Xəstə olmuşam, amma deyə bilmərəm kimin üçün

Xəstə olmuşam, amma deyə bilmərəm kimin üçün
“Aztv-nin verilişlərinin birində qonaq idim, necə gəldi, səhv oxudum”

Dünya Tanrının məhəbbətindən yaranıb, bu məhəbbətlə yaşayır, məhəbbətlə inkişaf edir. Şəlalə də Tanrının insana lütfüdür. İnsanın özü də məhəbbətdən yaranır, məhəbbəti yaradır və yaşadır.

"Şəlalə" rubrikasının bugünkü qonağı sənətdə yaranan, sənətdə yaşayan, sənətini yaşadan Məhəbbət Kazımovdur...

- Özünüz haqda məlumat verərdiniz?

- 1953-cü ildə Laçın rayonunda anadan olmuşam. İki qızım, bir oğlum var. Bürcüm xərçəngdir, mənfi cəhətim - tez əsəbiləşirəm, müsbət cəhətim dostpərvərliyimdir. Bu sənətə məni qardaşım Əhliyyət gətirib. 1976-cı ildən bu sənətdəyəm.

- Ömrümə yellər əsdi, bənövşə tək solmuşam,

Dindirmə daha bəsdi, yaman kövrək olmuşam.

Sizi həyatda kim kövrəldib?

- Laçının işğalı məni kövrəldib. İnşallah, Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımız Laçını tezliklə azad edəcək.

- Könlümə inam verdi bir nəğmənin bəstəsi,

Gözlərim səni gördü, oldum illər xəstəsi.

Kimin üçünsə illər xəstəsi olmusunuzmu?

- Ömür çox qısadır. Xəstə olmuşam, amma deyə bilmərəm kimin üçün.

- Sənə könül bağladım, dərdimi çoxu bildi,

Sənsiz qalıb ağladım, gözlər yuxu bilmədi.

Kiminsə gedişindən sonra ağlamısınızmı?

- Qardaşım Kazımın vəfatından sonra ağlamışam, gözlərim yuxu bilməyib.

- Ailənizdə musiqiçi olubmu?

- Bacılarımın çox gözəl səsi olub, ardınca getməyiblər, övladlarımın da gözəl səsi var, amma istəmirlər bu sənəti.

- Ən çox nəyə təəccüblənirsiniz?

- Laçında olmamağıma.

- Dediniz dostpərvərəm. Bu da yeni termindir. Nə deməkdir dostpərvər olmaq?

- Əsl dost dar gündə adamın köməyinə çatmalıdır. Belə bir məsəl var: "Dost dediyin nədir, bəyənmədin əl çək".

- Uşaqlığınızı necə xatırlayırsınız?

- Anamın dediyinə görə mən çox çirkin olmuşam. Evimizə qonaq gələndə anam məni onlara göstərmirdi. Dəcəllik də çox olub.

- Gəncliyinizi necə xatırlayırsınız?

- Əsgərlikdə olmuşam, Asəf Zeynallı adına musiqi məktəbinin Muğam Şöbəsini bitirmişəm, çox gözəl keçib gəncliyim.

- Yenidən gənclik illərinə qayıtmaq istərdinizmi?

- Elə bir imkan olsa, yalvararam ki, məni hamıdan birinci gənclik illərinə qaytarsınlar.

- Cəmiyyətdə hansı çatışmazlıqlar sizi daha çox narahat edir?

- Ən çox yollarda əl açıb dilənənlər, çadırda yaşayan qaçqınlar narahat edir məni.

- Kasıblara əl tutursunuzmu?

- Məni tanıyanlar deyə bilər ki, mən nə qədər kasıblara və kimsəsizlərə əl tuturam. Üç-dörd il qaçqın düşən həmvətənlərimizin toyunu pulsuz oxumuşam, özümlə də bəzi tanınmış sənətkarları aparmışam.

- Toylara tez-tezmi dəvət alırsınız?

- Azərbaycanda elə müğənni yoxdur ki, toya getməsin, hamı toyda püxtələşib, populyar olur.

- Sizin üçün qadın gözəlliyi nə deməkdir?

- Qadın gözəlliyi həyatdır, yaşamaqdır, sevib-sevilməkdir.

- Xoşbəxtliyi nədə görürsünüz?

- Can sağlığında.

- Qısqanc insansınızmı?

- Həddindən çox qısqancam. Sevməyən insan qısqanmaz.

- Məhəbbət üçün məhəbbət nə deməkdir?

- Məhəbbət nə güldür, onu dərib atasan,

Məhəbbət quş deyil, onu vurasan.

Məhəbbət ət deyil, onu satasan,

Məhəbbət hər kəsin özündədir.

Məhəbbət insanın düzgünlüyündədir.

- Sizcə sizi xalq sevirmi?

- "Laçın" mahnısından sonra əminəm ki, xalq məni sevir. Sevməsələr, məni el şənliklərində görmək istəməzlər.

- Bəs şayiələrə münasibətiniz necədir?

- Çox əladır. Tanınmış müğənnilər haqqında həmişə şayiə olur.

- Həyatınızda ən mənalı hadisə nə olub?

- Aztv-nin verilişlərinin birində qonaq idim. Canlı mahnılar istədilər, mən də durub "Səfərdəyəm" adlı mahnını oxuyanda sözlər yadımdan çıxdı. Necə gəldi, səhv oxudum. Ömrümdə yadımdan çıxmaz bu hadisə.

- Bəstəkarlarla necə, işləyirsiniz?

- Mahnıların çoxunu özüm bəstələyib oxuyaram, lazım olan da bəstəkarlara müraciət edirəm.

- Hazırda nə işlə məşğulsunuz, bir yenilik varmı?

- Yeni albomum hazırdır, on üç mahnı daxil etmişəm, bu yaxınlarda məni sevənlərin ixtiyarına veriləcək. Yeni duetim, klipim olacaq.

- Həyatda bütün arzularınıza çatmısınız?

- Gözəl ailəm var, övladlarım var, dostum, tanışım, maşınım, evim var, həyatdan tək istədiyim Laçındır.

- Məhəbbətin dəli kimi sevdası olubmu?

- Olub, adını deyə bilmərəm.

- Sirr deyilsə, deyin görək, sənət aləmindən olub?

- Mən sizə heç nə deməyəcəm, bu sirri özümlə qəbirə aparacam.

- Sizcə kişi ortada yeyib, qıraqda gəzər.

- Onda o, nə kişi oldu, ortada yeyib, qıraqda gəzsin?

- Məhəbbət Kazımov bəzi sənətçi dostları kimi saçının ağ tellərini boyamaq istəmir?

- Siz nə danışırsınız, hər yaşın öz dövrü var, Tanrının ağartdığı saça rəng qoysam, onda Allaha qarşı çıxaram. Saçlarına rəng qoyanlar hər şeylərini ört-basdır edirlər. Mənim ağ tellərimin öz gözəlliyi var, əsl kişi simasındayam, mənim özümə bəzək verən vaxtım deyil. Yaş özünü göstərir.

- Məhəbbət kimləri bəyənir oxuyanlardan?

- Ehtiramı, Babəki, Almaz Orucovanı çox bəyənirəm, xalq ruhunda ifa edirlər, onların ifasından zövq alıram.

- Gənclərdən söz düşmüşkən, gənclərin çox sevdiyi Zamiqə münasibətiniz necədir?

- Kimdir ki, o? Mən onu tanımıram. Hə, yadıma düşdü, mənim uşaq-muşaqla işim yoxdur. Bir söz demişdi efirdən, cavabını verdim. Mən elənçilərə baş qoşmuram.

- Kimin ifasına qulaq asanda kövrəlirsiniz?

- Rəhmətlik Rübabə Muradovaya qulaq asanda kövrəlirəm.

- Sualım Könül Kərimova haqda olacaq, bilmirəm onun adı gələndə Məhəbbət Kazımov niyə əsəbiləşir?

- Könüllə bir vaxtlar duet oxumuşam, olub keçib, heç nə əbədi deyil, bu həyatda hər şey Allaha məxsusdur. Könül haqda nə deyə bilərəm? Belə də, özü üçün oxuyandır. Mənə yaraşmır bundan sonra Könüldən nə isə danışım.

- Bəs ifa etdiyiniz mahnıların çoxunda könül, könlüm, könlümə ifadələrini işlədirsiniz. Bu kəlməni bütün hallarda təsnif edirsiniz. Bu nə ilə bağlıdır?

- Çox xahiş edirəm, məni əsəbiləşdirmə, biz dostuq səninlə, Şəlalə. Sən deyirsən, mən indi fikirləşirəm. Gör necə dərinliklərə gedirsiniz. Sadəcə hansısa mahnını oxuyuramsa, onun Könülə aidiyyəti yoxdur. Bundan sonra oxuyanda fikir verərəm. Axı siz jurnalistlərə nə deyim? Ürəyimə hansı mahnı yatırsa, onu da ifa edirəm. Gəlin Könüldən əl çəkək, bax məni qalmaqala salmayın, görürəm əl çəkmirsiniz, nə sual verirsinizsə, söhbəti Könüldən salırsınız. Gəlin söz verin bir də bu mövzudan danışmayacaqsınız. İstəmirəm onun adını çəkəsiniz. Sizlər məni qıcıqlandırırsınız.

- Bəs Könülü necə, qıcıqlandıra bilirik?

- Onun özü bilər, qıcıqlanar, yoxsa yox. Onu deyə bilmərəm ki, söz məndən gedir, əsas da məndən soruşursunuz. Özünüz hər şeyi bilirsiniz, gərək oxuculara da bildirəsiniz? Mən oxuyanda Könül təzə iməkləyirdi. Ataların bir sözü var: "Balığı at dəryaya, balıq bilməsə də, xaliq biləcək". Gəl səninlə çıxaq küçəyə, bu sualı min adama verək. Hamısı deyəcək ki, Məhəbbət Könülü tanıtdı. Mənə o, insan maraqlı deyil, sən ki, hər şeyi bilirsən, ehtiyac yoxdur başqa söz soruşmağa. Duet oxuduq, ayrıldıq, həyat davam edir. Bir çox duet ifaçıları oxuyub, sonra ayrılıb. Sadəcə mən ona bu sənətdə təkan verdim. Gəlin söhbətimizi bitirək.

Bugünkü söhbəti məhəbbətlə başladıq, məhəbbətlə bitirdik. Arzu edirik ki, məhəbbət sizin həyatınızdan, Məhəbbət Kazımov isə səhnədən əskik olmasın...

Şəlalə NƏRİMAN

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az