Populyar olmaq hər zaman sevilmək demək deyil. Tanınmamaq da sevilməmək mənasını vermir. Balaca bir qarışqa zəhmətkeşliyi ilə özündən qat-qat böyük canlılara örnək olacağı halda, hiyləgərliyi ilə məşhur olan tülkü və ya çaqqal bütün nağılların və təmsillərin baş qəhrəmanıdır. İnsan da canlı aləmin bir parçasıdır. Özü də yeganə şüurlu varlıq olduğundan təbiətin ən ali canlısı sayılır. O təbiətin ki, aslanları, ilanları, xoruzları, qartalları, goreşənləri, hətta uzunqulaqları var.
Bugünkü həmsöhbətimi gənc nəslin nümayəndələri yaxşı tanımırlar. Lakin orta və yaşlı nəslin nümayəndələri bilirlər ki, "7-17" müsabiqəsinin qalibi olmuş Ceyhun Nemətov bir zamanlar populyarlıq zirvəsində qartal kimi pərvaz edirdi.
- Özünüz barədə məlumat verərdiniz?
- 1976-cı ilin may ayında anadan olmuşam. Əslim həmşəridir. İncəsənət Universitetinin solo ifaçılıq fakültəsini bitirmişəm. Müəllimim Mələkxanım Əyyubova olub. 1990-cı ildən bu sənətdəyəm, artıq iyirmi üç ildir. "7-17" müsabiqəsindən gəlmişəm. Ailədə iki bacı, bir qardaşıq. Özüm də ailəliyəm, doqquz yaşında bir oğlum var.
- Necə oldu ki, bu sənəti seçdiniz?
- Sözün açığı, bu sənətə gəlmək fikrim olmayıb. Səkkiz il "kin-boks"la məşğul olmuşam. Özüm də Sovetskidə böyümüşəm. Mübariz adında bir dostumun təkidi ilə bu sənəti seçdim. Bir gün dedi ki, "7-17" müsabiqəsi elan edilib. Mən də onun sözünü qırmadım, özümü sınamaq üçün müsabiqəyə qatıldım. Bir mahnı ifa etməklə məni münsiflər heyəti bəyəndi. Ondan sonra konsertlərim, bölgələrdə çıxışlarımız böyük anşlaqla qarşılandı. Artıq efirlər də gündə bizi çağırmağa başladılar. Fanat ordularımız çoxaldı. Buna görə də məndə həvəs daha da artdı. Sonralar iki il sənətimdə durğunluq baş verdi. Bir müddət çox peşman oldum ki, niyə illərimi bu sənətə verdim. Populyarlığımı saxlaya bilmədim. Bunun da günahı məndə oldu. Sizin kimi təmənnasız jurnalistlər çox sağ olsunlar, indi axtarırlar, tapırlar, maraqlanırlar. İstəyirəm ki, əvvəlki populyarlığımı qaytarım.
- Uşaqlıq illərinizdən danışın.
- Uşaq vaxtı sakit olmuşam. Amma məktəb dövründə sinifdə olan qızlarla heç vaxt danışmamışam. Sinifdə bir qız var idi, mənə sevgi məktubu yazmışdı deyə pis olmuşdum. Bizim dövrdə belə şeylərə pis baxırdılar. Axır on birinci sinfi bitirəndə müəllimlərim, sinif uşaqları bizi barışdırdılar ki, sonuncu zəngimizdir, küsülü getməyək. İndi də bir çoxları ilə ailəvi dostuq, demək olar ki, sinif uşaqlarımızın bir çoxu ilə də toylarda rastlaşırıq. Düz deyəcəm, əsgərlikdə olmamışam, Biləcəriyə qədər getmişəm. Ayağımın altı düz olduğuna görə aparmayıblar.
- Gənclik illəriniz necə keçib?
- Mən indi də gəncəm. Çox gözəl keçir. Ailəmlə kinoya gedir, şəhərə çıxırıq, bir darıxdığım insan anamdır. O da bir aydır rəhmətə gedib.
- Hansı günahın yükü hələ də çiyninizdədir?
- Anamla doyunca dərdləşə bilmədim. Anam övladlarına görə çox əziyyət çəkib (kövrəlir). Özümə onu bağışlamıram ki, niyə çox vaxtımı anamın yanında keçirmədim? İyirmi iki ildir anamın dizlərində, qollarında duz olduğuna görə bu xəstəliklə barışmışdıq. İnanın, evdə oturmuşduq. Deyib, gülə-gülə söhbət eləyirdik. Sadəcə gözlənilmədən oldu. Halı pisləşdi. Gecəyarısı saat on ikidə Təcili Yardım maşını ilə Neftçilər xəstəxanasına apardıq. Təzyiqi aşağı düşmüşdü. Nə qədər həkimlər əziyyət çəkdilər, təzyiqini normaya sala bilmədilər. Saat bir-iki radələrində anam dünyasını dəyişdi. Bütün dünya başıma fırlandı. Bir anda hər şey gözümdə cılızlaşdı. Anasızlığı anası olmayanlar daha dəqiq dərk edər. Hamının anası şirindir. Mənim anam qeyri-adi ana olub. Bütün dostlarıma ana olub. Dostlarım var ki, evlərində görmədiyi münasibəti, səmimiyyəti bizim evdə görüblər. Fikirləşdikcə pis oluram. Allahın bu gününə də şükür edirəm. İnanın, mən hər dəfə evdən çıxanda anam deyirdi: "Ceyhun, cibində pulun var?" Qayğıma çox qalırdı. İndi də o səs qulağımdadır.
- Bəs bəzi həmkarlarınızdan niyə incidiniz?
- Elə həmkarlarım var ki, anamın hüzrünə gəlmədi. Elələri var, zəng elədi. Gec bildiklərini bildirdilər. Ən çox incidiyim şəxs bəstəkar Vüqar Camalzadədir. Onu ömrümün axırına kimi bağışlamaram. Ayağımın altına düşüb sürünsə də, diz çöksə də, keçmərəm. Onun atası-anası rəhmətə gedəndə qohumlarından qabaq birinci yanında mən oldum. Bir problemi olan kimi atama zəng edirdi, atam gedib onun hansısa işini həll edirdi. Axı sən bizim evimizdə böyümüsən. Sənin qarşına anam dəfələrlə yemək qoyub. Niyə nankor çıxdın süfrəmizə?! Neyləmişik sənə?! Ölərəm, heç vaxt da ona salam vermərəm. Ömrün boyu evimdə sərbəst hərəkət etdin, anam sənə qarşı heç vaxt pis olmadı. Həmkarlarımdan biri ona zəng edib deyib ki, Ceyhunun anası rəhmətə gedib, Vüqar. Qayıdıb deyib ki, təyyarədən indi düşmüşəm, çox yorğunam, evdə dincəlim, sonra zəng edərəm, heç demir ki, gedərəm. Sənin burnundan gəlsin mənim anamın verdiyi çörək. Qudurğanlığa bax. Heç vaxt da keçmərəm, ayağıma düşsə belə. Üzdə ola bilər. Hələ bilmirəm keçərəm, ya yox. Ürəyimdə həmişə ona qarşı kin-küdurət qalacaq. Çox dostlar soruşur ki, Vüqar Camalzadə niyə sənə kömək eləmir? Halbuki onun ilk mahnısını mən populyar olanda oxumuşam. Mənim hesabıma gedib Qazaxıstanda konsert verib. Nə tez yadından çıxdı? Hansı müğənnilərə dedi, heç biri getmədi. Amma mən getdim, yüksək səviyyədə də çıxış elədim. Çox gözəl də konsert keçdi. Gəlib efirlərdə çıxıb maqazin verilişlərinə, bir dəfə də mənim adımı çəkməyib. Heç olmasa, yediyin çörəyi gözünün qarşısına gətir də. Burada konsert verir, bütün müğənnilərin adı var, mənim adım yoxdur. Zəng edib deyirəm, deyir, nömrəni bilmirdim. Gülüncdür. İnsanın neçə siması olar? Üzlülüyümə saldığıma görə məni konsertinə saldı. Çağırdığı müğənnilərin çoxu "Heydər Əliyev" sarayında canlı oxuya bilmədi. Pərdə arxasında bir-birlərinə deyirdilər ki, necə oxuyaq? Həmin populyarların yanında çıxıb ifa elədim, populyar olmasam belə. Bir sözlə, anamın çörəyini halal eləmirəm Vüqar Camalzadəyə. Dediyim sözlərin də ağasıyam. Bu haqda çoxdan danışmalıydım. Bir çox məni sayıb gələn həmkarlarıma da çox sağ ol deyirəm. Namiq Qaraçuxurluya, Rüfətə, Elçinə, Xalidə, Rəqqasə Fatiməyə. Sağ olsunlar ki, insanı belə gündə yada salırlar. İnternet saytlarında mənim ünvanıma yazılan "Baş sağlıq"larına görə hamıya minnətdaram.
- Deyəsən, əsəbi insansınız?
- Tez əsəbiləşib, tez də soyuyuram. Ailədə bir də görürsən ki, nəyəsə hirsləndimsə, on dəqiqədən sonra özüm gəlib barışıram.
- Xarici görünüşünüzdə nə xoşunuza gəlmir?
- Burnum xoşuma gəlmir. Əməliyyat da heç vaxt etdirmərəm. Allahın verdiyi burundur da. Çoxları deyir, yaraşır.
- Sizcə bu sənət qədirbilməzdir?
- Sənət mənim qədrimi bilmir. Elə olur ki, sınıram, uzaqlaşıram. Bir də gördün, efirlərdən bir zəng gəldi, durub gedirəm, sonra fikirləşirəm ki, uzaqlaşmayım. Bu yaxınlarda istədim artıq atım bu sənəti. Çoxdandı efirlərə çıxmıram. Amma el şənliklərində iştirak edirəm. Min şükür, dolanışığım yaxşıdır.
- Toy bazarında yeriniz bilinirmi?
- Yerim normaldır, toylara da ansamblla 2000-2500 manata gedirəm. Yarım saatlıq iştirakım 500-700 manatadır. Əvvəllər elə olub ki, bir gündə beş toya getmişəm. Çox sevinirəm ki, günün bu günü də mənə tələbat var. Çünki heç vaxt müştərini incitmirəm. İnanın səmimiyyətimə, toy şənlikləri olmayanda həyat mənə sıxıcı gəlir, bir növ depressiyaya düşürəm.
- Toydan söz düşmüşkən, bəzi müğənnilər deyir ki, toy məktəbdir. "Bu məktəbi keçməklə sənətdə yüksəlmək olar" fikrinə necə baxırsınız?
- Toy həqiqətən məktəbdir. Hər dəfə toyda ifaçı stress keçirir. Elə olur ki, ev yiyəsi deyir, pulunu verirəm, oxumalısan. Lazım olsa, bir mahnını beş dəfə oxuyuruq. Mən lazım olanda "Can-cana"nı da oxuyuram. Hansı yeni mahnı çıxır, öyrənirəm. Elə də olur ki, toyda bəstəkar mahnıları istəyirlər. Ona görə də istedadın olmalıdır ki, bütün mahnıları ifa edə biləsən. Həm də güc lazımdır. Baxırsan ki, toyda zurnanın səsi gözəl gəlir, amma zurnanı ifa eləmək necə də çətindir.
- Toyda başınıza maraqlı hadisələr gəlirmi?
- Günlərin bir günü ləzgi toyunda "Vağzalı" çalındı. Gəlinlə bəyi yola salırdıq. Ev yiyəsi gəlib dedi ki, hörmətli qonağım var, qoy sözünü desin, oynasın, sonra "Vağzalı" çalınsın. Başladı həmin bu qonaq rus dilində deməyə: "Pozdravlyayu vas! Bu axşam gəlini..." O, ağzını açmışdı ki, qırğın düşdü. Bir də gördük ki, bəyin qardaşı qıraqdan gəlib mikrofonu onun əlindən aldı, buna yumruğu necə vurdusa, dava düşdü. Biz də tez çıxdıq çölə. Bu da bunların hörmətli qonağı.
- Bu sənətdə yüksəlmək üçün nəyiniz çatmadı?
- Şansım.
- Bəs müğənnilərin kateqoriyasına necə baxırsınız?
- Kim nə deyir desin, mən də deyirəm ki, əjdaha mənəm, əjdaha ilində də doğulmuşam. Məndən sonra əjdaha Elarizdir.
- Hamı bilir ki, səhnənin bir əjdahası var, o da Nadir Qafarzadədir. Qorxmursunuz ki, həmkarınız sizə od püskürər?
- Mən Allahdan başqa heç kimdən qorxmuram. Hərə özü üçün əjdaha ola bilər. Mən Nadirə demirəm ki, əjdaha deyil. Deyirəm ki, səhnənin əjdahası mənəm. Hərənin öz fikri ola bilər. Mənim kimi heç kim canlı ifa eləyə bilməz. Lazım olsa, öz sənətimlə hamını başa sala bilərəm.
- Hansı müğənnilərin ifasını bəyənirsiniz?
- Zövqümə uyğun olan mahnılara qulaq asıram. Gənclərdən Elçinə, Ramala qulaq asıram. Qızlardan da Röyaya. Hazırda Röyanın mahnıları kütlə arasında şahdır.
- Bu sənətdən uzaqlaşsanız, hansı sənətə yiyələnərsiniz?
- Əlim var, ayağım var. Ailəmi dolandırmaq üçün lazım olsa, taksi də sürərəm.
- Sizi özünüzdən nə çıxarda bilər?
- Yalan.
- Deyirlər, kişiyə hər sözün düzünü deməzlər. Bəs sizə ən yaxın həmdəminiz yalan danışsa, onu bağışlayarsınız?
- Baxır yalana. Yalan var qan salar, yalan var şirin olar. Yaxın həmdəmim yalan danışsa, mən ondan soyuyaram, inciyərəm. Sonra da fikirləşərəm ki, yəqin mənim yaxşılığıma görə yalan danışır. "Quran"ın hansısa surəsində var ki, o yerdə ki qan düşəcək, o yerdə yalan danışmaq olar, təki qanı yatızdırasan. Bir dostum var, bu yaxınlarda ona qalstuk hədiyyə eləmişdim. Dostlarımın yanında deyir, təzə almışam. Üzümə durur ki, mən verməmişəm. Mən də dedim ki, niyə yalan danışırsan, mənim idi, sənə hədiyyə elədim. Bəzən belə səhvlər olanda adama pis təsir eləyir.
- Bu gün içinizdəki Ceyhun ən çox sizə nəyi irad tutur?
- Tənbəlliyimi.
- İlk məhəbbətiniz nə vaxt olub?
- Məktəb illərində olub. Həmin qız rus qrupunda oxuyurdu. Yalnız bir-birimizə baxırdıq. Heç nə demirdik. O hiss də sadəcə ötüb keçdi.
- Sevib ailə qurmusunuz?
- Sevib ailə qurdum. Sevgi böyük ailə deməkdir. İyirmi altı yaşında ailə qurmuşam. Bu haqda heç vaxt açıqlama verməmişəm. Amma ilk dəfə sizə deyəcəyəm. Mənim həyat yoldaşım da qəzetdə jurnalist işləyir. Günlərin birində toyda oxuyurdum. O da bütün ailə üzvləri ilə birlikdə toyda idi. Sadəcə toyda gördüm, çox xoşuma gəldi. Gözümü ondan çəkmədim. Amma məndə heç bir nömrəsi yox idi ki, sonra onu axtarım tapım. Günlərin bir günü telefonuma zəng gəldi. Özünü təqdim etdi. Dedim, həmin qızsan? Dedi, bəli. Elə bil göydə axtarırdım, yerdə düşdü əlimə. Bildirdi ki, müsahibə istəyirəm götürəm, dedim, problem yoxdur. Ev nömrəmi dedim. Evi yığdı, nömrə yazana nömrəsi düşdü. Sonralar mən əl çəkmədim ondan. Gördüm ki, ziyalı, mədəni qızdır. Nişanlandıq, sonra da evlənmək təklif etdim. Çox xoşbəxtəm.
- "Odnoklassnik" sosial şəbəkəsində sizin bir statusunuza rast gəldim. Mətni belə idi: "2012-ci ildə hamıya uğur arzuladım, amma mənim yaddaşıma kədərlə yazıldı". Niyə?
- İl təhvil olunanda yazdım. Çünki 2012-ci ildə mən böyük avtomobil qəzası keçirmişdim. Çox pis idim. Bir ay idi ki, ayağa qalxdım, anam rəhmətə getdi. Ona görə dostlarımla kədərimi bölüşdüm.
- Nə vaxtsa solo konsert vermək fikriniz var, yoxsa yenidən populyarlaşmağı gözləyəcəksiniz?
- Vaxtında çox solo konsert vermişəm "Şəhriyar" adına mədəniyyət sarayında. 2000-ci ildə albomum çıxdı. Yüksək tirajla da satıldı. "Səbuhi" studiyası yenidən üç kasetimi buraxmağa görə mənimlə kontrakt bağladı. Sonralar uzun müddət fasilə verdim. 2004-də efirə çıxmadan "Şəhriyar" mədəniyyət sarayında solo-konsert verdim. Çox gözəl keçdi. Tamaşaçı əlindən yer yox idi. Çox peşmanam ki, vaxtında populyarlığımı saxlaya bilmədim.
- İllər sizə nələri öyrətdi?
- Çox şeyi. Dostu, düşməni tanıdım.
- Dalınızca atılan daşlardan topuğunuza dəyən olubmu?
- Təbii ki, adıma kimsə ləkə yaxmaq istəsə, payını verərəm. Bir dəfə bir həmkarım mənim haqqımda pis danışmışdı. "O kimdir ki, onunla bir səhnəyə çıxım?!" demişdi. Elə oldu ki, eyni restoranda ikimizin də çıxışı bir günə düşdü. O, ifa etdikdən sonra mən ifa eləməliydim. Sənət dostlarım yanımda idi. Onlar bilirdilər ki, mən onu döyəcəm. Amma mən o sözü həmin insana yedirtdim. Necə yumruğu vurdumsa, yalvarmağa başladı. Dəhşət əlbəyaxa oldum. Həmkarlarım ayırdı bizi. Lap yaman günə qalmışdı. Məndən üzr istədi.
- Hazırda hansı yeniliyiniz var?
- Yeni mahnım var: "İllər sonra". Sözləri Namiq Qaraçuxurlu, musiqisi Həci Nazimindir. Sağ olsunlar, ikisi də hədiyyə verib. Çox gözəl ifa eləmişəm. Pərviz Mahmudovla da yeni mahnılarım olacaq.
- Olubmu ki, hansısa televiziya kanalının qapısını döymüsən, amma üzünə açan olmayıb?
- Olub, nə gizlədim. Deyiblər, gözlə, on birdən beşə kimi gözlədiblər. Hamını qəbul ediblər, bir məni yox.
- İlk müəlliminiz kim olub?
- Heç kim olmayıb. Özüm gəlmişəm bu yerə. Bu sualı o vaxt mənə Polad Bülbüloğlu da vermişdi. Məni bir tədbirdə görüb, soruşdu ki, sənin müəllimin kimdir? Dedim, heç kim. O da mənə dedi ki, sənin çox gözəl səsin var, mən sənə köməklik eləyəcəm. Elə oldu ki, məni çağırtdırdı, saatlarla qapısında saxlatdırdı. Amma qəbul etmədi.
- Hansı arzunuz hələ də ürəyinizdə qalıb?
- Anamın arzusu idi ki, mən populyar olum. Ürəyində qaldı. Çalışacağam ki, onun arzusunu yerinə yetirim.
- Görəsən, bu gün şou-biznesdə nə baş verir?
- Şou-biznes təhlükəlidir. Hazırda şou-biznesdə boşluq yaranıb, yeniliklər yoxdur. Dörd, beş adam ortalıqdadır. İstəyirəm ki, mən bu boşluqda gündəmə gəlim. Amma bəzi müğənnilər var ki, kriminal xəbərlərə də çıxırlar. Camaatı bezdirmək olmaz. Mən şəxsən efirə heç vaxt pul vermirəm. Kimsə çağırsa, gedib iştirak edərəm.
- Bir az da blits sual-cavaba keçək. Qısqanc insansınız?
- O qədər də yox. Daha çox romantikəm.
- Həyatınızdan roman yazılsa, adını nə qoyardınız?
- "Alın yazım".
- Daxilinizdəki Ceyhun həyatdakı Ceyhunla nə ilə fərqlənir?
- Əyilməzliklə. Bir dəfə hörmət istədim, hər yerdə hörmət qazandım.
- Zamanın ovcunda qum dənəsisiniz, yoxsa qaya?
- Əlbəttə, qaya.
- Gözünüzün günahı çox olub, yoxsa dilinizin?
- Gözümün günahı.
- Yalançı tərif şirindir, yoxsa həqiqi tənqid?
- Həqiqi tənqid.
- Qadınlar həyat yoldaşlarının yalan danışdığını görəndə niyə üzünə vurmurlar?
- Ailələri dağılmasın deyə.
- Səhərlər gecənin düşməyini gözləmək asandır, yoxsa gecələr səhərin açılmasını?
- Gecələr səhərin açılmasını.
- Şəlalə nə deməkdir?
- Təmiz, pak, müqəddəs bir varlıqdır.
- Sonda bir sualı verməsəm, rahat ola bilmərəm. Müsahibə boyu kənardan olduqca aqressiv, qəddar təəssürat bağışladınız. Səbəb nədir?
- Xoşlamıram kimsə mənimlə şit zarafat etsin. Məni tanıyanlar bilir ki, sadəyəm, dost qazanmağı bacaranam. Adi biri efirdən çıxıb mənə nəsə bir söz atsa, mən həyatda o adamı tapıb sındıraram. Efir vasitəsilə heç vaxt heç kimə heç nə demərəm. Xasiyyətim elədir. Yersiz hərəkətləri də bəyənmirəm.
Çəkinmədən bugünkü şou biznesi vəhşi təbiətə bənzətmək olar. Çünki hər iki halda güclü gücsüzə qənim kəsilib. Eynən təbiətdə olduğu kimi hər kəs özünü düşünərək azuqə toplamaqla məşğuldur. Buranın məməliləri də var, sürünənləri də, hətta yırtıcıları da. Əsas odur ki, şikar olmayasan...
Şəlalə Nəriman
O.M.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































