Həyatda hər kəs bir peşəyə yiyələnir, hərənin öz missiyası olur. Seçilmişlər o insanlardır ki, peşələri missiyalarını yerinə yetirməyə xidmət edir. Doktor Rəşid Mahmudov da, sözün əsl mənasında, cəmiyyəti cəhalət kimi xəstəlikdən sağaltmağa çalışır.
- Özünüz haqda məlumat verərdiniz...
- Mən Mahmudov Rəşid, yetmiş beş yaşım var. Gədəbəyin Kəsəmən kəndindənəm. Üç övladım, dörd nəvəm var. Tibb Universitetini bitirmişəm. Həyat yoldaşım və iki qızım həkimdir. Həyat yoldaşım "Semaşko"da həkim işləyir. Elmlər namizədi, dosentəm, həkiməm. Əməkdar müəlliməm. ATU-da fiziologiyadan dərs deyirəm.
- Hamıda emosional insan təəssüratı yaradan Rəşid müəllimin uşaqlığı necə keçib?
- Ailədə altı uşaq olmuşuq, dörd qardaş, iki bacı. Həmişə də məni döyürdülər, başımı yarırdılar. Bir qız var idi, məni həmişə döyürdü. Bir gün əsəbiləşib onu möhkəm döydüm. Altı yaşından atam məni məktəbə aparıb qoydu ki, ağıllanım. O ağıllanım, bu ağıllanım, hələ də ağıllana bilmirəm.
- Sizin təbirinizcə desək, gənclik illərində necə, ağıllandınızmı?
- Sakit insan olmuşam. Çalışdım ki, oxuyum. Yalnız elmlə məşğul oldum. Günün bu günündə tibb elmləri namizədi, dosentəm. Qızlarımdan biri göz həkimidir, biri infeksion xəstəxanada işləyir.
- İlk məhəbbətə neçə yaşında vaxt tapa bildiniz?
- On beş yaşında. Bir qızı sevmişəm, adını çəkə bilmərəm. Hərdən görüşürük, ona köməklik edirəm. Amma o bilmir ki, onu hələ də sevirəm. Artıq kökəlib (gülür), onun da balaları var.
- Bəs həyat yoldaşınızla sevib ailə qurdunuz?
- Sevib ailə qurdum. Həyat yoldaşım da mənimlə eyni institutda oxuyurdu. İlk dəfə sevgimi mən etiraf elədim. Üç uşağım oldu. Hazırda Badamdarda oğlumla yaşayıram. Qızları da verdim ərə. Bu günə də çox şükür edirəm. Tibb Universitetində dərs deyirəm. Həmçinin özəl müəssisədə çalışıram.
- Niyə əvvəlki kimi efirlərdə görünmürsünüz? Dəvət etmirlər?
- Səmimi deyəcəyəm, mənim televiziya kanallarına çıxmağıma yuxarıdan qadağa qoyublar. Geylərlə bağlı çıxışımdan sonra efirlərə buraxmadılar. Düzü, çox vaxt dəvət alanda çıxmaq istəmirdim. Mənim elə də vaxtım yoxdur. Özüm deyirdim ki, çağırmayın. İndi də çağırmırlar.
- Həkim hara, müğənni hara? Niyə söz atırsınız müğənnilərə?
- Açıq deyirəm, bəziləri çıxır efirə deyir ki, musiqini mən gətirdim, mən çıxartdım. Adam bu cümləyə əsəbiləşir. Ən nifrət etdiyim şey yalandı. Müğənnilər düz danışmırlar deyə mən də onlarla elə danışıram. Milləti aldadırlar, göz qabağındadır, səni, məni aldadırlar.
- Sizcə, şou-biznesin qanunlarını kim yazır?
- Axmaq adamlar, ən pis şeyləri qansız adamlar yazır. Şou-biznesdə nə qanun var, nə bir şey. Mən Rəşid Behbudova, Qulu Əsgərova, Xan əmiyə, Səkinə İsmayılovaya, Mələkxanım Əyyubovaya, Azərinə qulaq asıram. Başqa heç kimə qulaq asmıram, nə də maraqlanmıram. Gedirlər səslərini kompüterlə düzəldirlər, çıxıb deyirlər ki, məndən yoxdur. Belələrinin sənəti yoxdur. Özləri-özlərinə pul qoyub sənətə gəlirlər. Yaşlı adamam, durum nə deyim, çoxları yadımda qalmır.
- Niyə bəzi kişi müğənnilərin geyim tərzini pisləyirsiniz?
- İndiki müğənnilər yazıq adamlardır. Durub nə deyəsən onlara, geylərə, xəstə adamlardılar. Homoseksualizm bir bəladır. Geylər ömür boyu olub, Məhəmməd Peyğəmbərin dövründən. Onlar paxıl olurlar. İstəyirlər hamı özlərinə oxşasın. Bədbəxt insanlardırlar. Cavanlar da belələrinə baxıb bədbəxt olurlar. Telekanallar cavanlarımızın zövqünü korlayır, gözləri kor olub. Onlar da normal geyinmirlər. Baxsınlar da, sənətdə olanlar – Xan Şuşinski, Rəşid Behbudov həmişə sənət göstəriblər, əsl kişi geyimində efirə çıxıblar.
- Təzyiqlərdən qorxmursunuz ki?
- Allahdan başqa heç kimdən qorxmuram. Abrımı itirməkdən qorxuram. Xəyanətdən qorxuram.
- Sizi nə qıcıqlandıra bilər?
- Ədalətsizlik.
- Həyatda ən böyük səhviniz nə olub?
- O qədər olub ki. Cavanlıqda olub səhvim. Elə olub ki, tələbələrimə "5" verməli idim, "4" yazmışam. Onun da səbəbləri olub. Hər bir insan səhv buraxa-buraxa gedir. Ədalətsizlik etmişəm, peşmanam.
- Bəs həyat sizə nələri öyrətdi?
- Həyat çox şeyi öyrətdi. Düzü, yalanı sevməyi öyrətdi. Həyatdan dərs aldım ki, bir çox səhvlərimi düzəldim. Bu dünyadan düz yox, yalan keçir. Düzün heç vaxt yeri yoxdur. Yalnız yalanın yeri var.
- Qısqanc insansınız?
- Əlbəttə, hər bir insanın ürəyində qısqanclıq olmalıdır, amma qədərində. Ürəyində sevgisini saxlayıb, həddən artıq qısqanmamalıdır. Həyat yoldaşına qarşı sevgisini on beş faiz ürəyində saxlamalıdır. Sevən insan təmkinli olmalıdır, bütün sirlər ürəkdə qalmalıdır, inam olmalıdır.
- Hansı qadınları bəyənirsiniz?
- Mən çox çətin adamam. Elə həyat yoldaşım kimi qadın arzulamışam. Yetmiş beş yaşım var, dözüb mənim bütün kaprizlərimə.
- İlham pərisini nədən və ya kimdən alırsınız?
- Azərbaycanda savadlı oğlanlar, qızlar görəndə ilham alıram. Sevinirəm ki, nə yaxşı bizim savadlı övladlarımız var.
- Həyatda nəyi çətinliklə əldə etmisiniz?
- İnanın, nə qazanmışam, çətinliklə əldə etmişəm. Heç nə asan gəlməyib mənə.
- Deməli, bu da taleyin bir qismətidir.
- Ola bilər.
- Cadugərlərin taleyə müdaxilə etməsinə inanmırsınızsa, onda niyə onları ifritə adlandırırsınız?
- Bəzi maddələr var ki, ifraz olunanda adamı yuxu tutur və ya bəzən qarabasmalar olur. Çox olanda depressiya yaradır. Belə insanlara elə gəlir ki, kosmosla danışırlar. Belələrini həkimə göstərmək lazımdır. Onların ciddi müalicəyə ehtiyacı var. Yeganə, Almaz, Zirəddin – onların psixi durumları yerində deyil. Yadıma gəlir, Zirəddin maşınını getdi divara vurdu. Belə görən idisə, gedib görərdi ki, maşını vuracaq. İndi bir çox insanların başı işləmir. Duzda yod yoxdu deyə başları 30-40 faiz işləyir. Allahdan başqa hamısı yalandır.
- Hər bir insan hansısa bir missiyanı gerçəkləşdirmək üçün dünyaya gəlir. Sizin missiyanız nədir?
- Yalnız xalqıma qulluq etmək. Mən dövlətimi çox sevmirəm, dövlətimə qulluq edirəm.
- Həyatınızda kimin yeri yoxdur?
- Paxıl insanların, satqınların yeri yoxdur həyatımda. Nifrət edirəm paxıl insanlara.
- Şəlalə nə deməkdir sizin üçün?
- Şəlalə göydən tökülən sudur, çox gözəl mənzərədir. Amma sizdən çox xahiş edirəm, nə deyirəm, onu da yazın. Yoxsa, məhkəməyə verəcəyəm sizi. Bax deyirəm, nə desəm, onu da yaz. Çünki axır vaxtlar hamını qalmaqala salırsan. Mən abrımı qoruyuram, sənin də xətrinizi çox istəyirəm deyə müsahibə verdim. Amma elə yaz ki, məhkəməyə verməyim.
- Hazırda nə yenilikləriniz var?
- Dünyada bir çox insanlar yoddan əziyyət çəkir. Ona görə də yodlu su buraxmaq istəyirik. İnsanda yod çatışmazlığı olanda yaddaşında zəiflik olur, yorğun olur, yuxu basır. Bizdə Xəzərdə yod çoxdur. Sadəcə neft tutub deyə buxarlanmır, buxarlansa hamıya yod çatar. Yod torpaqda, suda, havada olur. Zaqatala, Balakən, Qaxda yod çoxdur. Yod olmayanda bəzi adamlarda zob əmələ gəlir. İnşallah yodlu su buraxacağıq, onu səbirsizliklə gözləyirəm. Çalışıram həmişə xalqıma qulluq edim, elmimlə.
Bugünkü həmsöhbətim həm də pedaqoqdur. O, tibb elmini tədris etməklə yanaşı həm də həyat məktəbinin qocaman müəllimidir.
Şəlalə Nəriman
O.M.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































