- Özünüz haqqında məlumat verərdiniz?
- 1990-cı il noyabrın 5-də Bakı şəhərində anadan olmuşam. Əslimiz Bakdandır. Ailədə 3 uşaq - 2 bacı 1 qardaş olmuşuq. Professional səhnədə beş ildir fəaliyyət göstərirəm. 10 yaşından oxuyuram.
- Necə oldu ki, bu sənəti seçdin?
- Mən ev şəraitində məktəbə getmişəm. Musiqi təhsilim yoxdur, amma vokal dərslərinə getmişəm. Həmişə demişəm musiqi mənim üçün hobbi deyil, bu mənim üçün professional sənətdir, işdir. Öz üzərimdə çox işləyirəm. Anam mənə çox dəstək olub. O özü də Milli Musiqi Akademiyasını bitirib. Güclü müəllimlərdən də dərs almışam. Vokal müəllimim Məryəm Babayevadır. Əməkdar müəllimdir. Milli Musiqi Akademiyasının dosentidir.
- Bəs bu sənətə sırf yönəlməyin uşaqlıqdan olub?
- Uşaqlıqdan maraq olub. Əvvəllər utanır, çəkinirdim. Fikirləşirdim ki, məni necə qəbul edəcəklər. Axı mənim səhhətimdə problem var. Amma bu günə gəlib çıxdım, şükür Allaha! Gördüm ki, sən demə səhv fikirləşirmişəm ki, kimsə məni başa düşməz.
- Yaradıcılığında nə kimi uğurlar var?
- Yeni mahnım radiolarda səslənir. Mahnının adı "Həsrətindəyəm", musiqisi Sevinc Tağıyevanın, sözləri Mina xanımındı, oranjimanını Azad Vəliyev edib. İnşallah, klip çəkdirəcəm. Yeni mahnılar çoxdur.
- Sənə dəstək haradan gəlir?
- Mənə ailədən dəstək gəlir, anamdan, atamdan. Həmişə deyirlər ki, qorxma, irəli get, biz səninləyik.
- Səhhətindəki problem anadangəlmə olub, yoxsa sonradan?
- Anadangəlmə olub. Görməməyimə görə narahat deyiləm. Müalicə etdirirəm. Heç kim kömək etmir. İndiyə kimi 3 dəfə göz əməliyyatı keçirmişəm. 2 dəfə də ayaq əməliyyatı keçirmişəm. Hamısının da xərcini valideynlərim çəkib, heç kim kömək etməyib. Tam müalicəmə də güclü əməliyyat lazımdır.
- Şou-biznesin qanunlarını kim yazır?
- Çətin sualdır. Ümumiyyətlə, şou-biznesin özu bir qanundur.
- Bəs Murad şou-biznes qanununa tabedir?
- Murad sərbəst insandır. Heç kimin sözü ilə də oturub-durmur. Oturub-durmayacaq da heç vaxt. Öz işlərimlə məşğulam.
- Xarici görünüşün bu şou-biznesdə səni narahat etmir ki?
- Mənim özümü narahat etmir. Kimisə narahat edirsə, başqa məsələ. Əgər kimsə mənə baxıb danışırsa, demək gündəmdəyəm, məni sevirlər, izləyirlər. Həyatda heç vaxt paxıl insan olmamışam, hamının da xoşbəxtliyini istəyirəm.
- Əsəbi insansan?
- Qətiyyən yox, səbirli insanam. Belə deyirlər: "Mənə əl vurma, əl vurmayım sənə". Həyatda çox dözümlü insanam.
- Səncə bu sənətdə qədrin bilinir?
- Bilən bilir, bilməyənlər də bilmir.
- Toylara gedirsən?
- Niyə də getmirəm. Qiyməti deyə bilmərəm. Təmənnasız da gedirəm.
- Hansı mahnıları ifa edirsən?
- Mənim öz repertuarım var. Ara mahnılarını ifa etmirəm. Bir də görürsən ki, elə mahnı istəyirlər ki, deyirəm, oxumuram. "Canıyanmış", "Can-cana" - belə mahnıları istəyəndə oxumuram. Çünki qulaq asmıram.
- Kimin ifalarını dinləyirsən?
- Kimin oxuduğu mahnı mənim xoşuma gəlirsə, qulaq asıram, əsas sözləri önəmlidir. Sırf ad çəkməyəcəm.
- Hansı bəstəkarlarla işləyirsən?
- Çox vaxt bəstəkarlar tərəfindən mənə təmənnasız mahnılar hədiyyə edilir. Heç vaxt da pulla almamışam.
- Müğənnilər kateqoriyasına necə baxırsan?
- Ürəyi istəyən özünə titul qoyur. Qoy qoysunlar. Mənim titulum elə Murad Sadıxdır. Mən heç kimə də ad qoymuram.
- Səncə insanlar bu gün nəyi itiriblər?
- Zövqlər dəyişib. Bir də əziyyət çəkirsən, oxuyursan, sonra elə xırda ara mahnısı çıxır ki, o partlayır. Vallah, paxıllıqdan deyil. Sadəcə öz fikrimi deyirəm. Mənim dostlarım məndən çox böyükdür. Onlar da belə deyir. Əvvəl belə deyildi. Bayağı mahnıya nə qədər qulaq asmaq olar, adam bezər. Qoy hamı qazansın. Heç kim heç kimin puluna göz dikməyib. Çalışıb zövqlü mahnılar oxusunlar ki, insanları yormasınlar.
- Səni özündən nə çıxara bilər?
- Məni yalan özümdən çıxarır. Əgər söz verib eləmirsə, mən onu qəbul etmirəm.
- Bu gün içindəki Murad sənə ən çox nəyi irad tutur?
- Böyük səhnələrdə çıxış etmək istəyirəm, imkanım yoxdur. Konsertlər vermək istəyirəm.
- İlk məhəbbətin olub?
- 20 yaşında oldu. Amma xasiyyətimiz düzgün gəlmədi. Doğrudan da çox istəyirdim. İndi azalıb bu hiss. Söz var ki, birinci məhəbbət heç vaxt unudulmur. Bilmirəm haradadır, heç bilmək də istəmirəm. Ailə qurubsa, Allah xoşbəxt eləsin.
- Ayrılığa ilk addımı kim atdı?
- Belə oldu ki, ailəsi qarışdı. Onun tərəf istəmədilər ki, mənimlə ailə qursun. Bəhanə etdilər ki, müğənniyəm. Amma nə dərəcədə düzdür, bilmirəm.
- Müğənni ilə ailə qurmaq olmaz?
- Mənim fikrimcə olar. Qoy fikirləşməsinlər ki, müğənni evə gecə gəlir, fanatları çoxdur. Bir da fanat sevgisi olur, müğənnini öpə də bilər. Bu o demək deyil ki, indi evlidirsə, ayrılmalıdır. Qısqanclıq olmalıdır. Bu, təbii haldır. Pis baxmasınlar hansısa müğənni kişi müğənni xanımla ailə quranda. Ayrılıq da Tanrının işidir.
- İllər sənə nə öyrətdi?
- Çox şey öyrətdi. 15-16 yaşında qapalı həyat sürürdüm. Şou-biznesə qatılmamışdım, heç kimi də tanımırdım. Yalnız öz ətrafımdakıları tanıyırdım. Düzdü, kimsə mənimlə qalmaqal etsə gedərəm. Mən özüm heç vaxt istəmirəm ki, kiminləsə qalmaqal edim. İllərlə bu sənət mənə çox şey öyrətdi. Əvvəl gözüyumulu idim, indi gözüm açıqdır, yaxşını pisdən ayırıram.
- Qısqanc insansan?
- Bəli, çox.
- Kumirin kimdir?
- Çətin sualdır. Hər kəsin kumiri var, mənim yoxdur.
- Ürəkdən haçan ağlamısan?
- 15 yaşımda ağlamışam. Səbəbini də açıqlamaq istəmirəm.
- Nəyə heyfsilənirsən?
- Çətin sual verdin. İstəyirəm bu sualdan keçim. Sözün düzü, fikirləşirdim ki, hər şey mənim üçün asan olacaq, amma çətindir (kövrəlir).
- Şou-biznes səni qane edir?
- Yox, çünki bir-birlərinə söz atıb dava edirlər. Düşünürəm ki, yaxşı deyil, olmayan sözləri efirdə deyirlər. Hər şey qapalı olmalıdır da. Axı bizə tamaşaçılar baxır.
- Hobbin nədir?
- Çoxlu disklər, kasetlər yığıram. Müxtəlif janrlarda oxuyanların diskini yığıram .
- Prodüserin varmı?
- Yoxdur. Çünki bəzi prodüserlər iş görmək istəmir. Mənim fikrimcə prodüser müğənniyə pul buraxmalıdır. Amma indiki prodüserlər maaş istəyirlər.
- Özündən razısan?
- Yox, razı deyiləm. Bir çox müğənnilər var ki, elə bilirdim özlərindən razıdırlar. Ünsiyyət qurandan sonra gördüm ki, belə deyil. Gərək ünsiyyət qurub biləsən ki, bu insan özündən razıdır, ya yox.
- Nazını kim çəkir?
- Anam.
- Sevgi nə deməkdir sənin üçün? Hazırda sevdiyin var?
- Sevgi müqəddəsdir, böyük varlıqdır. Hazırda sevdiyim yoxdur. Amma fikirləşirəm ki, sevib ailə qurum.
- Təhqir etdiyin xanım olub?
- Heç vaxt. Qadını təhqir etmək olmaz, günahdır!
- Səncə qadın həyatda neçə dəfə sevə bilər, kişi neçə dəfə?
- Qadın bir dəfə sevə bilər, kişi dörd dəfə.
- Hansı kişilərə cəsarətli demək olar?
- Düz danışan, mərd insanlara kişi demək olar.
- Tamaşaçılar səndən nə istəyir?
- Yaxşı mahnı istəyirlər.
- Fanatların var?
- Çoxdur. Mənə çatdırırlar ki, bəziləri mənə yaxınlaşmaq istəyir, ancaq ehtiyat edirlər. Çox nahaq yerə. Kim istəyirsə yaxınlaşsın. Sadə insanam, tamaşaçıları da çox sevirəm. O demək deyil ki, mən tanınıram, ulduzam, kimsə mənə yaxınlaşa bilməz.
- 5 ildə qazanc götürmüsən bu sənətdən?
- Şou-biznesdə yalnız toydan qazanılır, yaxud konsertlərdən. Elə də gəlir götürməmişəm.
- Maraq hardan gəlib sənə ki, oxuyasan?
- Öncədən oxuyanlara çox baxırdım, arzulayırdım ki, haçansa mən də sənətdə olacammı... Musiqiçiləri çox sevirdim, qismət gətirdi ki, oxudum.
- İlk dəfə efirə necə oldu ki, çıxdın?
- 18 yaşım var idi. Bəstəkar Arif Səlimov bir mahnı hədiyyə elədi: "Sevməsəm ölərəm". O vaxt Rəhim mənə öz verilişində kömək etdi, çıxdım. Müəyyən dərəcədə tamaşaçılar tanıdı. Radiolarda mahnılar getdi. Rusiyaya getdim, ORT-də çıxış etdim. Ondan sonra fanat ordusu yığıldı. Efirdə gec-gec görünürəm ki, tamaşaçıların gözünü yormayım. Dəvət olanda da çıxıram.
- Bu sənətdə qruplaşma var. Sən də bu qruplaşmada varsan?
- Qətiyyən, heç bir qruplaşmada iştirak etməmişəm.
- Dostların kimdir bu sənətdə?
- Manana, Ədalət Şükürov, Xəyyam Nisanov, Nüşabə Ələsgərli, Məleykə Əsədova. Elnurla da münasibətim yaxşıdır.
- Səhnədə özünə əl gəzdirən kişilərə münasibətin necədir?
- Səhnədə dodaq şişirdib qaş almaq pisdir. Səhnə tələb etmir ki, dodağı silikon elə çıx efirə. Nə yaxşı baxıram, nə də pis. Özləri bilər.
- Rəngli müğənnilər çoxdur?
- Hər yerdə var, niyə də olmasın. Sən Allah, onlardan sual vermə, gecə yuxuma girərlər (gülür).
- Qorxursan onlardan?
- Allahdan başqa heç kimdən qorxmuram. Onlar məndən qorxsun ki, elələrini mən qəbul etmirəm. Mən rəngli müğənnilərlə görüşmürəm (gülür).
- Şou-biznesdə olan ulduzlar bu gedişlə hara gedirlər?
- Onların qarşısını almaq olmaz ki, hara istəyirlər ora da gedirlər.
- Duet təklif olunub sənə?
- Röya Ayxan tərəfindən təklif olundu. Amma alınmadı.
- Uşaqlıqda necə oğlan idin?
- Çox dəcəl olmuşam. Allahıma min şükür edirəm ki, mənim səhhətimdə problem olsa da, heç vaxt məni anam, qohumlar kütlədən ayırmırdılar. Hamı necə böyüyüb, mən də elə. Təklik hiss etməmişəm.
- Ağlınla hissinin arasında qalmısan?
- Əslində çox gözəl sual verdin. Ağlım həmişə üstün olub.
- Həyat səni ağladanda gülmüsən?
- Mən ağlamağı sevmirəm. Bundan da pis ola bilərdi. Min şükür edirəm.
- Ürəyin nədən doymaz?
- Musiqidən, həyatdan, insanlardan.
- Ürəyində hansı sual qaldı?
- Əslində deyirəm mən qalmaqaldan qorxub qaçıram, burdan deyirəm, hamı eşitsin, kimsə mənim sifətimə, şəxsiyyətimə, ailəmə toxunsa, hansısa sözlərlə cavabını alacaq, on beş də artıq. Mən sənətə gəldim ki, tamaşaçılar musiqilərimdən zövq alsınlar.
- Seriallara dəvət almısan?
- İstəyirəm. Niyə də olmasın?
- Xalq artistlərinin davasına bir gənc kimi necə baxırsan?
- Pis baxıram. Mən görmüşəm ki, gənclər dalaşsın. Yenə də hər kəs özü bilər. Mən özümə cavabdehəm. Mən həm də tamaşaçı kimi fikrimi bildirdim. Sonra üstümə düşməsinlər.
- Taleyin arzu etdiyin, yoxsa layiq bildiyin kimidir?
- Arzu etdiyim kimi.
- Maraqlı müsahibəyə görə sənə minnətdarlığımı bildirirəm.
Şəlalə NƏRİMAN.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































