Folklor millətin mədəniyyət tarixidir. Ən qədim musiqi sənətimiz olan aşıq sənəti də azərbaycanlıların milli-mənəvi dəyərlərini əks etdirir. Deməli, bu dəyərlərin daşıyıcılarından biri də aşıqlardır.
Qədimdə aşıqlar el-el, oba-oba gəzərək dastanlar söyləyir, insanları qəhrəmanlıq, saf məhəbbət kimi ülvi duyğulara səsləyirdilər.
Lakin təəssüf ki, incəsənətə hakim kəsilən müasir şou-biznes dövründə mənəviyyat madiyyatın əsirinə çevrilib.
Bu və digər məsələlərə aydınlıq gətirmək üçün aşıq Namiq Fərhadoğlu ilə görüşdüm...
- Özünüz haqda məlumat verərdiniz...
- 1982-ci ildə Gədəbəyin Əmiraslanlı kəndində anadan olmuşam. Evin bir oğluyam. Beynəlxalq Universiteti bitirmişəm. On altı ildir bu sənətdəyəm.
- Bəlkə bir az uşaqlığınız haqda danışasınız?
- On yeddi-on səkkiz yaşıma qədər utancaq olmuşam. Sonralar isə...
Həyasız yanında susa bilmərəm,
Utancaq yanında utancağam mən.
Kiminin gözündə alçaq bir təpə,
Kiminin gözündə uca dağam mən.
- Sizin üçün məhəbbət nə deməkdir?
Həyatda heç nə demə mənimdi,
O şeylər dünyada qalacaq sənsiz.
Mənimdi dediyin hər bir əşyanı,
Özgəsi başqa cür quracaq sənsiz.
Ulduzlar yanaraq yenə göylərdə,
Torpağa dönəcək gül də, çiçək də.
Yerdə insanlar da, göydə Günəş də,
Yenə öz hökmünü sürəcək sənsiz.
- Sizə eşq elan edənlər çoxdurmu?
- Var, subaylardı. Gözəl xanımları çox sevirəm. Gözəllik xəstəsiyəm. Rəhmətlik aşıq Ələsgər o vaxt bir gəlinə vurulur, xanım ailəli olur. Xoşu gəlir və ona belə bir söz deyir:
Sənin ərin ölsün, mənim arvadım,
İkimiz də qalaq yastı-yaraqlı.
- Qadınlarda sizi cəlb edən xüsusiyyət nədir?
- Ağıllı, tərbiyəli, gözəl xanımlar məni cəlb edə bilər. Gözəlliyin vurğunuyam.
- Sevdiyiniz insan varmı?
- Bəli, var. Hazırda deyikliyəm, öz tələbəmi sevirəm. İlk dəfə tələbəm mənə sevgisini etiraf etdi. Altı ildir tanıyıram onu, namaz qılandır. Sevdiyim qız ancaq qadın toylarına gedir. Niyə də getməsin? İnşallah, 2013-cü ildə ailə quracağam. Əsas odur ki, bir-birimizi başa düşürük.
- Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?
- Facebook-da qız dostlarımla yazışıram (gülür). Şeirlər oxuyuram. Hələ ki subaylıq edirəm.
- Qorxmursunuz ki, sevdiyiniz qız sizdən inciyər?
- Mən sevdiyim insanı tanıyıram, məni qısqanmaz. Əgər məni qısqanarsa, həmin an ayrılaram. Kişinin sözü bir olmalıdır. Mənim sözüm qanun olmadır. Sevdiyim qız toya getməli idi, mən gec bildim, qoymadım. Kimlər xahiş eləmədi, yenə qoymadım. Xasiyyətimi bilir. Deməli, səhər ailə qursaq, məni qısqanarsa, söz-söhbət olarsa, həmin an ayrılaram. Ailəni sənətə qurban verməzlər. Ailədə kiminsə hökmü olmalıdır.
- Ailənizdə aşıq sənəti ilə məşğul olan olubmu?
- Ana babamın doxsan yeddi yaşı var, Göyçə aşığıdır. Aşıq Ələsgəri görənlərdəndi. Atam aşıq Fərhaddır. İlk dəfə atam razı olmayıb ki, mən saz ifa edim. Uşaq vaxtı prokuror olmaq istəyirdim. Yeddi yaşımda sazın simlərini qıra-qıra ifa edirdim. Bir gün atam kefi kök gəldi evə. Dedim, məni də apar özünlə toylara. Qayıdıb dedi ki, sən nə bilirsən oxumaq nədir? Ağladım. Bir-iki dəfə deyəndən sonra məni apardı toylara. Hazırda Gədəbəydə "Xalq aşıqları" ansamblım var. On üç yaşımda aşıq İsfəndiyar Rüstəmovun rəhbərliyi altında çıxış eləmişəm dövlət konsertlərində. Şəmkirdə "Ozan" aşıq müsabiqəsi keçirilirdi, İsfəndiyar müəllim də orda idi. Mən həmin müsabiqədə I oldum.
- Bu sənət sizə nə verdi?
- Çox şey verdi. Atam Gəncəbasar bölgəsində tanınmış sənətkardır. Bu, mənim üçün böyük xoşbəxtlikdi. İyirmidən çox tələbəm var. Hamısını da təmənnasız hazırlayıram. On dörd yaşından Bakıya gəldim. Öz gücümə şərait qurdum. Başqa aşıqların qohum-əqrəbası yuxarı vəzifələrdədir, hamısı efirlərə tapşırıqla çıxırlar. Mən isə öz gücümə efirlərə çıxdım. Özüm üçün gözəl dostlar qazandım. İnanın, Bakıya gələndə mənim sazım yox idi. İlk dəfə şair İbrahim Küskünün yaradıcılıq gecəsində çıxış etdim. O vaxt mənə 50 "şirvan" (100 manat) pul verdilər, gedib özümə saz aldım.
- Bəzi saz ifaçıları var ki, pul qazanmaq üçün min dona girirlər. Belələrinə necə baxırsınız?
- Mən onları qınamıram, pul qazanırlar. Bir dəfə Tovuzda bir dostumla oturub çörək yeyirdik. Bir də görəm ki, tanınmış əməkdar artist nə vəziyyətdə aşığa min dil tökür. Özüm utandım, çağırdım, dedim ki, burda neynirsən? Deyir, neynim, toya aparmırlar məni. Bir az pul verdim, dedim ki, bir də özünü bu vəziyyətə salma. Bəzi nüanslarda pis baxıram. Bir dəfə verilişlərin birində mənə zəng eləyib dedilər ki, veriliş hazırlayırıq, bəs bulvarda saz çala-çala ifa eləməlisən. Razı olmadım. Axı sazı yaylaqda, sanballı məclislərdə ifa eləməlisən. Yoxsa bulvarda qulağına sırğa taxanlar nə bilir saz nədir?
Saz uludur, mötəbərdir,
Yadigardır keçmişlərdən.
Saz yanında danışmazlar,
Operadan, baletlərdən.
Hər pərdədə min məna var,
Nəsihət yağır tellərdən.
Çətin sazı başa düşər,
Nadan, naşı, ağlı dayaz.
Mən "Virtuoz"da saz yarışmasında iyirmi dörd nəfərin içindən birinci seçildim. İyirmi dörd musiqiçinin içində mənə yetmiş minlik SMS gəlmişdi. Olub ki, tanınmış restoranlarda on nəfər dəvət edib gedib, ifa eləmişəm.
- Məndə olan məlumata görə, müsabiqədə olarkən sizə əsasən qohumlarınız SMS göndərib...
- Mənim sənətim də var, dilim də, dilçəyim də. Mənim bütün qohumlarım kasıbdır. Sadəcə, dostlarım var - polislər, nazirlər, onlar mənə dəstək oldular. Mən səviyyəli konsert elədim "Qızıl Tac"da. Başqaları "Dostluq"da edirdi tədbirlərini.
- Səviyyə deyəndə nəyi nəzərdə tutursunuz?
- Başqa aşıqlar biletini on manata satır. Qohumlarını yığır. Mənim biletlərimi isə otuz manata satdılar. Konsertimə üç yüz əlli nəfər gəlmişdi. Həmin konsertdə xalamın əri, atam var idi. Heç anam da gəlməmişdi. "Qızıl Tac"da biletimi tapmayan insanlar da oldu. Düzdür, sənət yoldaşlarım da mənə dəstək oldu. Mətanət Əsədova, Səyyad Əlizadə, Namiq Məna iştirak etdilər. Konsertimdə Aşıq Ədalət mənə xeyir-dua verdi. Bütün reklamlarıma on min manatdan çox pul çıxdı. Bu da mənim üçün böyük uğurdur, sevilirəm.
- Qalmaqal nə deməkdir sizin üçün?
- Əli Mirəliyevin bir sözü var: "Qırx il oxudum, məni tanımadılar, qalmaqal etdim, tanıdılar". Mən sözü düz deyirəm. Hamı da elə bilir ki, qalmaqal edirəm. Bir əldə beş barmaq var. Bunu necə deyə bilərəm ki, bunlar oxşardır? Yüz düzü qəpiyə qədər xırdalayıram. Məsələn, sizin haqqınızda necə yalan deyə bilərəm ki, bu yazını təmənna ilə yazdınız. Bir kəlmə dedim, aşıq şalvar geyinməz. Hamı dedi ki, qalmaqal edirəm. Bu yaxınlarda Şəmkirdə Düyərli kəndində toyda idim, bir çox sənətçilər var idi. Toy başlar-başlamaz aparıcı mənə söz verdi. Mən də dedim, axı nə tez mənə söz verirsən? Aparıcı dedi, sizdən qorxuram, sonra mənimlə dalaşarsınız. "Çünki bir çoxları sizə söz deyə bilmir", dedi. Efir məni çox adamlara tanıtdırdı.
- Sənət aləmində dostlarınız çoxdur, düşmənləriniz?
- Hamı ilə mehribanam, sadəcə düz sözüm kimlərinsə xətrinə dəyə bilər. Mən doxsan iki ölkəni gəzmişəm.
- Bəs hanı müğənnilərin ifasına qulaq asırsınız?
- Röyaya, Nadirə, Namiq Mənaya, Könül Xasıyevaya, aşıq Ədalətə, Aşıq Əliyə, aşıq Ulduza qulaq asıram. On iki müğənni ilə duetim var. Dörd diskim, üç klipim işıq üzü görüb.
- Sizin üçün əlçatmaz müğənni kimdir?
- Heç kim. Çünki bütün tanınmışlar toylara gedirlər. Bunun nəyi əlçatmazdır? Azərbaycanda Zeynəb Xanlarovadan başqa hamı toylara gedir. Əgər yarım saatlıq Faiqi, Röyanı, Nadiri toylara aparıramsa, bunun nəyi əlçatmazdır? Pulunu ver, gəlsin toyunda oxusun, getsin. Amma Türkiyə şou-biznesində sənətkarı efirlərə çağıranda ona yaxşı qonorar verirlər. Bizdə isə efirlərə pul verib çıxırsan.
- Bildiyimə görə, müğənnilik də etmisiniz. Niyə sonradan məhz aşıq sənətini seçdiniz?
- Bir dəfə Alim Qasımov ailəsi ilə birlikdə Gədəbəydə Narzana – bulağa gəlmişdi. Bizdə də böyük tədbir keçirilirdi. İcra başçısı da orada idi. Mən həmin restoranda ifa edirdim. "Qarabağ şikəstəsi"ni oxudum, Alim səsimi eşitdi. Dedi ki, cavansan, açıq havada səs tellərinə ziyan olar, səsini qoru. On beş-on altı yaşım var idi. Dörd-beş il oxuyandan sonra bir-iki il keçdi, səsim batdı. Həvəsdən düşmədim. Sazı atamdan mükəmməl öyrəndim və saz-soloya üstünlük verdim. İlk solo çıxışım Ağcabədidə oldu. Aşıq Ədalətlə birlikdə konsert verirdik. Tədbirdə "Yanıq Kərəm"i ifa elədim. Oxuya-oxuya dedim ki:
Çal belə, qurban olum, Ədalət əmi,
Bax belə çalarlar "Yanıq Kərəm"i.
O vaxt aşıq Ədalət əlimə pul verib alnımdan öpdü. Mən də aşıq Ədalətin əlindən öpdüm. Dedim ki, bu sənətdə Ədalət Dəlidağlı, bir də sizsiniz. Çox sevinirdim ki, bizim sənətkarlarımız mənə qiymət verib. Sənətimi bəyəndilər.
- Sizcə şou-biznesin qanunlarını kim yazır və şou-biznesin açarı kimdədir?
- Şou biznesin açarı Telman İsmayılovdadır. Qanunları da millət yazır.
- Namiq şəxsən şou-biznesin açarını Telman İsmayılovda görüb?
- Mən görməmişəm, görmək fikrim də yoxdur. Göz qabağındadır. İnternet saytlarında, Youtube-da görürük də, xalqın gözü tərəzidir. Telmanda bütün dünyadakı ulduzların açarı var. Bütün ürəyi istəyən müğənniləri aparıb ifa etdirir. Hamı da bilir ki, nə nədir, kim kimdir. Görün heç Telmanın tədbirlərində, konsertlərində bir aşıq var? Telman aşıqlara qulaq asmır və əminəm ki, heç bir aşıq onun məclisinə getməz.
- Bəs sizə külli miqdarda pul təklif edilsə, AST Telmanın məclisinə getməzsiniz?
- Mən əsl kişiyəm, sözümdən də dönən deyiləm. Heç vaxt getmərəm. Bu beşgünlük dünyada alçaq olma. Nəsimi tək soyulsan da kişi ol, Babək tək doğrasalar da ətini, öz qanınla yuyulsan da, kişi ol. Şəxsən mən heç kimdən qorxmuram, sözümü də deyirəm. Bunu sosial şəbəkələrdəki yazılardan görmək olur. Təkcə müğənnilərin açarı onun əlində deyil ki, bəzi aparıcıların da açarı ondadır. Ad çəkmirəm, bunu hamı bilir, amma lazım olsa, çəkərəm, kimsə mənə ilişsə. Sözümün ağasıyam. Şou-biznesin açarı Telman İsmayılovun əlindədir. İstədiyi kimi də istifadə edir.
- Bəzi aşıqlar var ki, açıq-saçıq geyinir, şit hərəkətlər edir. Buna münasibətiniz necədir?
- Aşıq abırlı geyinməlidi. Aşıq cins şalvarla mahnı ifa etməz. Qadın xanəndə muğamı çıxıb şalvarla ifa edə bilər? Əlbəttə, olmaz. Yenə deyirəm, aşıq abır-həyasını saxlamalıdı. Əgər nəsə görsəm, yenə sözümü deyəcəm. İncəlik, bər-bəzək qadın üçündür. İşvə-qəmzə, naz kişiyə yaraşmaz.
Yaltaqlanıb ayaqlara sürünmək,
Əqidəsi düz kişiyə yaraşmaz.
- Sizcə səhnədə rəngli müğənnilər çoxdur?
- Niyə demirlər aşıqlar rənglidir, muğam oxuyanlar rənglidir? Belə baxanda aparıcılar arasında da rənglilər çoxdur.
- Bəs Namiqin fanatları çoxdur?
- Həddindən artıq çoxdur. Facebook-da bunun şahidi oluram. Mənə zənglər də çox olur.
- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?
- Təmənnasız da gedirəm toylara. Ansamblımla 3000 min manata, yarım saatı 500-1000 manata gedirəm.
- Yarım saat üçün 1000 manat qonorar almağınız heç inandırıcı səslənmədi...
- Niyə ki, baxır toylara. Röya yarım saata fonoqrama ilə gəlib oxuyub, 4 min manat ala bilir. Gözəl də sənəti var. Mən canlı ifa edirəm. Niyə də baha qiymətə getməməliyəm? "Virtuoz" yarışmasından sonra SMS-lərin siyahısını mənə verdilər. Bir-bir əlaqə saxlayıb minnətdarlığımı bildirirdim. Onların içində Xədicə adında yaşlı bir xanım var idi. Mənə 70 qəpiklik SMS göndərmişdi. Bu yaxınlarda, ayın iyirmi dördündə övladının toyudur, təmənnasız gedib oxuyacağam. Həmin xanım mənim sənətimi sevib. İmkan daxilində göndərdiyi 70 qəpiklik SMS mənim üçün milyondur. Əsas odur ki, məni sevib toylarına dəvət edirlər.
- Prodüseriniz varmı?
- Olub. Əvvəllər 300-400 manat pul verirdim. Getdi ailə qurdu, hazırda heç kim yoxdur. İnanın, mən metroya da düşürəm, şəhərdə də gəzirəm hər yeri. Heç düşünmürəm ki, tanınıram. Bir də görürsən, elələri var ki, beş "axrana" ilə gəzir. Adamın əti tökülür.
- Şou-əhli tez bir zamanda ulduz xəstəliyinə tutulur. Sizcə səbəb nədir?
- Yeddi ildir professional sənətdəyəm. Ulduz göydə olur, yerdə yox. Qaldı, elələri də var ki, özlərinə bər-bəzək verir. Heç kişi də başına rəng qoyar?
- "Şınıx təranələri"nə klip çəkdirmisiniz. Bilirsinizmi həmin melodiyanın bəstəkarı kimdir?
- "Şınıx təranələri" Habil Şınıxlınındı. Hər yerdə də deyirəm, halallığını da almışam.
- Ancaq müsahibələrin birində Habil Şınıxlı sizi tanımadığını deyib...
- Ola bilər, məni tanımaya bilər. Əgər elə deyibsə. Mən maraqlanaram. Axı çox verilişə mən onu çağırmışam. Düzü, çox pis oldum. Bəlkə istəməyib qalmaqal edim, deyə məni tanımadığını deyib?
- Sizi istəmədiyiniz nəyəsə vadar ediblər?
- Olub. Mən də sözümdən dönən insan deyiləm. Tərs insanam, ölərəm, dönmərəm.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Hazırda üç klip çəkdirmişəm. 2013-cü ildə yeni duetlər diskini çıxardacağam. İnşallah, Heydər Əliyev Sarayında solo konsert verəcəm bu il. Mən müasirlik gətirdim bu sənətə.
- Toylarda başınıza maraqlı hadisələr gəlirmi?
- Gədəbəy toyunda tanınmış bir kişi müğənni gəlmişdi. Özü də bir generalın məclisi idi. Necə oldusa, həmin tanınmış müğənnini qoymadılar oxumağa. Mənə dedi, toyu sən idarə elə. Nədir-nədir, kişi "vidində" gəlməmişdi. Ad çəkməyəcəm, çünki bilinir kim özünə bəzək verir. Ümumiyyətlə, belə şeylərə çox pis baxıram.
Bəziləri saç əkdirir, burnunu kəsdirir. Olmaz belə şeylər. Mən özüm də burnumdan əməliyyat olmalıyam, nəfəs ala bilmirəm deyə, amma istəmirəm. Bir aşıq da var, başına xına qoyub. Bu yaxınlarda deyirəm ki, bu nədi qoymusan başına? Üzümə baxır, heç nə demir.
- Sizi qəbul etməyənlər çoxdur. Nəyə görə?
- Mən də bir çoxlarını bəyənmirəm, nə olsun? Üzümə baxıb danışa bilmirlər. İdeal insan hələm-hələm rast gəlinir.
- Müasir şou-biznesdə özünüzə hansı titulu verərdiniz?
- Nadir əjdahadırsa, mən də şir-pələng adını özümə verirəm. Çünki məni namərd vura bilməz.
Min il bundan sonra gələn nəvələr,
Gəlmişik, getmişik, nə biləcəklər.
Yadigar qalmalı onlara bizdən,
Biz nələr etmişik, nə biləcəklər.
- Ürəkdən haçan ağlamısınız?
- Haqsızlığı görəndə ağlamışam.
- Həyatda köməyinizə ən çox kim çatıb?
- Allahdan başqa heç kim köməyimə çatmır. Mən özüm seyid nəvəsiyəm.
- Özünüzə nəyi bağışlaya bilmirsiniz?
- Kiməsə yaxşılıq edirəm, mənə qarşı namərdlik göstərir.
- Kimdən halallıq istəyərdiniz?
- Aşıq Ədalətdən, bir də atamdan almışam halallığı.
- Ən böyük arzunuz nədir?
- Həccə getmək istəyirəm. İnşallah qismət olar. Ad almaq istəyirəm, sənətimin qiymətləndirilməyini istəyirəm. Pulla yox, sənətimlə.
Müasir dövrdə çox şeylər alınıb-satılır. Lakin elimizin belə bir məsəli var: "Hədiyyə satılmaz". Odur ki, gəlin ulularımızın bizə miras qoyduğu, özündə ən yüksək sənət nümunələrini və insani dəyərləri yaşadan aşıq sənətini qoruyub saxlayaq və toxunulmaz şəkildə bizdən sonra gələn nəsillərə ötürək.
Şəlalə kənarında görüşənədək...
Şəlalə Nəriman
O.M.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































