Aşıq Avdı: “Mən özümü yaradıcı aşıq hesab etmirəm”

Aşıq Avdı: “Mən özümü yaradıcı aşıq hesab etmirəm”
Haqq aşiqi, el aşığı

Qazax böyük şairlərin və söz ustaların vətənidir. Bu diyardan Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Mehdi Hüseyn, Səməd Vurğun, Hüseyn Arif, İsmayıl Şıxlı və başqaları kimi Azərbaycanın görkəmli şəxsiyyətləri çıxıb. Bu da təsadüfi deyil. Tarixin ən qədim söz-sənət inciləri Qazax məişətində, folklorunda, gündəlik leksikonunda yaşayır. Söhbət əsnasında, bir misal çəkmək istəyəndə, birini tərifləyəndə və sair durumlarda bunu qazaxlılar poetik şəkildə, şerlə, qoşma ilə edirlər. Təsadüfi deyil ki, 2010 ildə Qazax Azərbaycanın folklor paytaxtı elan olunub.

Qazax folklorunun ən uca zirvələrindən biri aşıq sənəti ilə bağlıdır. Qazax aşıqlar vətəni kimi ad çıxarıb. Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Mirzə Səməd, Dərya Məhəmməd, Aşıq Avdı Avdıyev, Aşıq Ədalət kimi ustad sənətkarlar bu elin əsl mənəvi sərvətidir. Belə sənətkarlardan biri də gənc və istedadlı aşıq Avdı Musayevdir. Gənc olmasına baxmayaraq, öz üzərində işləməyi sevən, istedadını üzə çıxararaq insanların ruhunu oxşamağı bacaran bir aşıqdır Avdı. Elə buna görə də, istədik ki, aşıq Avdını sizlərə də tanıdaq. Sevə-sevə avazını dinlədiyiniz insanı tanımaq istəyinizi nəzərə alaraq aşıq Avdı Musayevlə müsahibəni Sizlərə təqdim edirik.

- Aşıq, xoş gördük Sizi. Çox sağ olun ki, çoxsaylı oxucularımızın və pərəstişkarlarınızın istəyini nəzərə alıb bizə müsahibə verməyə razı oldunuz.

- Sizləri də xoş gördük. Siz sağ olun ki, sənətə dəyər verirsiniz, vaxtınızı sərf edib aşıq sənətinin təbliğinə çalışırsınız. Biz aşıqlar bu diqqətdən həmişə məmnun qalmışıq.

- Aşıq Avdı Musayev. Sizin fikrinizcə bu ad böyük bir auditoriya üçün nə deməkdi?

- (Gülümsəyir) Vallah, heç vaxt bu barədə düşünməmişəm. Ona görə də yanlışlıq edib özüm haqda yüksək fikir söyləmək istəməzdim. Mən həmişə sazımla, sözümlə xalqıma, elimə, obama xidmət etməyə çalışmışam.

- Necə oldu ki, özünüzdə bu istedadı kəşf etdiniz? Sənətə gəlməyinizə nə stimul verdi?

- Uşaqlıqdan gözümü aşıq ailəsində açmışam. Ailəmin, mühitin böyük təsiri olub. 6-7 yaşımdan sənətə gəlmişəm.

- İlk ustadınız kim olub? Ümumiyyətlə şəyirdlik etmisinizmi?

- İlk ustadım elə öz evimiz olub, ailəmdən öyrənmişəm. Sonralar çox ustadlardan bəhrələnmişəm. İfaçılıqda ən çox sevdiyim, ən böyük ustad hesab etdiyim Aşıq Kamandar Borçalını çox dinləmişəm, ondan görüb-götürmüşəm.

- Ümumiyyətlə aşıq şeirinin hansı janrlarında daha çox ifa edirsiniz? Hansı janr sizə daha yaxın görünür?

- Klassik janrda. Aşıq sənətinin kökü olan klassik janrda ifa edirəm. Ümumiyyətlə, bütün janrlarda.

- Deyişmələrdə tez-tezmi iştirak edirsiniz? Heç olubmu ki, deyişmə zamanı məğlub olasınız?

- Təbii ki iştirak edirəm. Aşıqlıq elə bir sənətdir ki, hər şeydən xəbərin olmalıdır. Məğlub bilmirəm nəyə deyirsiniz. İki dəfə böyük bir müsabiqəyə qatılmışam, hər ikisində də 1-ci yeri tutmuşam, nailiyyət əldə etmişəm.

- Gələk sizin iştirak edib, qalib olduğunuz ozan yarışmasına. Necə oldu ki, müsabiqədə iştirak etmək qərarına gəldiniz? Zəhmət olmasa, müsabiqə haqqında təəssüratlarınızı bölüşərdiniz.

- Mən ilk öncə 2006-cı ildə bölgə televiziyasında keçirilən müsabiqədə 1-ci yeri tutmuşdum. "Qızıl saz" mükafatını almışdım. Daha sonra 2007-ci ildə "Lider" televiziyasının efirində reklam zamanı müsabiqə haqqında məlumat almışdım. Tanışlarım da məsləhət gördülər ki, mən də müsabiqəyə qatılım. Əslində o qədər də qatılmaq fikrim yox idi. Bilirdim ki, SMS-lərə böyük məbləğ tələb olunur. Mənim də buna imkanım yox idi. Ancaq sağ olsun saza-sözə qiymət verən insanlar, dəstək oldular, 1-ci yerə çıxdım.

- Bildiyimiz kimi, aşıqların bir qisminə yaradıcı aşıqlar, digər qisminə isə ifaçı aşıqlar, yaşadan aşıqlar deyilir. Yaşadan sözünün daha çox yerinə düşdüyünü hesab edirəm, ustadların şeirlərini öz məlahətli səsləri və gözəl sazçalma qabiliyyətləri ilə nəsildən-nəslə ötürüb yaşadırlar. Bəs siz necə, özünüzü hansı qismə aid edirsiniz?

- Saz sənəti kişi sənətidir. Kişilik simvoludur. Yəni el baxıb, ondan nümunə götürməlidir. Sazla oynamaq olmaz, dəyərdən salmaq olmaz. O, bizim and yerimizdir, kökümüzdür. Saz çalan gərək geyiminin ciddiliyinə diqqət etsin. Əks halda heç bir iz qoymadan yaddaşlardan silinib gedəcək.

El aşığı Kamandaram,

Demirəm ki, qocalmaram.

Yüz il keçsə, yenə varam,

Yaşadarlar ellər məni.

Aşıq Kamandar yüz il desə də, yüz yox, min il də keçsə, daim yaddaşlarda qalacaq. Çünki aşıq sənətinin qaydalarına daim sadiq olub, klassik olub. Mən özümü yaradıcı aşıq hesab etmirəm, mən klassikanın davamçısıyam.

- Aşıq havalarını ifa edərkən gözünüzdə nə canlanır, ürəyinizdən nə keçir?

- Doğrusu, aşıq sənəti deyəndə aşıq libasları gəlir göz önünə. Aşıq şou-biznesdəki kimi saqqal saxlayıb, sırğa taxıb efirə çıxmamalıdır. Adət-ənənələri davam etdirib, nümunə olmalıdır. Sənətinə hörmət etməlidir.

- Gənc aşıqlardan kimləri tanıyırsınız?

- Gənc aşıqlardan biri mənim dostum Ramin Qarayevdir. O da Borçalıdandır. Aşıq Kamandarın, mən deyərdim, 1 N-li davamçısıdır.

- Daha çox hansı tədbirlərdə iştirak edirsiniz? El şənliklərində?

- Xeyr. Əsasən dövlət tədbirlərində. El şənlikləri dolanışıq üçündür. Ancaq dövlət tədbirlərini daha böyük kütlə izləyir. Xalq aşığını tanıyır və sevir. Məsələn, bu yaxınlarda H.Əliyevin 90 illiyi ilə əlaqədar tədbirdə də iştirak etdim.

- Prinsipial insansınızmı?

- Əlbəttə ki. Mən sazı uşaqlığımdan əlimə alandan hər yerdə, kafelərdə, çayxanalarda çıxarıb çalmamışam. Səviyyəli məkanlarda, səviyyəli, saz sənətinə qiymət verən insanlar qarşısında saz çalmışam ancaq. Saza hörmət etmişəm. Gənc aşıqlara da tövsiyəm odur ki, sazın qiymətini, dəyərini bilsinlər.

- Həyatda bu yerə gəlib çatmağınızda nəyin köməyi olub?

- Birinci Allahımın, ikinci mənim sənətimə qiymət verən insanların. Bu insanların hər zaman mənə diqqəti, qayğısı var, daim maraqlanırlar. Mən deyərdim ki, "İctimai" televiziya aşıq sənətini diqqətə alan, irəli çəkən 1 N-li televiziya olmuşdur. Oradakı bir çox verilişlər aşıq sənətini təbliğ edir.

- Ətrafınızdakı insanları seçərkən nələrə diqqət edirsiniz? Nəyi əsas götürürsünüz, onların mənəviyyatını, yoxsa maddi imkanlarını?

- Mən ilk növbədə insanların şəxsiyyətlərinə diqqət edirəm. Ancaq özümə uyğun adamlarla yaxınlıq edirəm. Nəyinsə xatirinə yox.

- Həyatda hansı hədəfləriniz var?

- Vallah, insan həyatda müvəqqətidir. Hədəfim odur ki, 2 övladımı düzgün yetişdirim, onları bir yerə çıxardım. İnsan yaşadıqca hədəfləri qurtaran deyil. Ömür sona yetəndə də arxada təmiz iz qoyub getməliyik.

- Müasir gənclərə nə kimi tövsiyələriniz var? Onlar barədə düşüncələrinizi paylaşardınız sonda.

- Gözəl gəncliyimiz var. Onların imkanları da indi daha çoxdur. İrəliyə getmək üçün indi olan imkan bir neçə il əvvəl yox idi. Gənclərin həyatda irəliləməsi üçün hər şey daha asandır. İndi mahnı yazdırmaq, məşhur olmaq, özünü tanıtmaq elə də çətin deyil. Ancaq bunun bir mənfi cəhəti də odur ki, belə olan halda bayağı ifaçılar daha tez ortaya çıxır.

- Aşıq, bir daha sizə təşəkkür edirik. Zəhmət çəkib dəvətimizi qəbul elədiniz və dəyərli fikirlərinizlə özünüzün həqiqət aşiqi, el aşığı olduğunuzu hər bir oxucuya nümunə olaraq göstərdiniz.

Vüsalə Şükürsoy

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az