Bu müsahibə həm mənə, həm də tərəf müqabilimə çətinliklə başa gəldi. Gah suallar ağzımda yarımçıq qaldı, gah da cavablar qulağımda. Lakin gözüm yollarda, ürəyim intizarda qalmadı. Əmin idim ki, həmsöhbətim müqəddəs bildiyi sənəti naminə, xəstəliyinə inad, tamaşaçılarını intizarda qoymayacaq. Elə də oldu. Bir neçə saat ərzində dəfələrlə əlaqə saxlayıb çətinliklə də olsa, bugünkü müsahibəni yekunlaşdırdıq.
- Özünüz haqda məlumat verərdiniz...
- 1958-ci ilin 8 martında anadan olmuşam, pasportda 1 mart yazılıb. Əslim naxçıvanlıdır. Çox sevirəm mart aylarını. Çünki mənim doğum günümdür, bayramlarımızla zəngin aydır. Bir qızım var, on beş yaşında. Adı da Fatimədir. Əməkdar artistəm, prezident mükafatı alıram, Gənc Tamaşaçılar Teatrının aktrisasıyam.
- Necə oldu ki, bu sənəti seçdiniz?
- 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kinoaktyor fakültəsini bitirmişəm. Sonra isə həmin ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul olmuşam. Daim axtarışlar aparırdım ki, teatrda baş rolları yüksək səviyyədə ifa edim.
- Yadda qalan rolunuz hansıdır?
- Səhhətimlə bağlı çox uzun-uzadı sizə cavab verə bilmirəm. Amma bunu heç yerdə deməmişəm. Rollarım saysız-hesabsız olub. İlk qadın aktrisayam ki, əlimdə canlı ilanla Kleopatranı oynamışam. Bu, tarixi hadisədir.
- İstəyərdinizmi övladınız sizin sənətin davamçısı olsun?
- Yox, istəmirəm. Çünki bu sənət çox çətin sənətdir. Qızım əvvəl istədi həkim olsun, indi isə hüquqşünas olmaq istəyir. Deyir ki, mama, sənin hüquqlarını qoruyacağam. Əlbəttə ki, mənim tək fikrim balamdır. İstəyirəm ki, xoşbəxt olsun. Allah hamının balasını xoşbəxt eləsin, mənim də balamı. Mən Allahıma çox bağlı insanam. Allah mənə ömür versin, balamı yerbəyer edə bilim.
- Bildiyimə görə, dinlə maraqlanırsınız...
- Həddindin çox dinə bağlı insanam. Özüm də namaz qılıram. Xəstəxanaya gələndə şok vəziyyətində idim. Üç-dörd gün keçəndən sonra bir dəfə namaz qıldım, gördüm ki, səhhətim imkan vermir burda namaz qılım. Sadəcə, dua eləyirəm. Allah hamının dualarını qəbul etsin, mənimkini də onların içində.
- Bilirəm ki, çətindir bu barədə danışmaq. Xəstəliyinizə səbəb nə oldu?
- Hamısı əsəbdəndi. Səbəb də ev problemimdi. Ürəyimə su yığılmışdı. Danışmaq mənə çox çətindir. Sadəcə, səninlə danışandan sonra səsini beynimdən çıxarda bilmədim. Dedim, qoy nə qədər ki bir az yaxşıyam, suallarına cavab verim. İnanın, xəstəxanaya gələn gün doxsan faiz vəziyyətim pis idi. Şokda olmuşam, hətta dilim pəltək vururdu, üz-gözüm də şiş idi. Sağ olsunlar həkimlərimiz, indi altmış-yetmiş faiz yaxşıyam. Tanrıdan istəyim budur ki, Allah mənə ömür versin, balamı yerbəyer edim.
- Həmkarlarınızdan sizi ziyarətə gələn olubmu?
- Birincisi, heç kim bilmir hansı xəstəxanadayam. Nə bildirmirəm, nə də kimisə görmək istəmirəm. Zəng edənlər olur. Heç öz doğmalarımı qoymuram yanıma gəlsinlər. Çünki sinir sistemlərim yerində deyil. Yalnız təbiətə baxıb, dincəlmək istəyirəm. İnanın, balam olmasaydı, elə bir yerə çıxıb gedərdim ki, orada tək-tənha olum. Söz verirəm, sağ-salamat çıxım xəstəxanadan, iki bacı kimi oturub, dərdləşib, geniş müsahibə verərəm. İnan ki, zəng edənlər çox olur, amma müsahibə verməyə halım yoxdur. Səni çoxdan tanıyıram, obyektivliyinə şübhəm yoxdur. Ona görə də müsahibəyə razılıq verdim. Olduğunu yazırsan. İstəmirəm ki, mənim bu xəstəliyimi mətbuatda şou kimi qələmə versinlər. Xəstə adamam, xahişim bütün jurnalistlərdən budur, məndən müsahibə götürmürlərsə, məlumat da yazmasınlar. Yazığam, balam var, əsəbiləşəcəyəm. Sinirlərim pisdir. Hər bir şey əsəbimə toxunur. İstəmirəm ki, ailəmdə kimsə narahat olsun. Anam xəstədir. Təzəlikcə xəstəxanadan çıxartmışam, özüm belə. İnanın, heç kimi istəmirəm görmək. Hər bir insan məni başa düşər. Bu haqda daha heç kimə danışmaq belə istəmirəm. Çünki bəzi insanlar bunu cürbəcür bəzəyəcəklər. Mənə bir şey olsa, balam ortada qalacaq. Yazığam.
- Bu qədər stressi oyadan kim olub?
- Dediyim kimi, problem evimlə bağlıdır. Uçulmuş, dağılmış evim məni bu günə qoydu. Bütün əsəblərimi bu yerə "Kapital-İnvest" şirkəti qoydu. Məni aldatdılar. Evimin yanından ev tikdilər. Gah dedilər, evini alacağıq, gah da dedilər ki, təmir edəcəyik. Heç nə eləmədilər. Məcbur olub ürəyimə saldım. Heç yerə də müraciət etmədim. Allahın ətəyinə buraxdım onları. Canım ağrıyır. Nə qədər yazılsa da, onsuz da bu ev işim həll olunmayacaq. Mən övladımın gələcəyini düşünürəm ki, heç olmasa onun günü xoş olsun. Onun da öz otağı olsun, artıq böyük qızdır.
- Ən yaxın rəfiqəniz kimdir?
- Rəfiqə sözünü xoşlamıram. Mənimlə razılaşarsan ki, rəfiqə yoxdur. Elə bir söz tanımıram. Ən yaxınım anamdır, bir də qızım.
- Xəstəxana xərclərinizi kim ödəyir?
- Allahım dəstək olur. Özüm prezident mükafatı alıram. Bu barədə ətraflı danışmaq istəmirəm.
- Ürəkdən haçan ağlamısınız?
- Çox ağlayıram. Ancaq təbiət qoynunda qışqırıb ürəkdən nərə çəksəm, içim boşalar. Qışqırmıram, ağlamıram, ürəyimə vurur. Bütün orqanlarım məhv oldu hər şeyi ürəyimə sala-sala.
- Gözünüzün düşməni kimdir?
- Mənim düşmənim yoxdur, yad cümlədir düşmən sözü. İnan, pislik eləyənlərə də həmişə dua edirəm. Qoy xoşbəxt olsunlar. Allah hamıya can sağlığı versin, mənə də.
- Kimdən halallıq almaq istəyərdiniz?
- Elə yaşamışam ki, heç kimin xətrinə belə dəyməmişəm. Kiminsə qəlbinə toxunduğuma inanmıram. Əminəm ki, doxsan doqquz faiz belədir. Halal insan olmuşam həyatda. Bir faiz haradasa səhvim olarsa, onu da Allahım bilər.
- Nübar xanım haçan təhlükəli ola bilər?
- Heç bir zaman. Pisliyə də yaxşılıqla cavab verirəm.
- Bəs niyə seriallara çəkilmirsiniz?
- Dəvət etmirlər. Etsələr, niyə çəkilmirəm ki? Artıq yaş o yaş deyil. Səhhətimdə problemlərim də çoxalıb.
- Nədən gileylisiniz?
- İki kiçik otaqda dörd nəfər ailə üzvü ilə yaşayıram. Övladıma heç nə edə bilmədim. Sağ olsun ki, prezidentim mənə mükafat verir. Yoxsa nə edərdim mən? İyirmi altı ildir ev növbəsindəyəm. Heç bir xəbər yoxdur.
- Deyirsiniz ki, iyirmi alt ildir ev növbəsindəsiniz. Bu barədə harasa müraciət etmisiniz?
- 1985-ci ildən ev növbəsindəyəm. Dəfələrlə yazmışam, cavab gəlmədi. Artıq yaş öz işini göstərir. Yubileyimdir martın biri. Mən də rahatçılıq istəyirəm ki, xoş günümü evimdə keçirdim. Nə bu tərəfdən xəbər çıxdı, nə də köhnə evimdən?
- Nə əcəb bəzi həmkarlarınız kimi toylarda, xınayaxdılarda aparıcılıq etmirsiniz?
- Pis baxmıram. Hərdən istəyirəm. Yalnız yaxınlarım deyir ki, mənim üçün çətin olar.
- Bu sənətdə sizə kim dəstək olub?
- Gözəl aktrisamız Lətifə xanım mənə çox dəstək olub.
- Nübar Novruzova necə insandır?
- Bunu tamaşaçılar deyə bilər. Hər zaman ciddi aktrisa olmuşam. Hamının hörmətini saxlamışam, kinli olmamışam. Hər yanda özümə qarşı hörmət görmüşəm.
- İndi nə haqda fikirləşirsiniz?
- Öz-özümə fikirləşirəm ki, kiməm mən? Heç kimin məndən xəbəri yoxdur. Heç vaxt yüksəklikdə gözüm olmayıb. Sadəcə, qızıma görə artıq dərindən fikirləşməli oluram. Deyirəm ki, niyə bu insafsızlar mənim komamı dağıtdılar, məni bu günə qoydular?
- Nübar Novruzovanın fanatları varmı?
- Mən xalqımı çox sevirəm. Bir də görürsən ki, küçədə görəndə yaxınlaşıb sevgilərini bildirirlər. Nə olsun ki, bu qədər fanatlarım var? Qiymət vermirlər. O qədər qastrollarda olmuşam ki, bu sənətdə canımı qoymuşam. Balaca aktrisayam da. Artıq illər keçib, gözəlliyimdən əsər-əlamət qalmayıb.
- Efirlərdə niyə az-az görünürsünüz?
- Bir çox tamaşalarda rollar almışam. Həmişə də maraqlı obrazlar yaratmışam. Maraqlı obrazım olsa, istəyərəm çıxım. Unudulub, yaddan çıxmaq istəmirəm.
Bu gün baharın ilk günüdür. Bahar yeni nəfəs, yeni nübar dövrüdür. Onun gəlişi ilə təbiət qış yuxusundan oynayır, qan qaynayır, bayram bayrama qarışır. Arzu edirik ki, ömrünün 55-ci baharı Nübar Novruzova üçün yeni-yeni sevinclərin, uğurların, can sağlığının nübar dövrü olsun! Qoy sevimli aktrisanın həyatı büsbütün Novruz bayramını xatırlatsın!
Şəlalə Nəriman
O.M.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































