Elariz Məmmədoğlu hansı məsələ ilə bağlı vicdanının sızıldadığını etiraf etdi?!

Elariz Məmmədoğlu hansı məsələ ilə bağlı vicdanının sızıldadığını etiraf etdi?!
“Samiraldo ilə heç vaxt münasibətim olmayıb, bundan sonra da olmayacaq”

- Özünüz haqqında məlumat verərdiniz.

- Yaşımı deməyəcəyəm. Əslim Bakıdandı. Sovetskidə böyümüşəm. 16 nömrəli musiqi məktəbində tarla fortepiano fakültəsini bitirmişəm. Eyni zamanda İncəsənət Universitetinin rejissorluq fakültəsinin məzunuyam. 10 yaşından bu sənətdəyəm. 1975-ci ildən musiqi ilə məşğulam. Professional sənətə 1992-ci ildə gəlmişəm. Ailəliyəm.

- Necə oldu ki, müğənni olmaq istədiniz?

- Uşaqlıq illərindən marağım olub və musiqi məktəbinə sənədlərimi verəndə talantım olduğunu dedilər. Gözəl səsim olduğunu bildirdilər. Hətta xorda da oxumuşam. Ailədə razı idilər ki, mən də musiqiçi olum. Çünki çox sevirdim sənətimi. Allahın qisməti. Sonralar Teymur Əmrah da mənimlə məşğul olub, müəllimim olub. Vokal dərsləri keçmişəm.

- Uşaqlıq xatirələrindən danışın. Sizi evdə necə çağırırdılar?

- Uşaq vaxtından elə məni Elariz çağırırdılar, ləqəbim olmayıb. Çox dəcəl olmuşam. Böyük mən olmuşam. Bacım kimyaçıdır. Qardaşım hərbi polis idi. 1994-cü ildə Qarabağda şəhid oldu. Yalnız mən incəsənətlə məşğul oldum. Bəziləri kimi incəsənətin yanından keçənlərdən olmadım. Mən uşaqlıq illərindən təpədən-dırnağa kimi bu sənətdəyəm. Gənclik illərim də maraqlı keçib.

- "Toylar karlı" yarışmasında niyə aparıcıya söylədiniz ki, gəlib uduzub gedəcəyəm? Qorxdunuz ki, yetərincə SMS toplaya bilməyəsiniz?
- Əlbəttə, mən orda SMS toplaya bilmədim. Çünki orada milyonlarla səslər gedirdi. Bu isə başqa məsələ idi. Mən də gəldim ki, yarışmada ifa edib gedim. Deməsinlər ki, qorxdu, oxuya bilmir. Gəlib göstərdim ki, bəstəkar mahnısını necə ifa edirlər. Düzgün ifa etdim. Əlbəttə, onsuz da qalib gəlsəm də, çıxıb gedəcəkdim. Oxudum və "sağ olun" dedim, "mən gedirəm". Mənim dalımca danışmasınlar deyə fikrimi söylədim, çıxıb getdim.

- Bir çox sənətdə olanlar var ki, sizdən sonra gəlib ad alıblar. Siz necə? Müraciət etmisinizmi ad almaq üçün?
- Müraciət etmişəm. Amma mən artıq "Əməkdar" adına layiqəm. Bu yaxınlarda mənə "Azərbaycan Bayrağı" mükafatını verdilər və həmin nişanı bu gün taxıb seçkiyə getdim. Bundan qabaq da prezidentimizi seçmişdim.

- Niyə solo-konsert vermirsiniz?

- Hər şey maddiyyata bağlıdır deyə konsert verə bilmirəm.

- Bəzi həmkarların üçün niyə həmişə hücum hədəfi olmusan?
- Konkret olaraq Rəfael, Coşqun, Müşfiq mənə söz atırlar. Bu yaxınlarda "Xəzər TV"də qonaq olduq. Verilişdə sual verdilər ki, niyə Elariz Məmmədoğlu və maestro Ceyhuna söz atırsınız, məhz onlar sizin hədəfinizdədir. Onlar isə cavab verdilər ki, çünki bu iki insanın duzu var. Həm də Elarizgili tamaşaçı qəbul edir. Elə insanları az parodiya edirik ki, tamaşaçılar onları heç qəbul etmirlər. Ona görə bunlarla zarafat edirik. Bilirik ki, xətirlərinə dəymir. Qəbul edirlər.

- Samiraldo ilə nəyi bölüşə bilmirsiniz?
- Eşitmişəm ki, bir qrupda mənim haqqımda özünü reklam etmək istəyir. Mən onu təkrar etsəm, həmin qrupa böyük reklam olar. Ona görə də deməyəcəyəm. Birinci dəfədir ki, bu qrupun adını eşidirəm. Mənə də reklam lazım olsa deyərəm ki, filankəsi bəyənirəm. Samiraldo ilə heç vaxt münasibətim olmayıb. Bundan sonra da olmayacaq. Nə deyir desin, özü bilər. Bir onu bilirəm ki, bir ailədə üç uşaq varsa, hamısının məclisini mən aparmışam. Demək sevilirəm ki, qəbul olunuram ki, toylarına məni çağırırlar.

- Sizə "Elit toyların kralı" ləqəbini kim verib?
- Mənim xəbərim yox idi. Bir gün zəng edib çağırdılar ki, hansısa şadlıq sarayında qalib olmuşam. Getdim, məni "Elit toyların kralı" adı ilə təltif etdilər. Heç kimə heç nə deməmişəm bu haqda. Sonralar hamı, bütün jurnalistlər məni "Elit toylar kralı" kimi təqdim etməyə başladı.

- Sizcə, şou-biznesin qaydalarını kim yazır?
- Şou-biznesin qaydalarına mən tabe deyiləm. Həmin qaydalar illərlə yazılan qaydalardır. Nə tabeyəm, nə də qaydalarla maraqlanmıram. Sadəcə bəzi yerlərdə riayət etmək lazımdır.

- Bəs açarı kimin əlindədir şou-biznesin?
- Kim gündəmdədir, açarı da onun əlindədir.

- Düzünü de, kimlərin ifasını dinləyirsən?

- Radionu dinləyəndə hansı mahnı olsa, xoşuma gəlsə, qulaq asıram. Adları yadımda deyil. Çoxdur. "Space" radiosundakı aparıcılar - Gülnar xanım və İlahə Şıxlinski həmişə deyir ki, müğənnilərin səsləri bir-birinə oxşayır. Amma Elariz Məmmədovun səsi hər an seçilir, bilirsən oxuyan kimdir. İstedadlı müğənnilər haçansa sözlərini desələr, mən də onları tanıyacağam. Amma indi bəzi gənclər var ki, çalışmalıdırlar hamı onları tanısın, özlərini təsdiq etməlidirlər. Biz də o yolu seçmişik.

- Tələbələrin varmı?
- Bir çoxları var ki, mənə deyiblər, Elariz müəllim, sən bizim müəllimimizsən. Demişəm, necə axı? Deyiblər ki, diskinizə, verilişlərinizə baxıram. Toyları necə canlı aparırsınızsa, baxıb öyrənirik, biz sizin tələbənizik. Təbii ki, mən də dəstək oluram onlara.

- Bəzi həmkarlarınızın sizə qarşı inamsızlığının kökü haradandır?
- Bunun kökləri dərinə gedir. İnsan özünü bir az ötkəm göstərəndə ondan qorxurlar və mən həmişə demokratik, gülərüz göstərmişəm. Mənim haqqımda danışanda, söz atanda qorxmurlar. Heç kim də özünə sual vermir ki, yaxşı, bunun səsi yoxdursa, 25 ildir necə oxuyur? Səsim yoxdursa, "Ağ dəniz axşamları"nı necə yaratmışam? Qoysunlar qarşılarına, görüm həmin mahnını oxuya bilərlər, görsünlər, təkrar edə bilərlər? Hələ yeni işlərimi demirəm.

- Sizcə yaşamağa, yaratmağa dəyər?
- Əlbəttə, dəyər. Mən sənətkaram, seçilirəm. Çünki həyatda da öz sözümü dedim, ailədə də, sənətdə də. Hər barədə mənim sözüm dəyərli olub. Barmaqla sayılan sənətkaram.

- Olubmu həyat sizi ağladanda gülmüsünüz?
- Olub. Mənim qardaşım şəhid olanda elə olub məcburiyyət qarşısında gülümsəmişəm. Həyatda hamı hər şeyə hazır olmalıdır.

- Bütün addımlarınızı ağıllı sayırsınız?
- Həyatda səhvsiz insan yoxdur. Kim deyir ki, səhvim olmayıb, o insan ruhi xəstədir. Ümumiyyətlə, mənim kobud səhvim olmayıb, səhvlər olanda xırda olub. Bu gün səhv etmişəmsə, səhər düzəltmişəm.

- Vicdanın nə vaxt sızlayıb?

- Ümumiyyətlə, bir dəfə olub. Ailədə bir nəfəri məcbur olub aldatmışam. Amma bu aldatma onun xeyrinə olub. Sonra baxmışam ki, vicdanım sızıldayıb, onu da qəlbimdə hiss etdim.

- Olubmu ki, kimsə haqqını halal etməyib sizə?
- Belə bir şey eşitməmişəm.

- Dilinizin günahı çoxdur, gözünüzün?
- Gözün günahı çoxdur hər halda.

- 80 yaşında hansı mahnını ifa edərdin?
- Heç inanırsan ki, 80 yaşına kimi yaşayım. Allahın işidir. Nədənsə inamım yoxdur. Əgər yaşayaramsa, bir mövzu taparam. "Şükür olsun Allahıma" mövzulu bir mahnı ifa edərəm.

- Hansı məqamda səhnədən gedərdin?
- Bilsəm ki, oxuya bilmirəm, səhnədən gedərəm.

- Ətrafınızda olanlar sizə qarşı diqqətlidirlər?
- Diqqətli olanlar da var, olmayanlar da. Qaldı, hərə öz tərbiyəsini göstərir. Diqqətli mədəniyyətini göstərir. Hər kəsin öz yaşam tərzi var.

- Sözü üzə deyən insansınız?

- Məqamlara baxır. Bəzi hallarda uduram, danışmıram. Bəzi vaxt deyirəm.

- Çıxılmaz vəziyyətdə kimdən kömək istəmisiniz?
- Elə vəziyyətim olanda deyirəm: "Ay Allah, sən özün mənə bir yol göstər. Səndən kömək istəyirəm!"

- Toylara tez-tez gedirsiniz və sirr deyilsə, neçəyə?
- Toylara gedirəm təmənnasız. Pul almağı tərgitmişəm. Gedirəm oxuyuram, deyirəm, sağ olun. Pul almıram. Bax, bu yeni açıqlamamdı. Artıq pul almağı tərgitmişəm, məni öpürlər, qucaqlayıb yola salırlar.

- Prodüserin varmı?

- Ümumiyyətlə, mənim prodüserim olmayıb. Özüm olmuşam öz prodüserim. Bütün işlərimi özüm görmüşəm. Mənim menecerim olub. Bu yaxınlarda menecerim yeni bir iş qurub özünə. Ola bilsin ki, yenisini götürdüm özümə. Həmin menecerim 10 ildir mənimlə çalışırdı.

- Həyatda ciddi görünsəniz də, üzünüzdə məsum bir təbəssüm var? Nədəndi?
- İnsanlara hörmətdən.

- İlk məhəbbətiniz neçə yaşında olub?
- Uşaq vaxtında, yadımda deyil.

- Həyat yoldaşınızla necə tanış oldunuz?

- Biz Universitetdə tələbə yoldaşı olmuşuq. Mən onda ilk dəfə eşq elan etmişəm.

- Toyda başınıza maraqlı bir hadisə gəlib?
- Doktor Əhməd var idi - kardioloq. Mahnının ortasında oxuyuram: "Bizim bəyimizin 3 oğlu olsun, bizim gəlinimizin 3 oğlu olsun". Sonra bir başqa bir adamın toyunda gəldi tutdu məni: "Bura bax, Elariz, bəs deyirdin 3 oğlu olsun, 2 olub, bəs 1-i hanı?" Nə qədər güldük onda.

- Elariz sevgisinin uğrunda nələri qurban verər?
- Sevgi uğrunda çox şeyi qurban verir: vaxtını qurban verir, yemək-içməkdən qalır, iştahası pozulur, fikir çəkir. Çox şeyi qurban vermək olur sevgiyə görə.

- Hərdən zəmanədən gileylənirsiniz?

- Nadir hallarda olur. Sonra deyirəm ki, reallıqla barışmaq lazımdır.

- Şou-biznesdə hansı müğənnilərə hədiyyə almısınız?
- Çox müğənnilərə hədiyyə almışam. Xanımlara ətir almışam, kişi dostlarıma da köynək almışam. Halal xoşları olsun. Yaşar Nuriyə ölümündən 2 həftə qabaq bir kostyum aldım. Mənə dedi ki, bir pencək al, sonra görəndə dedi ki, nə oldu pencək? Dedim, sizi görmürəm axı. Sonra getdi Türkiyəyə, gəldi. Məni görəndə dedi: "nə oldu pencək?" Dedim: "alıram". Dedi: "indiki pencəklər elə kostyum qiymətinədi. Elə pencək alınca mənə kostyum al". Mən də 180 manata kostyum aldım. Yaradıcılıq gecəsinə gedə bilmədim. Bir həftədən sonra rəhmətə getdi. Halal xoşu olsun. Hətta deyirdi ki, efirdən etiraf edəcəyəm ki, kostyumumu Elariz alıb. Allah rəhmət eləsin!
- Rəqibiniz kimdir?
- Əgər mən tapdanmış yolla getsəydim, rəqiblərim çox olardı. Amma mən elə yol seçmişəm ki, sənətimdə rəqibim yoxdur.

- Elarizin çətinliyi nədədir?
- Hərdən evdə oturub söhbət edəndə deyirlər: "filan proyekt sənin idi, eləmədin, başqası oxudu, ya elədi". Bunu mən də bilirəm. Dünyada sənətçilər evlənirlər, sonra da boşanırlar. Ailə ilə sənət tutmur. Ailə saxlayanda bir az maddi cəhətdən çətinlik olur. Ailəyə görə çox şeylərdən keçirsən, proyektlərə getmirsən. Şükür, belə çətinliyim yoxdur hələ ki?
- Aygün Kazımova ilə münasibətin necədir?
- Aygünlə çox yaxşıyam. Biz onunla uşaqlıq dostuyuq. Əvvəllər bir yerdə çalışmışıq, küsməmişik. Görəndə də bir-birimizlə salamlaşmışıq.

- Efirlərdə niyə görünmürsünüz?
- Həmişə gözləyirəm məni dəvət etsinlər. Heç vaxt özüm xahiş etmirəm ki, məni çağırsınlar. Nə vaxt dəvət olundum, gedirəm.

- İmic dəyişikliyinə qərar verəndə plastik əməliyyat barədə fikirləşdiniz?
- Mən plastik əməliyyata pis baxmıram. Bir insanın burnu əyridirsə, çətin nəfəs alırsa, əməliyyat elətdirməlidir. Səhnə adamısansa, özünə baxmalısan. Lazım olsa mən də elətdirərəm, amma məndə ehtiyac yoxdur.

- Müğənnilikdən başqa qazanc yeriniz varmı?
- Yoxdur, yalnız toylardandır gəlirim.

- Hazırda müğənnilik sənətinə axın çoxdur. Bu, sizi qorxutmur ki?
- Qətiyyən qorxutmur. Çünki bir zamanlar çox adam var idi. Bizimlə sənətə gələnlərdən hamısı ələndi, bir mən, bir də Vasif qaldıq. Məncə təzə başlayanda səhnə ağır olduğundan çoxları tab gətirə bilmir.

Şəlalə Nəriman

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az