“Qadın üçün əsas xoşbəxtlikdir, o da məndə yoxdur”

“Qadın üçün əsas xoşbəxtlikdir, o da məndə yoxdur”
Aparıcı Gülnarə Məmmədova səhnəyə təsadüfən gəldiyini etiraf etsə də, indi efirlərdən qaçdığını deyir

Həyat serialı xatırladır. Yaşadığın bir hadisənin sonu digərinin başlanğıcı olur. Növbə ilə sevinc kədəri, göz yaşı isə təbəssümü əvəz edir. Beləcə, hər bir insan missiyasına düşən personajı canlandırır. Həyatda ən çətin rol xoşbəxt insan obrazıdır. Çünki dahi Stanislavski demişkən, bir obrazı canlandırmaq üçün yaratmaq yox, yaşatmaq lazımdır.

Bugünkü qonağım aktrisa, aparıcı Gülnarə Məmmədovadır.

- Gülnarə Məmmədova kimdir?

- Rusiyanın Yekaterinburq şəhərində anadan olmuşam. Anam Qərbi Azərbaycandan, atam Sabirabaddandı. Atam iyirmi doqquz yaşında ikən avtomobil qəzasında vəfat edib. Anam o zaman qardaşıma hamilə idi. Mənim yeddi yaşım var idi. Köçdük Azərbaycana. İxtisasım ibtidai sinif müəlliməsidir.

- Niyə məhz aparıcı oldunuz?
- Aparıcı olmağım təsadüfən olub. Heç vaxt da belə istəyim olmayıb. Bir dəfə Sara tele-radiosunun rəhbərliyi ilə təsadüfən görüşdük. Mənim səsimi bəyəndi və "mütləq bizim radioya gəlsin", - dedi. Mən də səhəri getdim. Sara TV-nin direktoru məni görən kimi dedi ki, bu gözəl qız TV üçün yaranıb. Elə də oldu. Elə bil doğulandan aparıcı idim. Bir tək Azərbaycan dilində danışmağım problem idi. Onu da zamanla düzəltdim.

- Uşaqlıqda necə qız olmusunuz?

- Çox aktiv qız olmuşam. Dəcəl və kaprizli idim. Anam deyir ki, yoldan keçənləri tutub saxlayıb, dalaşıb deyirdim ki, keçəndə salam verin də, ayıb deyil sizə (gülür)?

- Hazırda qəlbinizdə kimsə varmı?
- Hazırda qəlbim bomboşdur, amma çox istəyirəm ki, qəlbim dolu olsun.

- İlk məhəbbətiniz neçə yaşında olub?

- İlk məhəbbətim bağçada olub.

- Qısqancsınız?

- Çox qısqanc insanam.

- Necə oldu ki, seriallara çəkilməyə başladınız?
- Təsadüfən oldu. Samir Qulamovdan seriala dəvət aldım. Bu, mənim çoxdankı arzum olduğu üçün aktrisa kimi özümü sınamaq istədim, dəvəti sevə-sevə qəbul etdim. Artıq Samirin çəkdiyi ikinci serialda da oynayıram və yəqin ki, İnşallah davam edər.

- Hansı müğənnilərin ifasına qulaq asırsınız?

- Ən çox türk ifaçılarını dinləyirəm.

- Şayiələrə münasibətiniz necədir?
- Əvvəllər üzülürdüm, sonra bir qida kimi baxdım. Məncə tanınmış insan haqda şayiə normaldı. Vay o günə ki, tanınmayan adamın dalınca şayiə buraxsınlar. Bax onda deyərəm ki, "od olmayan yerdən tüstü çıxmaz". Hazırda da normal baxıram.

- Gülnarənin qəlbini fəth etmək istəyən kişi necə olmalıdır?

- Gərək elə kişi olasan ki, Gülnarə qəlbini özü bağışlasın, oğurlamaq gərək olmasın. Hazırda beynimdə çizdiyim bir insan yoxdu. Birinci növbədə, çox yaxşı insan olmalıdı. "Gözlədiyim bax budu", deməliyəm.

- Bəzi aparıcılar var ki, müğənnilik edir, bəs Gülnarə istəmir oxusun?
- Səsim var, amma istəmirəm. İstəyən oxusun da. Aparıcı-müğənni olmaq şərt deyil, çünki gözüm toxdu, pulu sevmirəm. Tanınmaq da mənim üçün adi bir şeydi, uşaqlıqdan alışdığım bir şey.

- Həyatdan aldığınız sonuncu dərs?
- Gərək heç kimə güvənməyəsən, özün sevib, özün düşünəsən. Hamını da özün kimi görməyəcəksən.

- Hansı müğənnilərin hərəkəti sizi qıcıqlandırır?
- Sözün düzü, müğənnilərin heç birindən xəbərim yoxdur.

- Şəlalə nə deməkdir sizin üçün?
- Paklıq, gözəllik, sinirlərin sakitləşdiyi yer.

- Sizcə, gözlər qəlbin aynasıdır?

- Məncə, gözlərdən hər şeyi anlamaq olur: paxıllığı da, üzgünlüyü də, xoşbəxtliyi də. Gözlər aldatmır.

- Həyatda neçə dəfə sevmək olar?

- Sevgi alışqanlıqdı, məncə, yaşadığın qədər.

- Nazınızı kim çəkir?

- Anam və rəfiqələrim.

- İnsanlara çox inanırsınız?

- Çox inanıram, özümdən asılı deyil. Bəzən bezdiyim hallarda tək gəzirəm, fikirləşirəm.

- Plastik əməliyyata münasibətiniz? Bu cür xidmətlərdən istifadə etmisiniz?
- Plastik əməliyyata münasibətim çox normaldı. Xüsusilə, efirdə olan insanın bir qüsuru varsa, eləsin. Niyə də yox? Mən demirəm ki, qüsursuzam. Amma heç bir plastik əməliyyat elətdirməmişəm. Bir aralar çox istəyirdim burnumu əməliyyat elətdirim, sonra vaz keçdim. Anladım ki, burnum elə də böyük deyil.

- Olubmu hansısa həmkarınıza aşiq olasınız?
- Yox, heç vaxt olmayıb.
- Gülnarə haçan təhlükəli ola bilər?
- Səbrim tükənəndə, qarşılıq görməyəndə.

- Qulağınızla sevirsiniz, yoxsa ağlınızla?
- Hər bir qadın kimi qulağımla, amma ağıl qulağa üstün gəlir.

- Həyatda ən böyük səhviniz nədə olub?
- Peşmançılıq çəkəcəyim bir səhvim olmayıb.

- Bu sənət nə verdi sizə?

- Maraqlı anlar, yaxşı dostlar, ən əsası, insanların sevgisini qazandım.

- Bir aparıcı kimi toylara dəvət alırsınızmı?
- Çox dəvət olub, toylara, xınayaxdılara, amma getməmişəm. Sadəcə, pis baxıram ki, aparıcılarımız gedir toylara. Çox məsuliyyətli yanaşıram hər şeyə. Məncə, toyun da öz peşəkar aparıcıları var.

- Sizcə, həmkarlarınızdan paxıllığınızı çəkən var?

- Mən şəxsən paxıl insan deyiləm. İnanmıram ki, paxıllığımı çəksinlər, bu barədə fikirləşmirəm də. Hər kəsin öz yeri var.

- Hazırda nə işlə məşğulsunuz?
- Təkcə seriallara çəkilirəm.

- Görəsən, sevmək asandır, yoxsa sevilmək?
- Məncə, ikisi də. Çox kədərləndim bu suala.

- Ürəkdən haçan ağlamısınız?
- Səmimi olacağam. Həftədə bir dəfə hönkür vurub ağlayıram, ürəyim dolanda.

- Sənət aləmində yaxın rəfiqələriniz varmı?

- Düzünü deyim ki, əvvəllər bu sahədə olanda hamı mənimlə əlaqə saxlayırdı. Mən uzaqlaşdım bu sahədən, onlar da məndən uzaqlaşdılar. Heç zəng edib halımı da soruşan yoxdur. Amma bir çoxlarına bu sənətdə mənim köməyim olub.

- Güzəştə getməyi bacarırsınız?
- Baxır kimə, nədə güzəştə gedirəm.

- Səhnə mədəniyyətində ən çox nəyə fikir verirsiniz?
- Əsas insanlara sayğısına, insanlıq keyfiyyətinə, danışıq qabiliyyətinə, oturuşuna, geyiminə fikir verirəm.

- Şöhrət, səhnə var, bəs nə yoxdur?

- Şükür Allahıma! Hal-hazırda mən şöhrətdən də, səhnədən də qaçıram, gördüyünüz kimi, uzaqlaşmışam efirdən. Çünki həvəsim qalmayıb. Hər zaman deyirəm, hər şey yerində, o heç. Amma qadın üçün əsas xoşbəxtlikdi. O da məndə yoxdur (qəhərlənir).

- Özünüzü hansı gülə bənzədirsiniz?

- Maraqlı sualdı. Güllərin hamısı gözəldi, ən gözəl gül hansıdırsa, mən ona bənzəyirəm.

- Efir vaxtı başınıza maraqlı hadisə gəlibmi?

- Bir dəfə canlı olaraq səhər verilişini aparırdım. Xidmətçi arxamdan əlində pol taxtası ilə asta-asta keçməyə başladı. Mən də monitordan görürəm axı. O isə barmaqlarının üstündə gedirdi. Sadəcə fikirləşirdi ki, yavaş-yavaş keçsə, düşməyəcək. Yazıq qadın nə bilsin.

- Təsadüflərə inanırsınız?

- Çox inanıram.

- Deyirlər, Türkiyə vətəndaşı ilə nişanlanmısınız?
- Birinci, ayıb deyil, belə bir şey olsa, gizlətmərəm. Eh, mənim heç sevdiyim yoxdur, qalmışdı da nişanlanmaq.

- Ürəyinizdə qalan sual varmı?
- Canım, Maşallah, sualların fərqli idi. Yoxsa hamı eyni sualları verir, adam bezir. Bütün ürəyimdə olan suallara cavab verdim. Çox maraqlı idi.

Həyat serialının bugünkü bölümündə tərəf müqabilim Gülnarə Məmmədova oldu. Səmimi olmağa, eyni zamanda ssenaridən kənara çıxmamağa çalışdıq. Fikrimcə, missiyamızın öhdəsindən gələ bildik. Serialımızın çoxhissəli və maraqlı olması ümidilə yenidən görüşənədək.

Şəlalə Nəriman

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az