Sədaqət Arifqızı: “Gözəl qadınlar var ki, ağzını açanda bütün zahiri gözəllikləri itib gedir”

Sədaqət Arifqızı: “Gözəl qadınlar var ki, ağzını açanda bütün zahiri gözəllikləri itib gedir”

- Özünüz haqda məlumat verərdiniz?

- Bakıda ziyalı ailəsində anadan olmuşam. Ü. Hacıbəyov adına Musiqi Akademiyasını bitirmişəm. Ata-anam hər ikisi filoloq olublar. Atam uzun illər hal-hazırda işlədiyim Bakı Musiqi Akademiyasının professoru olub və ömrünün sonuna qədər bu Akademiyada çalışıb. Üç övladım var - iki qız, bir oğlan. Hamısı ali savadlı və ailəlidir. 1999-cu ildə ilk mahnım ifa olunub.

- İlk müəlliminiz kim olub?
- Mərhum bəstəkarımız Oqtay Kazımi olub ilk müəllimim. Asəf Zeynallı adına Musiqi Kollecində dörd il mənə dərs deyib. Klassik estrada musiqisini, lirik mahnıları onun bəstələri sayəsində sevmişəm.

- Sizin bəstələrinizin qiyməti neçəyədir?
- Mahnılarıma qiymət qoymuram. Mənim işlədiyim müğənnilər bilir ki, bəstələrimi istədiyim adama hədiyyə edə bilərəm. Sifarişlə də mahnı yazdıqlarım olub.

- Kimlər ifa edib mahnılarınızı?
- Flora Kərimova, Zöhrə Abdullayeva, Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Nadir Qafarzadə, Təranə Vəlizadə, İzzət Bağırov, Almaz Orucova, Ziyafət Yaqubova, Ülvi Qılınc, Emil, Xatirə İslam və bir çoxları mahnılarımı ifa ediblər.

- Bir bəstəkar olaraq Azərbaycanın musiqi sahəsində gələcəyini necə görürsünüz?

- Azərbaycan musiqisi çox zəngindir, lakin onu bərbad günə qoyanlar çoxdur: Əsas da sintezatorda üç barmaqla çalanlar bəstəkarlıq etmək istəyirlər. Bir də bayağı oxuyan müğənnilər. Əsl musiqini uzaq salıblar insanlardan. Xalqın zövqün korlayıblar.

- Sizcə ilk məhəbbət güclü olur?
- İlk məhəbbət bəzən nifrətə çevrilirsə, deməli, o qədər də güclü olmur.

- Doğrudanmı dünya göz yaşlarına dəyməz?
- Bəzən elə hadisələr olur ki, ömürlük göz yaşı səninlə qalır.

- Gözlərinizdəki kədər nədəndir?
- Həyatımın mənə bəxş etdiyi sürprizdəndir. Nəvəmin, gözəl balamın dünyasını dəyişməyi mənim ailəmin faciəsi oldu. Ağlı ilə, tərbiyəsi ilə, gözəlliyi ilə fəxr etdiyim Nərminimin yoxluğu ilə heç cür barışa bilmirik. O, mənim oğlumun nəfəsi, döyünən ürəyi idi. Amerikaya birillik getmişdilər. Nyu-Yorkda məktəbə gedirdi, VI sinfi bitirmişdi. Çox sağlam qız idi. Birdən-birə baş ağrısı oldu, bir gün gözlədilər keçər, səhərisi günü dəhşətli ağrılarla xəstəxanaya apardılar. Dəhşətli diaqnoz qoyuldu, beynində şiş. Orada əməliyyat olundu. 4 ay yaşadı, ondan sonra… Ağıllı gözləriylə üzümüzə baxa-baxa əti, canı üstündə quş kimi uçub getdi. Həyatımız alt-üst oldu. Nənə də nəvənin yasında. İnanın xəcalət çəkirdim yaşamağıma görə. İndi də onun çəhrayı rəngdə tək məzarını görəndə ürəyim parça-parça olur. O, mənim ruhumu özü ilə apardı. Oğlumun gözəl ailəsi var idi, xoşbəxt yaşayırdılar. Necə təsəlli verim onlara bilmirəm.

- Deyirlər bəstələdiyiniz mahnları çox baha qiymətə satırsınız?
- İnanın, yalan deyirlər. Pul ödəyən də olub, hədiyyə verən də.

- Hansı müğənnilərin ifalarını dinləyirsiniz?
- Flora Kərimovanın.

- Sizcə şou-biznesin qanunlarını kimlər yazır?

- Kim yazırsa, çox pis yazır.

- Özünüzə hansı titulu seçərdiniz?
- Lirik mahnıların müəllifi titulunu.

- Göz yaşlarınızın əsiri olmusunuzmu?
- O qədər, amma dəyməzmiş.

- Bu sənət sizə nə verdi?
- Xalqın sevgisini, hörmətini hiss edirəm.

- Bəs bu sənətə nələri qurban verdiniz.

- Müğənnilərə mahnı vermişəm, hətta oranjimanının pulunu da ödəmişəm. İndi elə şey yoxdur.

- Həyatda ən böyük səhviniz nə olub?
- Səhvim o oldu ki, tez ailə qurdum. 16 yaşında seçim etdim. I kursda ailə qurdum.

- Ara bəstəkarları ilə münasibətiniz necədir?
- Mənim öz tələbələrim də var ki, bəstəkarlardı. Onlara həmişə deyirəm ki, çalışın səhnə üçün mahnılar yazın. Qaldı ara bəstəkarları da toy üçün yazırlar ki, maddiyyatı güclü olsun. 8-lik mahnılar bezdirib bizi. Səhnə ilə toyu qarışdıran müğənnilər çoxdur. Gənc bəstəkarlar muğamı bilməlidirlər. Türk, İran ladlarından istifadə edilir.

- Həyatda necə insansınız?

- Məni tanıyanlar bilir ki, yalanı sevmirəm, yaltaqlığı da. Elə insanlardan da uzağam.

- Uşaqlıq xatirələrinizdən danışardınız?
- Uşaqlıq illərində çox gözəl ailəmiz olub. Əvvəllər çox xoşbəxt uşaqlığım var idi. 20 ildən sonra atam anamdan ayrıldı, öz tələbəsi ilə evləndi. Anamın göz yaşlarına baxa-baxa böyüdüm. Anamın taleyini mən də yaşayıram. 26 ildən sonra ailəm dağıldı, 2 nəvəm dünyaya gələndən sonra.

- Qadın gözəlliyini nədə görürsünüz?
- Gözəlliyi sevirəm. Qadın daxilən gözəl olmalıdır. İlk növbədə savadlı, mədəni, zövqlü olmalıdır. Gözəl qadınlar var ki, ağzını açanda bütün zahiri gözəllikləri itib gedir. Ya paltardan danışır, ya da puldan. Adamın əti tökülür.

- Qısqanc insansınız?
- Qısqanclıq olub, o da səbəbsiz olmayıb. 26 illik ailə həyatımda mənimlə paralel həmişə kimsə olub.

- Kimdən halallıq almaq istərdiniz?

- Elə bir insan yoxdur. Atama da, anama da son günlərimə qədər mən baxmışam.

- Bəs sizi nə qıcıqlandıra bilər?
- Məni yalnız ikiüzlü insanlar qıcıqlandırır.

- Görəsən niyə istedadı olmayanlar bu gün efirdədir?

- Çünki bir çox istedadsız insanlar var kanallarda. Onlar da istedadsız adamların, nəyinsə xatirinə efirə buraxılır. Məncə düşünüb hərəkət etməlidirlər.

- Şou-biznesdə yazılmış və yazılmamış qanunlar var. Gündəmdə qalmaq üçün davalara, dedi-qodulara, ucuz vasitələrə əl atırlar. Yeri gəlmişkən, sizdə belə hallar olub?
- Bəs özlərini necə tanıtsınlar?.. Göstərməyə sənət yox, savad yox. Bəziləri qalmaqal, bir də aldıqları maşınla, evlə, paltarlarının qiyməti ilə, ayaqqabılarını çıxarıb göstərməklə özlərini millətin gözünə soxurlar. Ayıbdır, vallah. Zeynəb xanım, rəhmətlik Şövkət xanım, Sara xanım harada yaşayıblar, nə geyiniblər heç vaxt bilməmişəm. Mən uzağam belə şeylərdən.

- İlham pəriniz kimdir?

- Ürəyimin kədəridir. Bütün mahnılar oradan əmələ gəlir.

- Həyatınızdakı hansı peşmançılığı ayağınıza yazardınız?
- Olub belə şeylər, lənət şeytana!

- Həyatda bir çətinliklə üzləşəndə yenə gülməyi bacarıb özünüzü ələ ala bilirsiniz?

- Bacarmışam ki, 2008-ci ildə onkoloji xəstəlikdən ayağa durmuşam. Dedilər 6 ay ömrün qalıb. Ömrü Allah verir. Balalarımın xətrinə yaşamalıyam. Yarımçıq işlərim var, Allah izn versə bütün arzularımı yerinə yetirməliyəm. Nərminimin xatirəsinə lirik mahnılardan ibarət albom üzərində çalışıram. İlin sonuna kimi hazır olar yəqin ki.

- Şəlalə nə deməkdir sizin üçün?

- Şəlalə mənim üçün şəffaflıq, rahatlıq, bir də sənin üzündəki o nurdur.

- Bəzi sənət adamlarının ailəli kişilərlə münasibətinə necə baxırsan?
- Pis baxıram. Ev yıxanın evi yıxılar. Kimisə atıb, sənin yanına gələn kişi səni də atıb başqasının yanına gedəcək.

Maraqlı müsahibəyə görə çox sağ olun.

Şəlalə NƏRİMAN

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az