaha o qədər yalvardığım anlar olub ki… Sonralar Rza Təhmasibin dediyi Stanislavski təlimində "ölçü" hissi nəzəriyyəsini xatırladım və hər şey qaydasına düşdü. Bax, bu rollarda başıma maraqlı hadisələr çox gəlib.

- Olubmu tamaşaçıları güldürəndə ürəyinizdən ağlamaq keçib?

- Anam dünyasını dəyişəndə uşaq kimi elə hönkürdüm ki, bayırda göy guruldadı, leysan başladı. Bilmədim təsadüf idi, yoxsa nə idi, anlamadım.

2006-cı ildə 60 illik yubileyimi dövlət səviyyəsində qeyd edirdilər. Bədbəxtçilikdən həmin gecə mənim üçün çox əziz olan bir qohumumun ölüm xəbərini eşitdim. Mən tamaşaçıları güldürməli idim. Lakin qəlbimdən dəli bir ağlamaq keçirdi.

- Sizcə, ağılla ürəyin arasında qalmaq çətin olur?

- Ağılla ürəyin öhdəsindən gələndə həmişə köməyimə çatan yumruq boyda ürəyim olub. Yəqin ona görə tez-tez sızıldayır.

- Sizcə, kişilər niyə qadınları təhlükəli hesab edir?

- Mopassan deyib ki, qadınlar anlaşılmaz varlıqdır. Lermontov da təəccüblə yazıb: "Bir qadın məni mən özgəsini sevdiyimə görə sevdi". Amma mənim fikrimcə, ərinə tabe olan qadın qadınların ən yaxşısıdır.

- Hazırda nə işlə məşğulsunuz?

- Bir azdan kino çəkilişləri başlayacaq. Odur ki, istirahət etmək fikrindəyəm və istirahət edirəm.

- Tənhalığı sevirsiniz?

- Açığı, tənhalıqdan çox qorxuram. Nüsrət Kəsəmənlinin yazdığı "Mənim bu ağaca yazığım gəlir" şeirini oxuyanda gözümün önünə kimsəsiz insanlar gəlir. Allah heç kəsi cənnətdə də tənha etməsin.

- Sizi xoşbəxt edəcək üç əsas səbəb?

- Məni xoşbəxt edəcək səbəblərdən biri mənim ideal qəhrəmanım "Ağ atlı oğlan"ın reallaşması olacaq. Ürəyimə damıb ki, torpaqlarımızı da həmin oğlan xilas edəcək.

- Gözünüzün düşməni kimdir?

- "Qurani-Kərim"də yazılıb ki, yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Ona görə belələrindən zəhləm gedir, gözümün düşmənidir.

- Yasin bəy haçan təhlükəli ola bilər?

- Kimsə məni axmaq yerinə qoyanda, Allah göstərməsin, yalquzaqdan da təhlükəli oluram.

- İndiyə kimi neçə illərdi bu sənətdəsiniz. Müəllimləriniz kim olub?

- Yarım əsrə yaxındır teatr mədəniyyətimizin çiçəklənməsi üçün çalışıram. Bu dövr ərzində çox dəyərli müəllimlərim olub ki, teatr tariximizə öz adlarını qızıl hərflərlə yazdırıblar. Rza Təhmasib, Müxlis Qənizadə, Səftər Turabov, Şəfiqə Axundova, Gülarə Əliyeva, Rəhilə Cabbarova, Hüseynağa Sadıqov ustadlarımdır.

- Tamaşaçıların sevgisini necə qazandınız?

- Zənn edirəm ki, "Tamahkar"da oynadığım Qulu rolum yaradıcılığıma bir mayak, tamaşaçı sevgisinə isə körpü oldu.

- Hiss edirsiniz ki, yaş o yaş deyil?

- Reallıqla barışmaq lazımdır. Başa düşürəm ki, yaydan sonra payız gəlir.

- Aktyorluqdan başqa əlinizdən nə gəlir?

- Mənə elə gəlir ki, insanın bacarmadığı şey yoxdur. Lakin etdiyini zövqlə, məhəbbətlə etməlisən. Zövq və məhəbbət isə insanın daxili məzmunu ilə müəyyənləşir.

- Özünüzü hansı nağılın qəhrəmanına bənzədirsiniz?

- Cavanlıqda özümü "Ağ atlı oğlan"a bənzədirdim. Hal-hazırda Ağ atlı oğlanın mehtəri olardım, təki gəlsin.

- Keçmişdən sizə ən çox hansı xatirə qalıb?

- Tanrının mənə bəxş etdiyi bacarıq məni kənd camaatının istəklisinə çevirmişdi. El şənliklərində, toyda, nişanda balaca Yasinin adı dillərdə əzbər idi. Şirin, məlahətli oxumağım, Novruz bayramında Kosa, Keçəl rollarım hamının xoşuna gəlirdi. Bu, həm də mənim ilk kövrək uğurlarım idi. Şənliklərin birində el aşığı Mikayıl Azaflı qoşmasını əzbər söylədiyimə görə alnımdan öpüb mənə xeyir-dua verdi. Bu da sənət yolumun başlanğıcında aldığım ən yüksək qiymət idi.

- Sevgi nədir sizin üçün?

- Mənə elə gəlir ki, dünyanın heç bir neməti insanı sevgi qədər doydura bilməz. Ona görə də iştaham olanda deyirəm:

Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni,

Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

- Övladlarınızdan sizin sənəti seçən oldumu?

- Ailəmizdə hamımız Azərbaycan mədəniyyətinə qulluq edirik. Həyat yoldaşım 25 il AzTV-də radio diktoru işləyib. Oğlum Rövşən həmin şirkətdə qrafist-dizaynerdir.

- Seriallara dəvət alırsınızmı?

- Bəzi seriallara baxanda ürəyimdə fikirləşirəm, İlahi, nə yaxşı ki, məni bu seriallara dəvət etməyiblər. Bir-iki ay bundan öncə "Mosfilm"in çəkəcəyi 200 hissəli filmə dəvət almışdım. Obyektiv səbəblərdən razılığa gəlmədim. Amma "Azərbaycanfilm"in çəkəcəyi "Polkovnik xəzinəsi" bədii filminə təsdiq olmuşam.

- Bu sənət sizə nə verdi?

- Bu sənət mənə görmək, eşitmək, xalqın ruhuna nüfuz edib, dərdinə şərik olmaq bacarığını verdi.

- Unudulmaqdan qorxursunuz?

- Unudulmaq ölmək kimi bir şeydir. Zənnimcə heç kim ölmək istəməz.

- Küsülü olduğunuz həmkarınız varmı?

- Sənətdə küsülü olduğum adam yadıma gəlmir. Yalnız otuz il bundan öncə bir aktrisa ilə sadə bir şeyin üstündə küsülü olmuşam. Lakin tamaşada sevgi səhnəsini elə şövqlə oynayırdıq ki, tamaşaçı alqışına qərq olurduq.

- Şəlalə nə deməkdir sizin üçün?

- Gecələr ayı seyr etməkdən və şəlaləyə baxmaqdan zövq alıram. Hər ikisi ruhumu şad edir.

- Həqiqi dostunuz varmı?

- Mənim üçün dostluq iki bədəndə bir ruh kimidir. Dostu ruh özü tapır. Famil Mehdi yazır: "Məni qardaş yolunda imtahana çəkməyin, onu təbiət verib, ürəyimə hərarət, qoluma qüvvət verib. Məni dost yolunda imtahana çəkin ki, çox alışıb-yanmışam. Dostları bu dünyada mən özüm qazanmışam.

- Qalmaqallı günləriniz olubmu?

- Sənətdə qalmaqaldan uzaq olmağa çalışmışam. Şəxsi həyatımda isə rastlaşıb, sarsıntı keçirmişəm. Keçmiş ola.

- Rəqibiniz varmı?

- Heç kimi özümə rəqib bilmirəm. Sadəcə olaraq, məndən öndə olanlara çatmağa çalışıram.

- Ölmək asandır, yoxsa yaşamaq?

- Ölüm var həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli. Deyirlər ki, quş ölməzdən əvvəl oxuyur. Nə gözəl ölümdür. Belə ölməyə nə var ki?! Yaşamaq çətindir.

- "Kaş ki" dediyiniz anlar çoxdurmu?

- Hərdən gücüm çatmayan daşı qaldırmaq istəyəndə başa düşürəm ki, səhv edirəm.

- Hansı müğənnilərin ifasını bəyənirsiniz?

- Tanrı müğənni dostlarımın günahlarından keçsin. Müslüm Maqomayevə qulaq asanda elə bilirəm ki, o, bu planetin adamı deyil.

Şəlalə Nəriman

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az