İncəsənətin növlərindən biri də kulinariyadır. Hər bir xalq musiqisi, rəqsi, heykəltəraşlığı ilə yanaşı milli mətbəxi ilə də unikaldır. Kulinariyanın məhsulları birbaşa mədəyə xitab etsə də, sənət əsəri kimi ruhu qidalandırır.
Qonağım Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovdur.
- Özünüz haqqında məlumat verərdiniz.
- Əslim Tovuzun Qovlar qəsəbəsindəndi. 1958-ci ildə martın 14-də anamın təkidi ilə dünyaya gəlmişəm. Doğulmağımda onun rolu böyük olub. Bu yaxınlarda mənim yubileyimdə hamı anama gül-çiçək, hədiyyələr verdi. Onu təbrik etdilər, məni yox. Ailəliyəm, iki övladım və nəvəm var. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidentiyəm.
- Uşaqlıq illərini necə xatırlayırsınız?
- Mənə beş yaşımda Cindər və Qara Tahir deyirdilər. Mən beş yaşımdan pul qazanmağa başlamışam. Həyətdə bütün göy-göyərtilərdən əkib becərirdik. Mən də ispanağı çox yığıb aparıb satırdım. Ailədə böyük mən idim. Atamdan sonra da evin kişisi birinci mən idim. Ailədə beş uşaq olmuşuq, üç qardaş, iki bacı. Hamısını mən saxlamışam, mənim üstümdə ailənin yükü böyük idi. Şükür Allaha, hamısı sağ-salamatdır.
- Tələbələriniz varmı?
- Ali təhsilliyəm. Çox fəxr edirəm ki, Leninqradda təhsil aldığım universitetdə hazırda dərs deyirəm. Oradakı tələbələrim Azərbaycan kulinariyasından hər il imtahan verirlər. Biletə salmışıq kulinariyamızı. Tələbələrim çoxdur. Ona görə hamı öyrənir, maraqlanır. Biz buna üç ilə nail olmuşuq. Bu da sevindirici haldı. Mənim müəllimim Nikolay İvanoviç olub. Bütün sahələrlə maraqlanıram. 1996-cı ildə Rusiyada VII jurnalist olmuşam. Hələ də öyrənirəm. Öyrənmək eyib deyil.
- Gənclik illəriniz necə keçib?
- Çox qəşəng keçib. Hamı kimi cavan olmuşam. Zəhmətkeş olmuşam, gündüz oxuyub, gecələr işləmişəm. Bir hektar üzümə baxırdım, dövlətə 130 % plan verib pul qazanırdım. Gənc, uşaq olduğumdan bütün olimpiadalarda iştirak edirdim. Şeirlər yazırdım. Hərdən olurdu dalaşırdım. Döyürdüm də, döyülürdüm də.
- Necə oldu ki, sizdə kulinariya sənətinə maraq oyandı?
- Təsadüfən oldu. Bir gün altı-yeddi dost bir yerdə çaxır götürüb, içməyə getdik. Yemək lazım idi. Biz də axı ac qarnına bu çaxırı necə içək? Elə oldu ki, gördük yolun qırağında bir qaz var. Onu tutduq. Aparıb bir təhər kəsib, yolduq. Duzsuz bişirib, ala-çiy yedik. Hərəyə bir tikə çatdı. Sonra evə gələndə gördüm ki, nənəm qapının yanında durub qarğış edir, qazı aparan, səni görüm belə-belə olasan. Mən də dayıma dedim ki, nənəmə de, qazı biz yemişik, mən aparıb kəsmişəm. Nənəm üzümə baxıb dedi ki, Allaha şükür ki, bizim özümüzünkü yeyib, başqası yox. Beləcə sonra Leninqrada getdim, sənədlərimi verib öz gücümə qəbul oldum. 1979-cu ildən banan boşaldan, yük daşıyan işləyirdim. İki ay qabyuyan da işləmişəm ki, özüm pul qazanım, heç kimə ehtiyacım olmasın. Hətta pol yumağı, şüşə yumağı da öyrəndim. Çünki restoran rəhbəri olacaqdımsa, bunları bilməliydim. Adi qabların rezonansını, hər şeyi bilmək lazımdır. Və beləcə o gündən bu günə kimi öyrənirəm.
- Dostlarınız varmı?
- Dostlarım çoxdur. Amma bilmirəm ki, məni özlərinə dost bilirlər, yoxsa yox.
- Sizcə, xoşbəxtliyin sirri nədədir?
- Xoşbəxt o insandır ki, yalnız ağlının gücünə, əllərinin bacarığına arxalanır. Bir gün bir imkanlı dostumun danışığı xoşuma gəlmədi. Mən də haqsızlığı, özündən böyük danışanları görəndə həmişə mübarizə aparıram. Ona belə sual verdim ki, birdən sənin evin, maşının, pulun əlindən alınsa, nə edərsən? Dedi, bədbəxt olaram. Ona görə mən ona dedim ki, əsas hər şeydən pul qazana bilməyi bacarasan, heç kimdən asılı olmayasan. Mənim tələbəm çoxdur. Mən də həyatda heç kimdən asılı olmaq istəməzdim deyə hər yerdə çalışdım. Çünki bu gün mən Tahir Əmiraslanovam. Heç vaxt da rüşvət almadım. Çünki ən böyük günah tələbədən pul almaqdı. Gəncdir, ona kömək olmaq lazımdır ki, o da gələcəkdə öz tələbələrinə kömək olsun. Rəhmətlik Nəriman Nərimanov gənclik dövründə həkimlik sənətini seçdi, çünki heç kimdən asılı olmadı. Amma sonralar getdi siyasətə qoşuldu və bədbəxt oldu, öldürdülər. Günün bu günü mən dövlətdən heç bir orden, mükafat istəmirəm. Bu həyatda sənətkar olmaq lazımdır. Bacarığın varsa, əgər ürəyin istəyən qədər pul qazana bilirsənsə, demək, xoşbəxtsən.
- Qısqanc insansınız?
- Baxır nəyə. Torpağa, vətənə çox qısqancam. Mən torpağımı sevən insanam ki, artıq neçə illərdi erməniləri heç bir festivala, konkursa buraxmırıq. Qadını qısqanan zəif kişilərdir. Zəif kişilər qadına əl qaldırır, qadını zorla saxlayırlar. Sadəcə, maddi cəhətdən güclü kişinin qadına çox tələbatı olur. Bizim oğlanlar ağıllı, savadlı qadınla yaşamağa qorxurlar. Əvvəllər kəndə bir qıza elçi gedəndə deyirdilər necə qızdır? Deyirdilər ki, at kimi qızdır. Yəni qoçaqdı, ondan törəmələr də qürurlu, qeyrətli olacaq. Mən fikirləşirəm ki, qadına əl qaldıranın qüruru yoxdur. Mənim həyat yoldaşım 20 illik evlilikdən sonra bildi ki, şeir yazıram. 1998-ci ildə Avstraliyada idim. Bir də gördüm ki, həyat yoldaşım mənə zəng elədi. Gördüm soyuq danışır. Dedi ki, sən şeir yazıbsan, mənə niyə deməmisən? Təbii ki, bu qısqanclıq deyildi, naz etmək idi. Mən də təyyarədə gələndə ona bir şeir yazdım. Əsas odur ki, güclü qadını ələ almağı bacardım. Təbii ki, bir də ailəmi qısqanıram.
- İlk məhəbbətiniz kim olub?
- O qədər olub, dərinə getmək istəmirəm. İlk məhəbbətim III sinifdə olub.
- Bəs həyat yoldaşınızla necə, sevib ailə qurdunuz?
- 1979-cu ildən bir qızım, bir oğlum var. Oğlum stomatoloqdur, qızım da sənətimi davam etdirir. Yoldaşımla sevib ailə qurmuşuq. Bu haqda danışmaq istəmirəm, nəvəm var. Ailə əlçatmaz olmalıdır. Mənim ailəm baş tacımdır mənim üçün.
- Bəs sevgi nə deməkdir sizin üçün?
- Özünü qurban verməyi bacarmalısan. Sevgi böyük varlıqdır, sən sevirsən, o sevir, qarşılıqlı olur. Sevgi məsuliyyətdir. Ailə qurursan, övlad doğulur, hesabat verməlisən. İnanın, mən sevib ailə quranda fikirləşib, ölçüb-biçdim ki, Leninqradda yaşayacağam, ailəmi saxlaya biləcəyəm, uşağa baxa biləcəyəm, sonra ailə qurdum. Arzular arzulardan doğur, sevgi də elədir. Məncə hesabatdır.
- Kimlərin ifasını bəyənirsiniz?
- Bilal Əliyevi, Gülyanağı, Gülyazı. Almaniyada sərginin 200 qonağı ilə yığışmışdıq. Nazpəri xanım da orada idi. Çox gözəl konsert oldu. İnanın, millət ayağa qalxdı. Necə canlı çıxış etdilər. Faiq Ağayev gözəl insandır. Fidan xanım, Zeynəb Xanlarova - onlar korifeylərdir, söz ola bilməz. Flora Kərimovanı bəyənirəm. Aygün Bəylərin, Humayın ifasını çox sevirəm. Əvvəllər, məktəb dövründə kimdən xoşumuz gəlirdi, şəkillərini dəftərlərimizə yapışdırırdıq. O vaxtlar fotoları çəkənlər çox pul qazanırdılar. Həmin sənətkarlar ulduz yox, planet idilər. Ulduzcuğazlar çoxdur. İndi elə musiqi var ki, heç bilmirsən sözləri nədir, nə ifa edir? Yaradıcılıqdan danışırlar. Elə olur ki, mahnının sözləri xoşuma gəlirsə, dinləyirəm.
- Həyat sizə nələri öyrətdi?
- Öyrənənlər öyrətdi. Mənə gecə-gündüz oxumağı öyrətdi. İnanın, o qədər kitab oxuyuram ki, qırmızı xətlə cıza-cıza gedirəm. Oxuduqlarım kitablarda olanları tələbələrimə öyrədirəm. Çünki məni tələbə kimi öyrədiblər. Mən də ona çalışıram.
- Sizi nə qıcıqlandıra bilər?
- Savadsızlara dərs demək. Savadsızlar hərdən özlərini savadlı aparanda mənə pis təsir edir. Bir də efirdə görürsən ki, kulinariyayla bağlı verilişlərdə elə savadsız hərəkətlər edirlər, mən əsəbiləşirəm. Evdar xanımı çıxardıb ora, yemək bişirtdirirlər. Axı kütlə baxır ona. Olmaz. On bir uşaq doğan ananı gətirib oxutmamış ginekoloq qoymaq olar? Lider TV-də "Qazan asdı" verilişi biabırçılıqdı. "Yağ kimi" verilişi də o vaxtı gedəndə çox bərbad gündə idi. Baxırdın ki, dırnaqları nə gündədir, yemək bişirir. Mən vaxtaşırı belə verilişləri izləyirəm. Hansındasa nöqsan olursa, müraciət edirəm. Bağlamırlarsa, məhkəməyə verirəm. Lider Tv-də "Qazan asdı" verilişi ilə də davamız çox getdi. Axır səkkiz aydan sonra məhkəməni udduq. Kulinariya elə bir sənətdir ki, incəliyilə bilmək lazımdır. Fransada 40 min avro verib, gedib oxuyurlar. 20 min də orda qalmağına gedir. Bunu sənətin sirlərini bilmək üçün edirlər. Yoxsa bəziləri əlinə bıçaqla bir soğan alıb deyir mən aşpazam. Hətta cənab prezidentimiz o vaxt çıxış edəndə kulinariyamıza narazılığını bildirdi. Efirlər yenə bir örnək götürmədilər. ANS-də gedən verilişdə bizim Ceyhundur. Çox səliqə-sahmanlıdır, başa salır, xoşuma gəlir. Aynur Talıbova da çox maraqlıdır. Apardığı verilişlər də çox xoşuma gəlir. Sadəcə hamı fikirləşməlidir ki, gördüyü işin hesabatını verməlidir.
- Boş vaxtınızı necə keçirirsiniz?
- İnanın, boş vaxtım olmur heç. Uşaqlarımı çox sevirəm. Uşaqlar cənnətdən gəlib, amma biz hazırlaşırıq cənnətə. Boş vaxtım olanda nəvəmlə keçirməyi sevirəm.
- Həyatda nəyi çətinliklə əldə etmisiniz?
- Atamın evindən bir şəklini götürüb çıxmışam. Hər şeyi özüm əldə etmişəm. Atamdan qalan şeyləri də bacı-qardaşlarıma hədiyyə etdim. Hər nəyim varsa bu günümdə, sıfırdan qazandım. Mənə pul lazımdısa, məqsədimə çatmaq üçün onu qazanıram, artıq qazanmıram.
- Şəlalə nə deməkdir sizin üçün?
- Şəlalə adı çox sevdiyim adlardan biridir. Şəlalə çox güclü sudur. Çünki daşı da əridir. Sözün düzü, internet saytlarında bir çox yazarların yazılarını izləyirəm, bir də ki sizin. Çox vaxt sizin yazılarınızı müzakirə edirəm. Çünki mənim üçün maraqlıdır. Səhifədə yazınızı görən kimi həmin an baxıram. Çox gözəl hissləriniz var. Sizə baxanda daxilən güclü görünürsünüz və yumşaq hissələrlə yazırsınız. Çox bəyənirəm sizin yazılarınızı və oxuyuram.
- Tahir müəllim keçmişə baxanda nə kimi hisslər keçirir?
- Bütün arzularım yerinə yetib, bir Qarabağı görmək istəyirəm. Mən də görməsəm, nəvəm Tahir Əmiraslanov görəcək. Şuşada olmaq istəyirəm.
- Ömrünüzün ən şirin və ən acı gününü necə xatırlayırsınız?
- Uşaqlığımı itirdim. Uşaqlıq illərim amansız keçdi. 85-ci ildən atama ehtiyacım var. Atamın həsrətini çəkirəm. Acılı-şirinli günlərim çox olub. Qarabağ da mənim yaralı-ağrılı yerimdir. Ermənilər bir bunu bilsin ki, biz X sinifdə oxuyanda onların qızlarını, bacılarını gözlərinin qabağında aparırdıq, biri də bir söz deyə bilmirdi bizə. İndi bilsinlər ki, biz torpaqlarımızı onlarda qoymayacağıq.
- Sizcə, ilk məhəbbət güclüdür, yoxsa son məhəbbət?
- Məhəbbət məsuliyyətdir. Sonu yoxdur. Sevgi Allaha məxsusdur. Sevgi, bütün hisslər Allahladır.
- Özünüzü daxilən tanıya bilmisiniz?
- Allah hər bir insana bir parça ruh verib. O ruh da günəşi yerindən oyadır.
- Şou-bizneslə maraqlanırsınız?
- Xumar Qədimova Ülvi Qılıncla oxuyub. O mahnıya çox qulaq asıram. Amma bu şou-biznes deyirsiniz, elə də maraqlanmıram. O gün Xumar bir mahnı yazdırıb. Sözlərinə qulaq asdım, axmaq-axmaq sözləri var. Bu sahədə olanlara məsləhətim budur ki, oxuduqları mahnılara fikir versinlər.
- Ömür yolunuzda ən çox nə köməyinizə çatıb, pul, ağıl, yoxsa şöhrət?
- Şöhrət də, pul da boş şeydir, əsas ağıldır. Əgər bacarığın varsa, gecə-gündüz işləyib əldə edəcəksən. Mən dövlətimizdən heç bir mükafat istəmirəm. Bu həyatda bacarığın olmalıdır. Əgər bacarığın varsa, demək, uğurların hər yerdə olacaq. Mən Tahir Əmiraslanov dəfələrlə sıfırdan başlayıb, bir ilə ürəyim istəyən şəraiti ağlımla qurmuşam.
Bugünkü qonağımın səmimi söhbətindən doymaq olmadı. Çünki duzu, istiotu, hər bir komponenti yerində idi. Ruhi qidanızın hər zaman keyfiyyətli olması arzusu ilə
Şəlalə Nəriman
O.M.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































