- Özün haqda məlumat verərdin...
- Mən Elşən Cəfərzadə 1987-ci il yanvarın 27-də Bakı şəhəri Biləcəri qəsəbəsində anadan olmuşam. 2009-cu ildə "AzərStar"da II yerin sahibi olmuşam. Ailədə iki qardaşıq.
- Bəs necə oldu ki, bu sənəti seçdin?
- III sinifdən məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edirdim. İlk dəfə müəllimlərim valideynlərimə mənim səsim olduğunu deyiblər. 1997-ci ildən valideynlərim məni F.Əmirov adına 18 saylı Uşaq İncəsənət Musiqi Məktəbinə aparıblar. Orada ustad sənətkar Əlibaba Məmmədov oxumağımı dinləyəndən sonra məni öz sinfinə qəbul etdi. Beş il musiqi təhsili aldım. Sonralar isə mərhum sənətkar Məmmədbağır Bağırzadənin sinfində oxumuşam.
- Sənət müəllimlərinlə bağlı maraqlı xatirələrin çoxdurmu?
- Dərsdə öndə gedən olduğum üçün Əlibaba Məmmədov məni adımla çağırmırdı, qəhrəman deyirdi. Səhnədə ilk çıxışım 1999-cu ilə təsadüf edir. Rəşid Behbudov adına mahnı teatrında "Azərbaycan" mahnısını ifa etdim. Bu mahnıda Əlibaba Məmmədovun çox əziyyəti olub. Hər dəfə dərsdən çıxanda yolumuz eyni olduğundan rəhmətlik Məmmədbağır Bağırzadə məni öz maşını ilə aparıb düz evimizin yanında düşürdürdü. Yolda cavanlıq dövründən, konsert və toylardan danışırdı. Qürur hissi duyuram ki, belə bir sənətkarlardan dərs almışam. O, illər yaddaşımda ən unudulmaz illər kimi qalır və qalacaq da.
- Məndə olan məlumata görə, səsində nəsə problem yaranmışdı?
- Musiqi məktəbini bitirən vaxt yaşımla əlaqədar səsimdə dəyişiklik əmələ gəldi. Bu, erkən yaş dövründə hər bir müğənnidə olan haldır. Ona görə də ali təhsil almaq üçün Azərbaycan Kooperativ İnstitutuna daxil oldum. İnstitutun axırıncı kursunda səsim yenidən bərpa oldu. Əvvəlki kimi normal hala düşdü. Sonra bəstəkar Nailə Mirməmmədliyə müraciət etdim. O, mənə evində musiqi dərsi keçməyə başladı. Sonra "AzərStar" müsabiqəsinin seçim turunda iştirak etdim. Bütün münsiflərdən yaxşı qiymət aldım. Dörd ay ərzində müsabiqənin yarımfinalına kimi keçdim və ikinci yerin sahibi oldum. Sonralar bir çox telekanallar məni verilişlərinə dəvət etdilər. Müsabiqədən sonra "Şeron" qrupunun üzvləri məni öz qruplarına dəvət etdilər. Mən solo oxumağa üstünlük verdiyim üçün bu qrupa qatılmadım.
- Toylara gedirsən?
- Dəvət olunduğum tədbirlərdə iştirak edirəm. Heç vaxt xeyriyyə konsertlərindən qalmıram. Toylara yarım saata 300-400 manata, ansamblla 1500 manata gedirəm. Bəzi hallarda yaxşı oxumağıma peşman oluram. Elə olur ki, hansısa toya yarım saatlıq çıxış etməyə gedirəm. Peşəkarcasına ifa edəndə musiqiçilər və ya səs rejissoru paxıllıqdan müşayiətdə və səslənmədə mənə mane olmağa çalışırlar. Mənə də çox pis təsir edir, amma ruhdan düşmürəm, ürəklə ifa edirəm. Təəssüf ki, çox rastlaşıram belə hallarla. Çox vaxt ona görə toylara öz ansamblımla gedirəm. Məni narahat edən səbəblərdən biri də bəzi gənc həmkarlarımın toylarda klassik mahnıları səhv oxumasıdır. Oxuduğum mahnıların notlarına fikir verirəm.
- Toylarda maraqlı hadisə ilə rastlaşmısanmı?
- Toyların birində gəlinin qara ayaqqabı geyindiyini görmüşəm. Bir dəfə də sərxoş biri tort kəsmə vaxtında özünü saxlaya bilmədi, dördmərtəbəli torta dəydi. Tort bəylə gəlinin üstünə aşdı. Bəylə gəlin də torta batmış paltarla axıra qədər oturmağa məcbur oldular.
- Hazırda hansı sənətkarlarla çalışırsan?
- Nailə Mirməmmədli, Ruslan Cəfəroğlu, İqbal Ağayev və bir neçə başqa bəstəkarlarla çalışıram. "Özünə", "Dəymə", "Başımın bəlası" və bir neçə klassik mahnılar mənim ifamda radionun 106.3, 104. FM dalğalarında uzun müddət səsləndirilir. Hamı bilir ki, "Neftçi"nin himnini mən ifa etmişəm. Hazırda hər oyunda mənim ifam səsləndirilir. Bilirəm ki, məni sevənlər çoxdur. 2013-cü ildə onlara yeni mahnılarımı təqdim edəcəm.
- Hansı müğənnilərin ifalarına qulaq asırsan?
- Dünya musiqiçilərindən Andrey Vasseli, Elton Con, Azərbaycan musiqiçilərindən Rəşid Behbudov, Şövkət Ələkbərov, Alim Qasımov, Aygün Bayramova mənə zövq verir. Müasir estradadan Azər Zeynalova, Brilyant Dadaşovaya, Aygün Kazımovaya, Teymur Əmraha, Röya Ayxana və keyfiyyətli musiqilərə qulaq asıram.
- Kumirin kimdir?
- Rəşid Behbudov.
- Şou-biznesə münasibətin necədir?
- Bugünkü gündə şou-biznesi zövqsüz və səssiz müğənnilər təşkil edir.
- Şou-biznesdə olmaq üçün səs lazımdır, şans və ya day-day?
- Day-day daha çox əhəmiyyət kəsb edir, səs ikinci plandadır. Buna görə də bizim müğənnilər başqa ölkələrdə nə dinlənilir, nə də tanınırlar. Nə də ki, onların şou-biznesinə qatıla bilirlər. Həyatın hər bir sahəsində olduğu kimi bu sənətdə də şans lazımdır. Ancaq şansla bərabər səsin olmalıdır mütləq.
- Şou-biznesdə birinci kimi görürsən?
- Səmimi cavab verirəm. Aygünü, Röyanı görürəm. Heç birini də bir-birindən ayıra bilmirəm.
- Sevgiyə münasibətin necədir?
- Mən sevə bilmirəm məni sevəni, mənim sevdiyim də sevməyir məni.
- İlk sevgin neçə yaşında olub?
- Məktəb dövründə olub. Onu sevdiyimi bildirməyə utandım. Utana-utana bu sevgini tək yaşadım. Ondan sonra ötəri sevgi hissləri yaşamışam. Ona da sevgi demək olmaz.
- Bəs hazırda qəlbinin sakini varmı?
- Karyerama daha çox önəm verirəm. Hal-hazırda sevmək istəsəm də, sevgiyə uduzacağımdan qorxub qaçıram. Mənə sevgi etiraflarını edənlər çoxdur. İndinin özündə də etiraf edənlər var. Heç onlara da yalandan vəd vermirəm.
- Qısqanc insansan?
- Olduqca qısqancam. Mənim olan mənə aid olmalıdır. Əgər hansısa sevgi qəlbimi fəth etsə, onda mübariz olaram. Uduzsam belə, axıra qədər gedərəm.
- Qalmaqala münasibətin necədir?
- Pis. Hər kəs öz işi ilə məşğul olsa, yaxışdır. Təbii ki, sənətdə qalmaqal qaçılmazdır. Amma bu, süni şəkildə yaradılmaqdadır. Bu da onların sənətlərinin olmadığından irəli gəlir. Mən belə şeylərdən uzağam.
- Nədən qorxursan?
- Allahımdan, bir də uğursuzluqdan. Çalışıram həyatda səhvlərim olmasın.
- "Oxu məni" haqda fikirlərin?
- Uşaqlıqdan "Oxu məni" haqda eşidirdim. Ailəmizin üzvləri bu qəzetin oxucularıdır. Hətta bir neçə il bundan əvvəl düşünürdüm ki, görəsən, nə vaxtsa mən sənətdə olsam, bu qəzetdə mənim də haqqımda yazarlar. Çox sevinirəm ki, bu arzum da çin oldu. Çalışıram "Oxu məni"ni mütəmadi oxuyum. Yeni ildə sizə daha böyük nailiyyətlər arzu edirəm. Hamınıza minnətdaram.
Şəlalə Nəriman
O.M.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































