Arif Səlimov: “Hər gün dua edirəm məşhur olum”

Arif Səlimov: “Hər gün dua edirəm məşhur olum”
“Mənim bədbəxtçiliyim üstündə xoşbəxt olan insanlar var”

Fəxri adlar sosial şəbəkələrin sorğuları əsasında verilsəydi, o, çoxdan əməkdar artist adına layiq görülərdi. Çünki durmadan öz üzərində çalışır, həm yazır, həm bəstələyir, həm ifa edir. Bu səbəbdən mahnıları çoxsaylı tamaşaçılar tərəfindən sevilə-sevilə izlənilir. Lakin o, bəzən birmənalı qarşılanmır. Buna baxmayaraq, tutduğu yolun sənətə xidmət etdiyini bildiyindən enişlərə-yoxuşlara hazırlıqlı olur.

Bugünkü həmsöhbətim mənim dostumdur. Bu səbəbdən ona "sən" deyə müraciət etdim. Dostum olmasına baxmayaraq, obyektivlik naminə ona da adətən verdiyim sualları ünvanladım. Cavabların səmimiyyətinə isə siz qərar verin.

- Özün haqda məlumat verərdin?

- 1982-ci ildə Bakı şəhərində anadan olmuşam. Anam şuşalı, rəhmətlik atam bakılı olub. 246 nömrəli orta məktəbi bitirmişəm. Uşaq vaxtında 26 nömrəli orta musiqi məktəbində qarmon sinfinə getmişəm. Anamın istəyi ilə musiqiyə gəlmişəm. Asəf Zeynallı kollecini də bitirmişəm. On ildir bəstəkar kimi fəaliyyət göstərirəm. Bir bacı, bir qardaşıq. Bacım da konservatoriyanı bitirib, hazırda musiqi məktəbində çalışır.

- Necə oldu ki, bu sənəti seçdin?

- Allah bu sənəti mən ana bətnində olanda alnıma yazıb. Hər sahə gözəldir. Mismar vura bilmərəm, hüquqşünas ola bilmərəm. Bu sahə mənim üçün böyük bir varlıqdır. Həm bəstələyirəm, həm də ifa edirəm. Hamı bilir ki, bu sənətə gəlməzdən əvvəl Nazpəri Dostəliyevanın fanatı olmuşam. Çox sevirəm sənətimi. Həmişə də çalışıram ki, yenilik edim. Çox şükür, istədiyim qədər fanatım var. Mahnılarıma internet saytlarında gözəl qulaq asılır.

- Səncə, şou-biznesin qanunlarını kim yazır?

- Əgər həyatda pulun varsa, istədiyin qanunu yaza bilərsən.

- Arif Səlimovun titulu varmı? Özünə hansı titulu seçərdin?

- Heç bir titula yaxşı baxmıram. Bir də görürsən, canavar, əjdaha, nə gəldi özlərinə qoyurlar. Hamı bilir ki, mən Bülent Ersoy kimi ifa edirəm. Çox adam qınayır məni. Bir də görürsən ki, toylarda hamı deyir: "Bülent gəldi". Hansısa heyvan adı qoymaqdansa böyük sənət daşımaq lazımdır. İstəyirəm hamı məni sənətimə görə sevsin, qiymət versin. Yoxsa hansısa titulu özümə qoyub, özümü gülünc vəziyyətə qoymaram.

- Hamı bilir ki, Bülent Ersoy əks cinsdəndir. Bu, sənə mane olmur bir kumir kimi?

- Mən ifa elədiyim toylarda deyirlər ki, Bülent Ersoy kimi oxuyursan. Sənət baxımdan hamı bilir ki, əsil sənətkardır. Qaldı onun şəxsi həyatı, mənə heç vaxt maraqlı olmayıb, nə də onu yamsılamıram. Bu, Allah vergisidir ki, mənim səs tembrim Bülent Ersoyun səs tembrinə oxşayır.

- Başqa kumirin varmı?

- 2000-ci ildən Nazpəri xanımın fanatı olmuşam. İnanın oboy yerinə evdə onun şəkilləri idi. Həm Naspəri xanım, həm də bəstəkar Şəfiqə Axundova kumirimdi.

- Göz yaşlarının əsiri olmusan?

- İlk dəfə "Xoş gəlmisiniz" verilişində Nazpəri xanımı qucaqlayıb ağlamışam. İlk dəfə də onda duet oxuduq – "Bu sevginin ömrü bu qədərmiş". Sevdiyim insanın toyu olanda ağlamışam. Amma ürəkdən ağlamağım atam rəhmətə gedəndə olub. Hələ də onun yoxluğuna inanmıram.

- İlk məhəbbətin neçə yaşında olub?

- Bağçada olub. Ona görə bağçada hamını döyürdüm. Bir dəfə də dalaşanda şüşəyə dəydim, ayağıma iki tikiş vurdular. Hələ də nişanəsi qalıb ayağımda.

- Həyatda nəyə heyfsilənirsən?

- Hər gün dua edirəm məşhur olum. Hərdən də deyirəm ki, istəmirəm məşhur olum. Hələ məşhur olmaya-olmaya mənim varlığım çoxlarını narahat edir.

- Məndə olan məlumata görə, toyların birində səni zəhərləyiblər.

- Olub belə bir hadisə. Toyların birində çayıma nəsə atmışdılar. Anam olmasaydı, artıq dünyada yox idim mən.

- Bir çox şayiələr gəzir sənin haqqında. Buna münasibətin necədir?

- Əgər mən yolumu azmış olsaydım, bir paltarı bir ay geyinməzdim. İndi həmin Arif olmazdım. Yəni seçilərdim, gündəmdə olardım. Mənim bədbəxtçiliyim üstündə xoşbəxt olan insanlar var hazırda.

- Arif, deyirlər ki, sənin sponsorun hansısa qumarbazdır.

- Çox əsəbiləşdim. Onu deyənin Allah bəlasını versin. Bildim siz nəyi nəzərdə tutursunuz. Əgər mənim sponsorum belə bir insan olsaydı, nömrə 1 müğənni, bəstəkar olardım. Bu xəbəri yaxınlarım eşidəndə çox əsəbiləşmişdi. Allah gec-tez belələrinin bəlasını verəcək.

- Niyə bir belə xalq artisti, əməkdar artist sənin mahnılarını ifa edir, ancaq sənə dəstək olmur?

- Məni tanıyanlar həmişə bu sualı verirlər. Ən böyük günah məndədir. Səkkiz il ömrümü dəyərsiz sevgiyə verdim. Mənim bədbəxtliyim üstdə xoşbəxt oldu. Ona görə bir müddət sənətimdən uzaq düşdüm.

- Bəs səbəb nə oldu ki, sevdiyin qızdan ayrıldın?

- Bu barədə ilk dəfə sənə açıqlama verəcəm. Atam sağ olanda ona hədiyyə alırdım, atam öləndən sonra ona bahalı hədiyyə ala bilmədim. Məncə səbəb də o oldu, gördü ki, kasıbladım. O, mənim həm düşmənim, həm də unuda bilmədiyim, sevdiyim insandır. Əgər onun sevgisi olmasaydı, bu cür yanğılı oxuya bilməzdim. Toyunda da mənə dəvətnamə göndərdi. Əvvəllər düşünürdüm ki, onu başqası alsa, toyunu bəlkə də dağıdaram. Çox yaxın dostum Minayə xanım mənə mənəvi dəstək oldu. Bir kəlmə dedi ki, gedənin arxasınca ağlamazlar. Getdim, toyunda da ifa etdim. "Hanı, bizim sevgimiz devirirdi dağları" mahnısını oxudum. Hətta ailəsi məni döymək istədi. Fikirləşirdim ki, hamı oxuyub qurtarandan sonra onu öldürüb çıxım. Səssiz-səmirsiz oxudum. Amma çalışdım ki, ağlamayım. Ağlamadım da, yalnız mənim göz yaşlarımı gecələr yatdığım yastıq görər. Zaman ən böyük hakimdir. Çalışıram ki, unudum onu. Hər nə etmişəmsə, halal edirəm. Ona bir tək səhnəyə çıxa bilməməyimi halal etmirəm. Onun toy günü səhərə qədər dənizin qabağında qaldım. Bir də ayıldım ki, soyuqdur. Kim olsa bu xəyanəti bağışlamazdı. Yalnız ölüm ayırardı bizi. Ölmək istədim, ancaq ölmədim. Hər gün də xatırlayıram. Burdan bütün sevənlərə demək istəyirəm, sevdiyinizi, xəyallarınızı, hər şeyinizi itirməkdən qorxun. Kaş ki, bir ürəkdə iki sevgi daşıyardım. Birini gərək sevərdim, o biri insana isə ümid verərdim ki, bugünkü günümdə o sevgini yaşayardım.

- Bəs həyatda neçə dəfə sevmək olar?

- İki-üç dəfə sevmək olar.

- Bəzi şou-biznes əhli niyə səni qəbul etmir?

- Ağzınızda şou-biznes deyirsiniz. Məni bəyənməyən gücsüz və day-dayı olanlardı. Məni Alim Qasımov, Flora Kərimova, Gülyanaq Məmmədova, Nazpəri Dostəliyeva, Teymur Əmrah və bir çox tanınmışlar bəyənib mahnılarımı ifa edir. Bunlar mənim üçün rəy bildirə bilərlər. Qaldı day-daylarına güvənib hər yerdə mənim haqqımda şayiə buraxanlara, onlar Allah qarşısında cavab verəcəklər. Heç olmasa bu gününü fikirləşib insana ləkə yaxmasınlar. Əgər bütün məclislərdə mən iştirak edirəmsə, mənə elə gəlir ki, bu sənətdə bir çoxlarını silə bilərəm gəlişimlə-çıxışımla.

- Yaradıcılığında nə kimi yenilik var?

- Gözəl mahnılar yazmışam. Bir gün oxumasam, yazmasam, yaşaya bilmərəm. Yeni bir mahnı yazdım: "Əli xınalı", Naibə Allahverdiyeva ifa etdi. Klipi də çəkilir. İnşallah çox gözəl alınıb. Əminəm ki, 2013-cü ilin ən gözəl mahnılarından biri olacaq. Yeni il ərəfəsində şairə­-jurnalist Mehriban Bəylərqızının və Emil Tahiroğlunun şeirlərinə yeni mahnılar bəstələyəcəyəm. Bir də ki, Yaqut Nərimanla iş birliyinə başlamışam, yeni mahnılarımı ifa edəcək. İnanıram ki, yazdığım mahnılar hit olacaq. Xumar Qədimovanın "Yarım" mahnısının türk versiyasını oxuyan mənəm, amma bir çox internet saytlarında türk müğənnisi Halilin adıyla gedir. Burdan bütün məni sevənlərə deyirəm ki, ifa edən mənəm. İnşallah, yeni diskim işıq üzü görəcək. Çalışacağam ki, bu sənətdə hamı məni sevsin.

- Deyilənlərə görə, sənin gizli evliliyin və bir qız övladın var. Bu doğrudur?

- Qətiyyən belə bir şey yoxdur. Bacımın əkizləri var. Atam rəhmətə gedəndən sonra bacımın qız övladı günün çox saatlarında yanımızda olur. Paxıllığımızı çəkən insanlar belə şayiələr yayırlar. Bacımın balası Zeynəbi o qədər çox istəyirəm ki, həyatımın qalan hissəsini ona həsr etməyə hazıram. Onu xoşbəxt, gəlinlik paltarında görmək istəyirəm. Allah bütün analara can sağlığı versin. Hər gün dua edirəm ki, mən məşhur olum. Anamın yarımçıq qalmış arzularını gerçəkləşdirim.

- Sənin üçün Şəlalə nə deməkdir?

- Şəlalə məhəbbət deməkdir, ən böyük arzum olub ki, Şəlalənin altında yaylaqlayım. Sonra Şəlalə mənim yaxın dostumdur. Xoşbəxt insansan ki, adın Şəlalədir.

- Qalmaqal nə deməkdir sənin üçün?

- Qalmaqal boş şeydir. Həmişə istəyirlər ki, məni qalmaqala salsınlar. Amma qalmaqaldan uzaq qalıram. Şou-biznesdə kimsə mənə ilişərsə, yetərincə cavabını verəcəyəm.

- Rəqibin kimdir?

- Heç kim.

- Sənətdə olduğun illər ərzində özünə nələri qadağa qoydun?

- Müxtəlif xarakterli insanlar mövcuddur. Özünün tərbiyəsini, əxlaqını qoruyub saxlayan, özünə hörmət edənlər də var, abır-həyasını itirmiş yüngül həyat keçirən insanlar da. Tutaq ki, hər hansı bir qadınla çərçivə daxilində söhbət etməyi vacib bilirəm. Qarşımdakını anam, bacım sanıram. Yəni hər kəs mənim doğmamdır. Mən sənət adamıyam. Haqqımda yaxşı da, pis də danışıla bilər. İnsan ümumiyyətlə, atdığı hər bir addımını düşünməlidir. Amma xalqın sevgisindən sui-istifadə edənlər də az deyil.

- Səncə, həyatı qadınsız təsəvvür etmək olar?

- Yox, qadınsız həyat mümkün deyil. Susuz, havasız insan necə yaşaya bilməzsə, elə də qadınsız yaşaya bilməz.

- Sincə insana xoşbəxt olmaq üçün nə lazımdır?

- İnsana xoşbəxt olmaq üçün ilk növbədə can sağlığı lazımdır və onun sevimli işi olmalıdır. Xoşbəxtəm ki, sevdiyim sənətlə məşğulam. Bu gün istedadlı müğənnilərimiz çoxdur. Onların hər birinə uğurlar arzu edirəm.

- Qısqanc insansan?

- Çox qısqancam. Xoşlayıram ki, mənə qarşı diqqət olsun.

- Hobbin nədir?

- Qəzet oxumaq. "Oxu məni" ruhumu qidalandırır.

- Kimin mahnılarına qulaq asırsan?

- Bülənt Ərsoyun, Alim Qasımovun, Nazpəri Dostəliyevanın.

- Niyə prodüserin yoxdur?

- Çünki o işi özüm yaxşı bacarıram. Öz mahnılarımı oxuyuram. Müğənni də, prodüser də özüməm. Məşhur olmadığım üçün hələ prodüser lazım deyil. Bir də ki, prodüserin olanda ev-eşikdəki söz-söhbət kənara yayılır. Bəzi prodüserlər müğənnilərin yediyi qaba tüpürürlər. Bir çoxları evimdə qalıblar. Görmüşəm arxamca danışırlar. Arif nə qazandı, diskinə nə qədər pul verilir. Artıq qərar verdim ki, tək qalım. Hazırda iki günlük tərk edirəm Bakını. İstəyirəm telefonumu söndürüm, təklikdə qalım. Problemlər olduğuna görə çıxıb getmək istəyirəm. Elə şeylər baş verir ki, adamın ürəyi bulanır.

- Toylara neçəyə gedirsən?

- Hər qiymətə gedirəm, 200-dən başlayaraq. Şəmkirdə başıma çoxlu dollarlar tökdülər, Bülənd Ərsoyun mahnısını oxuduğuma görə. Olur ki, baha da gedirəm toya. Hansı ki, özündən deyən sənətkarlar var ey, onların getdiyi məbləğdən də çox baha qiymətə getmişik.

- Arif niyə özündənrazıdır?

- Düzdür, razıyam. Paxıl insan deyiləm ki. Allah hamını arzusuna çatdırsın. Mən də gözütox insanam. Amma şou-biznesdə paxıl insanlar çoxdur ki, imkan vermirlər qabağa getməyə.

- Gözə-nəfsə inanırsan?

- Çox inanıram. Adi bir mahnım çıxır, bir də görürəm ki, internetdə mahnılarımın altından nə gəldi yazırlar. Gözləri götürmür də. Nəfsdən də, gözdən də çox qorxuram.

- Səni həyatda nə qıcıqlandıra bilər?

- Çox istədiyim insan qəlbimə dəyəndə.

- Həyatda hansı səhvlərin olub?

- Həmişə başım bəlalı olub. Bir-iki səhvim olub ki, başıma gəlməyən oyun qalmayıb. İstəmirəm bundan sonra səhvim olsun həyatda.

Məşhurluq hər zaman sevilmək demək deyil. Müqayisə yerinə düşməsə də, qeyd etməliyəm ki, tarixin ən böyük tiranları belə öz dövrlərində məşhurluq zirvəsini fəth edə biliblər. Lakin elə insanlar olub ki, zamanlarında tanınmasalar da, səfalət içərisində yaşasalar da, sənətləri ilə tarixin şanlı səhifələrini yaza biliblər. Buna isə xalq sevgisi deyirlər...

Şəlalə Nəriman

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az