Dəyərli xanımlar, 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə hər birinizi təbrik edirik, sizə dünyanın bütün gözəlliklərini, ömrün bütün şirin anlarını arzu edirik. Hər zaman sevib-seviləsiniz, gözünüzdən axan yaşın hər damlasının səbəbi yalnız sevinc olsun, qədirbilən və qədri bilinənlərdən olun. Arzum budur, xoşbəxt qadın və bəxtəvər ana olasınız. Rubrikamızın da sizə özəl hədiyyəsi var. Hər zaman müsahibələrdən qaçan dəyərli müğənni, xanımların sevimlisi Elnur bu gün məhz sizin bayramınızı təbrik etmək üçün rubrikamızın qonağı oldu. Onunla olan müsahibəmizi olduğu kimi sizlərə təqdim edirik:
- Özünüzü oxuculara necə təqdim edərdiniz?
- Sadəcə Elnur Məmmədov.
- Alidəki Elnurla səhnədəki Elnurun arasındakı fərq nədədir?
- Həddən artıq böyük fərq var, amma bu o demək deyil ki, mən ailədə özüm olub, səhnədə rola girirəm, qətiyyən. Sadəcə fərq bundadır ki, əgər mənim başım ağrıyırsa, bunu ailədə büruzə verirəm, amma səhnədə heç zaman bəlli etməmişəm. Düşünürəm ki, lazım deyil tamaşaçı bizim hər hansısa bir problemimizin olduğunu hiss etsin. Biz səhnəyə insanları şənləndirməkçün çıxırıq, mənim çıxıb öz dərdimi tamaşaçıya yükləməyim nə dərəcədə doğrudur? İnsanlar bizi səhnədəki fəaliyyətimizlə necə tanıyıblarsa, elə o cür də davam etsinlər. Düzdür, hərdən bizi dərindən tanımaq istəyən insanlar da olur, amma mən bununla razılaşmıram.
- Nə zamansa bu pilləyədək yüksələcəyinizi düşünürdünüzmü?
- Heç kəs bilə bilməz ki, sabah nə olacaq. Amma arzulamışam və ilk solo karyeraya başlayanda Allaha dua edirdim ki, çətinlik çəkməyim. Mənim sənətə qədəm qoyduğum illərdə səhnəyə çıxmaq olduqca çətin idi, çünki həddən artıq çox müğənni vardı. O qədər müğənninin içində seçilmək, sevilmək, unudulmamaq asan iş deyil.
- Həyatda ən böyük arzunuz nə olub?
- Ən böyük arzularımdan biri o olub ki, sənət yollarında heç bir çətinliyim olmasın. Bir mahnının ərsəyə gəlməsi üçün aranjemana, klipə, o klipin işıq üzü görməsinə, efirə çıxmağa çoxlu vəsait lazımdır, amma Allaha şükürlər olsun ki, bu baxımdan mənim çətinliyim çox sürmədi. Çünki tez bir zamanda sevildim, qəbul olundum və beləcə, mənə mahnı da, aranjeman da, klip də hədiyyə olundu, efirlərə dəvət almağa başladım. Digər arzum isə o idi ki, məni olduğum kimi qəbul etsinlər və şükürlər olsun ki, elə olduğum kimi də sevirlər.
- Böyük səhnəyə gəlməzdən öncə, sadəcə bir izləyici kimi kimə pərəstiş edirdiniz?
- Hər kəsi dinləmişəm, amma konkret dinlədiyim sənətçilərin adlarını çəkməyə qorxuram, çünki düzgün anlamazlar. Uşaqlıqda isə Səkinə İsmayılovanı dinləmişəm, onun xanımlığını, ifasını çox sevirdim və deyirdim ki, mən böyüyəndə Səkinə İsmayılova ilə evlənəcəm. Amma böyüdükcə gördüm ki, tək Səkinə xanım yox, bütün Azərbaycan xanımları gözəldir. Dünyanın bir çox yerlərində olmuşam və bu qənaətə gəlmişəm ki, öz xanımlarımızı dünyanın heç bir xanımına dəyişmərəm. Mən Azərbaycan xanımı deyəndə gözlərimin önündə böyük bir zirvə canlanır.
- Səhnəmizin xanımlara qarşı hədsiz diqqətli bəylərindənsiniz. Hətta "Azərbaycan qadını" adlı böyük bir layihəniz də olmuşdu. Bəs qadınlarda ən çox nəyə fikir verirsiniz, bir qadın sizin gözünüzdə nəylə yüksəlib, nəylə alçala bilər?
- Nəinki xanım, ümumiyyətlə insanlarda ən çox insani keyfiyyətlərə üstünlük verirəm. Qarşımdakı insan kimliyindən asılı olmayaraq, əgər insanlığı yoxdursa, o mənimçün heç kimdir. Bəlkə elə bir yolun yolçusu ola bilər ki, onu nəinki insan, hətta heç Tanrı da qəbul etməsin, ancaq mən həmin şəxsdə insanlıq görsəm, onu heç kəs mənim gözümdən sala bilməz. Mən gördüyümə qiymət verirəm...
- Mahnılarda daha çox sözə, yoxsa musiqiyə önəm verirsiniz?
- İfa etdiyim mahnılarda məni cəlb edən, oxumağa vadar edən birinci musiqinin gözəlliyidir. Mən əsas musiqiyə fikir verirəm, sözlər mənimçün ikinci dərəcəlidir.
- Qəmli mahnılarla böyük bir kütlənin qəlbinə yol tapıb, bu illər ərzində orda qalmağı bacarmısınız. Həmin mahnıların sizin taleyinizlə qismən də olsa əlaqəsi varmı?
- İfa etdiyim mahnıların mövzuları elə mahnıda qalır, mənim həyatımla heç bir əlaqəsi yoxdur. Bu mahnıların dinləyicilərinə də belə kədərli həyat arzulamıram, istəmirəm kimsə o mahnılarda özünü tapsın. Çünki orda həm sonu uçurum, həm ayrılıq, həm də mümkünsüz sevgilərdən oxumuşam. Axı niyə bu hislər dinləyicilərə doğma olmalıdır? Mənim "Nişan üzüyü", "Gəlsən, gəlməsən də", "Gizli yaşayım" adlı mahnılarım var ki, onları dinləyəndə, mən özüm doğrudan da çox pis oluram. Bu üzdən "Niyə?" mahnımı oxuyub bitirəndə sonda canlı olaraq (zümzümə edir) "Səni unutmayıram, çünki sən mənimsən..." oxuyuram, çalışıram mahnıya qərq olmuş dinləyicini ordan çıxarım.
- Yəni birbaşa dinləyicinin daxilinə xitab etməyə çalışırsınız. Elə isə, özünüz daxilən necə insansız?
- Zahirən necəyəmsə, daxilən də eləyəm. Düzdür, kənardan baxan insanlar elə bilirlər ki, mən yekəxanayam, kimsəni bəyənmirəm, amma bunu yalnız məni tanımayanlar deyə bilər. Tanıyanlar çox gözəl bilirlər ki, bu, qətiyyən belə deyil, həddindən artıq sadə və kövrəyəm. Sənət aləmində kaprizlərim olur, amma bu, sənətin qanunudur. Hər hansısa bir tədbirdə və ya el şənliyində mən heç kəslə tək-tək görüşmürəm, hər kəslə ümumi salamlaşıram. Çünki kimisə unudub görüşməsəm, inciklik olacaq, ona görə bəri başdan ümumi salamlaşıram. Bəzən sənət yoldaşlarım da məndən bu hərəkətimə görə inciyirlər, elə bilirlər ki, mən saymazyana davranıram. Həqiqət əsla belə deyil, demək istəyirəm ki, bu, mənim xarakterimdir.
- Vəziyyətdən çıxmağı bacarırsınız?
- (Gülür) Vəziyyətdən çıxmağı mən uşaqlıqdan yaxşı bacarıram. Mənim pis bir cəhətim var, sözləri yadımda saxlaya bilmirəm. Çox vaxt olub ki, Heydər Əliyev Sarayında çıxıb canlı oxumuşam, mahnının sözlərini unudanda nəsə bir şey edib o vəziyyətdən çıxmışam, hətta tamaşaçılar bunu hiss edib, gülüblər də. Amma elə də olub ki, heç hiss etməyiblər.
- Ömrünüzün ən şirin və ən acı anlarını xatırlayırsınızmı?
- Ömrümün acı günü ən yaxın dostumu itirməyim oldu. O insan hələ də mənim nə yuxularımdan, nə yadımdan çıxmır və məhz onun dünyadan köçməsilə mən bütün dostlarımdan, sinif yoldaşlarımdan uzaqlaşdım. Elə bilin ki, bütün o gözəl anları yaşadan sanki o insan idi, hər kəsi bir araya toplayan o idi.
- Kənardan iradəli görkəmi olan Elnurun göz yaşlarına təslim olduğu vaxtlar olurmu?
- Əlbəttə, olur. Keçən il Xocalı soyqırımının 20 illiyində mən göz yaşlarımı saxlaya bilmədim, çünki televiziyada heç vaxt göstərilməyən gizli məqamlar göstərilmişdi və mən o faciənin dəhşətlərinə dözə bilmədim, hətta valideynlərim də məni sakitləşdirə bilmirdi.
- Bir az planlarınızdan danışardınız, yaxın gələcəkdə konsert verməyiniz gözlənilirmi?
- Hələ ki konsert verməyi düşünmürəm, çünki möhtəşəm bir iş görmək istəyirəm. Tamaşaçı necə alboma qulaq asıb istədiyi effekti alır, eləcə də canlı konsertdə həmin effekti almasını istəyirəm. Bunun üçün də külli-miqdarda vəsait lazımdır.
- Sonda xanımlara nəyi etiraf etmək istərdiniz?
- İstərdim xanımlarımız bir şeyi dərk eləsinlər və unutmasınlar: "Azərbaycan kişiləri dünyada yalnız o xanımların qarşısında baş əyirlər ki, məhz elə o xanımlar da Azərbaycan xanımlarıdır! Bu, həqiqətən də xanımlarımızın layiq olduğu bir sevgidir. Qeyrət, ailəyə sadiqlik, gözəllik, bunların hamısı xanımlarımızda cəm olub, bundan artıq biz kişilərə xanımlardan nə lazımdır? Məhz buna görə də mən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlarımızı səmimi qəlbdən təbrik edirəm. Yaşadıqları bir ömür boyu başımızı daim uca etmələrini arzulayıram, dünyada nə kimi dəyişikliklər olursa olsun, istəyirəm ki, xanımlarımız yalnız yaxşılığa doğru dəyişilməyə can atsınlar, öz ismətlərini hər zaman qoruyub saxlasınlar. Anamın simasında bütün xanımların qarşısında baş əyirəm!
Bugünkü bayramda xanımınıza gül verməyə tələsməyin, əziz kişilər. Gülə gül verilməz. Ona öz səmimiyyətinizi, məhəbbətinizi, varlığınızı verin. Özü də tək bu gün yox, bir ömür boyu. Eynən gənc müğənni Elnur kimi...
Ömrün bu anını beləcə yaşadıq, əziz oxucular. "Ömrün Anları" rubrikasında yenidən görüşənədək...
Arzu Murad
O.M.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































